Etibar Əliyevin azadlığa çıxmasının sirləri açılır
gundemxeber.az Qalmaqallı «Texnikabank» ASC, sahibinin ardınca adını da dəyişib. Bank bundan sonra «Texnik bank» adlanacaq. Bu barədə «Azpolitika.info»-ya bankdakı etibarlı mənbədən məlumat daxil olub. Mənbənin sözlərinə görə, hazırda bankın adının dəyişməsi ilə bağlı bütün sənədlərdə, kredit müqavilələrində dəyişikliklər aparılır. Maraqlıdır ki, bankın adının dəyişdirilməsilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Mənbə bunun səbəbi ilə bağlı dəqiq məlumata malik olmasa da, ehtimal edir ki, məsələnin arxasında bankın sahibinin dəyişməsi ilə bağlı ictimai müzakirələrin yenidən açılmasına rəvac verməmək dayanır. Qeyd edək ki, “Texnikabank”ın faktiki sahibi kimi hakimiyyətdəki qüdrətli «Naxçıvan klanı»nın ən parlaq nümayəndələrindən birinin adı çəkilirdi. Bankın himayəçisinin isə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev olduğu bildirilirdi. Maliyyə-bank sektoruna mütləq nəzarəti həyata keçirən «Paşayevlər»in bu ilin əvvəlində «Naxçıvan klanı»nın nəzarətində olan bu banka sahibləndiyi haqda iddialar var. Elə bu ilin aprelində «Texnikabank» Müşahidə Şurasının sədri Etibar Əliyevin həbs edilməsi də bununla bağlanır. Qeyd edək ki, Etibar Əliyevin həbsindən sonra bankın Müşahidə Şurasının və İdarə Heyətinin bütün üzvləri dəyişdirildi. Bankın rəhbərliyinə ictimai dairələrdə «Paşayevlər»in kadrı kimi tanınan şəxslər gətirildi. Bu da bankın sahibinin dəyişməsilə bağlı məlumatları bir növ təsdiqlədi. Son fakt - bankın adının «Texnik bank»a çevrilməsi isə artıq buna şübhə yeri qoymadı. Diqqəti çəkən məqamdır ki, bankın adının dəyişdirilməsi «Texnikabank» Müşahidə Şurasının sabiq sədri Etibar Əliyevin həbsdən azad olunması ilə eyni dövrə düşür. Bu Etibar Əliyevin bankdakı bütün paylarını təhvil vermək şərti ilə azadlığa buraxılması ehtimalını yaradır. Yoxsa nə oldu ki, 8 ay həbsdə saxlandıqdan sonra Etibar Əliyev heç nə olmamış kimi azad edildi?...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?