Bank jurnalistləri ələ salaraq media inhisarina dəstək verir; Bankin güzəştli kredit kampaniyası ilə bağli reklam firildaq imiş
İki gün öncə bütün xəbər məkanında belə bir məlumat dolaşdı ki, “Bank of Baku” jurnalistlər üçün endirimli kredit kampaniyası elan edir. Xəbərdə deyilirdi ki, 22 iyul Azərbaycan Milli Mətbuat işçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” jurnalistlər üçün endirimli kredit kampaniyası elan edir. “Jurnalist krediti” kampaniyasının şərtinə əsasən, “Bank of Baku” Azərbaycan mətbuat işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində 5%-lik endirimə başlayır. Belə ki, jurnalistlərə yalnız 3 gün ərzində - 22-23-24 iyul tarixlərində “Faizlər tətilə çıxdı” kampaniyası çərçivəsində elan olunmuş 3%-lik endirimə əlavə olaraq 2%-lik peşə bayramı endirimi elan olunurdu. Beləliklə, mətbuat işçilərinə toplam 5%-lik endirim tətbiq ediləcəkdi. Kreditin maksimal məbləği əməkhaqqından və bankla iş tarixçəsindən asılı olaraq 10.000 manat təşkil edirdi. Müddət 24 aya qədərdir. Daha öncə “Bank of Baku”dan kredit almış və müsbət kredit tarixçəsi əldə etmiş media nümayəndələri bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə faydalana bilər. Jurnalistlərə 5%-lik endirim “Bank of Baku”nun bu günə kimi müxtəlif peşə sahiblərinə etdiyi kredit güzəştləri arasında ən böyük endirim kimi təqdim edilirdi... Necə deyərlər, bankın avazı yaxşı gəlirdi. Amma… Amma Gündəm Xəbər qəzetiin birdən-birə iki əməkdaşı bankın bu vədinin yalan olduğunu üzə çıxarıb. Belə ki, bankdan biri 4-5 min, digəri isə 1-2 min manat (daha 10 min manat yox!) endirimli kredit almaq istəyən, bu məqsədlə bu gün - iyulun 23-də səhər saatlarında onun “Neftçilər” və “Əhmədli” filiallarına müraciət edən iki əməkdaşımız “Bank of Baku”nun vəd, daha doğrusu, elan etdiyi şərtlərinə əməl etmədiyini üzə çıxarıb. Bankdan əməkdaşlarımıza son cavabları bu olub ki, sizə kredit düşmür. Səbəb? “Bank sizin təmsil etdiyiniz media qurumunu tanımır”. Əməkdaşlarımızın iş yerindən banka təqdim edilmək üçün aldıqları möhürlü-ştamplı arayışlar (vəzifə, staj və maaş göstərilməklə) da müdrik bankirləri qane etməyib. Buna da bəhanə tapıblar: “Mətbuat Şurasının bizə təqdim etdiyi siyahıda adınız yoxdur”. Əməkdaşlarımız ali savadlı bank işçilərinə uzun-uzadı başa salmağa çalışıblar ki, əvvəla, sizin şərtlərdə staj barədə heç bir tələb qoyulmayıb, ikincisi isə Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçən və təbii ki, qanuni fəaliyyət göstərən qəzetə digər bir şərtin qoyulması məntiqsizlikdir. Amma bunun da faydası olmayıb. “Sizə kredit verə bilmərik. Sizə uzağı 1000 manat kredit düşür, daha endirimli kredit yox” - ali savadlı bankirlərin cavabı bu olub. 1000 manatlıq krediti isə jurnalist olmadan da almaq olar. Təbii ki, yüksək, daha doğrusu, çox yüksək faizlə. Burada “Bank of Baku”nun devizi-şüarı da yerində səslənir: “Sizə yaxın bankçılıq”. Sizə, yəni cibinizə yaxın. Xatırlatmaq yerinə düşər ki, avtobuslardakı cibgirlər də məhz onlara ən yaxın məsafədə olanları soyub-talayırlar. Amma bu, sonrakı söhbətin mövzusudur. Sözügedən bankın rəsmi soyğunçuluq demək olan faizləri barədə sonra yazacağıq. Hələliksə onu deyək ki, hər iki əməkdaşımızın göstərilən maaşı krediti ödəməyə kifayət edəcək qədər idi. Bir əməkdaşımızın bankla iş tarixçəsi kredit götürməyə imkan verəcək şəkildə, yəni müsbət idi. Sadəcə olaraq kredit vermək istəmədilər. İndi sual olunur: bəs “Bank of Baku” nədən belə cuşa gəlib jurnalsitlərə endirimli kredit vermək eşqinə düşdü? Səbəb ortadadır: “Bank of Baku” rəhbərliyi bununla özünü dövlət başçısına şirin satmaq istəyib. Görünür, bank rəhbərliyi prezidentin 155 evsiz jurnalistə mənzil verməsini eşidib, özünü ortaya atıb ki, cənab president, baxın, biz də varıq, biz də sizin yolunuzla gedir, mətbuata xeyirxah münasibət bəsləyirik, onlara hətta asan şərtlərlə kredit də veririk... İş əmələ gələndə isə min cür əngəl ortaya çıxır: Bakı qeydiyyatı, staj, iki nəfərin zaminliyi, biz sizi tanımırıq, gəlin tanış olaq, filan… Bunlar isə mətbuatı ələ salmaqdan başqa bir şey deyil. …“Bank sizin təmsil etdiyiniz media qurumunu tanımır” - bankın əməkdaşlarımıza cavabı belə idi. Prezident İlham Əliyev isə hətta heç daimi iş yeri də olmayan, deməli, iş yerindən arayış da almayan 4 müstəqil jurnalistə mənzil verdi. Nədir, yoxsa “Bank of Baku” rəhbərliyi daha ağıllı və tədbirli çıxıb?!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?