ATƏT-in Bakı ofisi statusunun daralması Payızda keçiriləcək mühüm prezident seçkiləri ərəfəsində Azərbaycanın təşəbbüsülə ATƏT-in Bakıdakı ofisinin mandatı Layihə Koordinatoru statusu ilə əvəzlənib. ATƏT-in fəaliyyətdə olan sədri cümə günü Vyanada təşkilatın Daimi Şurası tərəfindən qəbul edilən qərarı alqışlayıb.
“ATƏT-in Bakıda Layihələr Koordinatoru mandatının təsdiqi ATƏT-lə Azərbaycan arasında təşkilatın prinsip və öhdəliklərinin həyata keçirilməsinə yönələn əməkdaşlığın davam etdirilməsində mühüm addımdır”, - Ukrayna xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojaranın iyulun 26-da verdiyi bəyanatında deyilir.
Müxalifət dairələrində hesab edirlər ki, ATƏT-in Bakı ofisilə bağlı qərar qarşıdan gələn prezident seçkiləri ərəfəsində nüfuzlu təşkilatın təsir imkanlarını məhdudlaşdırmaq istəyindən irəli gəlir.
Uzunmüddətli qərar
2010-cu il parlament seçkilərində namizəd olmuş Bəxtiyar Hacıyev hesab edir ki, bu addım yalnız seçkilər deyil ondan sonrakı dövrə də hesablanıb.
BBC Azərbaycancaya müsahibəsində Müsbət Dəyişiklik gənclər hərəkatının həmtəsisçisi deyib ki, Azərbaycan xarici təsirə boyun əymədiyini nümayiş etdirmək istəyir.
“Neft pulları sayəsində özünə inamı artan Azərbaycan beynəlxalq təşkilatların işini çərçivəyə salmaq istəyir. Bakı ofisinin mandatının dəyişdirilməsi həmin bu istəyin təzahürüdür”.
Gənc fəalın sözlərinə görə demokratikləşmə, insan haqları, siyasi və ifadə azadlıqları baxımından ATƏT ofisinin statusunun daralması ümümi vəziyyətə mənfi təsir göstərəcək.
Bu arada Azərbaycanın Xarici İşlər Nazirliyi cümə günü Vyanada qəbul olunmuş qərarı Bakı ofisinin səlahiyyətlərinin daralması kimi görmür.
Status
“Burada söhbət ATƏT-in Bakı ofisinin statusunun aşağı salınmasından getmir. Bu statusunun dəyişdirilməsidir”, XİN nümayəndəsi Elman Abdullayev APA agentliyinə bildirib.
ATƏT ofisinin statusunun dəyişdirilməsi üzrə mart ayında irəli sürülən Bakının təşəbbüsü ABŞ və Avropa İttifaqının soyuq reaksiyasına səbəb olmuşdur.
Martın 14-də ATƏT-in Daimi Şurasında ABŞ nümayəndəsi Christopher Robinson missiyanın mandatına “hörmət”lə yanaşılmasının Azərbaycanın “maraqlarına” uyğun olduğunu deyib.
Təşkilata daxil olan eyni hüquqlu 57 ölkənin leqal cəhətdən icbari olmayan qərarları konsensus əsasında qəbul edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?