Məlum olduğu kimi, Vergilər Nazirliyi Rüstəm İbrahimbəyovun başçılıq etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqında apardığı yoxlama əsasında cinayət işi qaldırıb. Nazirliyin bununla bağlı 2013-cü ilin yanvarında yaydığı məlumatda deyilir ki, ittifaq 2009-cu ildə XI “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsaitin xeyli miqdarını talayıb, 12373,56 manat məbləğində vergi dövlət büdcəsinə ödənilməyib. Fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin bu maddəsi xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma haqqındadır.
Kinematoqrafçılar İttifaqının festivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndəsi olmuş Lalə Əfəndiyevaya isə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Cinayət Məcəlləsinin bu maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama əməlinin külli miqdarda törədilməsi haqqındadır.
Son günlər Vergilər Nazirliyinin Kinematoqrafçılar İttifaqına və Lalə Əfəndiyevaya qarşı qaldırdığı cinayət işlərini Rüstəm İbrahimbəyovun əleyhinə yönəltməyə çalışdığı, İbrahimbəyova cinayət işinin açılmasına, hətta onun həbs edilməsinə hazırlıq getdiyi haqda məlumatlar yayılır.
“Media forum” saytı bu məlumatlarla əlaqədar Vergilər Nazirliyinə bir neçə sualla müraciət edib.
Nazirliyin analitik-informasiya şöbəsindən “Media forum” saytının suallarına verilən yazılı cavablarda bildirilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında Lalə Əfəndiyevadan başqa heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.
“Media forum” saytının “İstintaq Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyovun iş üzrə ifadəsini almağa cəhd göstəribmi, ona hansısa ittihamlar irəli sürülübmü” sualına Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən cavab belə olub: “Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov iş üzrə ifadəsi alınması üçün istintaqa dəvət edilməyib, ona qarşı heç bir ittiham irəli sürülməyib”.
İstintaqın nə vaxt bitəcəyinə gəlincə, analitik-informasiya şöbəsi bunun istintaqın gedişindən asılı olduğunu vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?