Ekspertlər AXCP sədrinin həyatına sui-qəsd planının hazırlana biləcəyini istisna etmirlər
Rəsmi qurumlar AXCP sədri Əli Kərimliyə qarşı hazırlanan yeni təxribat barədə susur. Xatırladaq ki, Əli Kərimlinin “Azadlıq”a bildirdiyinə görə, avqustun 9-da naməlum şəxslər onu mənzilinə daxil olublar: “Bir neçə gün bundan əvvəl də ailəliklə evdə olmadığımız vaxt qapılarımızın kənar şəxs tərəfindən açılmasının əlamətlərini gördük.
Hadisə qısa müddətdə iki dəfə təkrarlandığından qərara gəldim ki, bu barədə ictimaiyyəti məlumatlandırım. Çağırılmamış qonaqların evdə olmadığımız zaman mənzilimdə nə etdiklərini bilmirəm. Amma əminəm ki, bu adamlar xüsusi xidmət orqanları ilə bağlı olub və baş verənlər mənim siyasi fəaliyyətimlə bağlıdır”.
AXCP sədrinin bu açıqlamasına rəsmi qurumlar tərəfindən hələlik heç bir reaksiya verilməyib.
Bəs çağırılmamış qonaqlar hansı səbəbdən Əli Kərimlinin mənzilinə daxil olublar? İlk ağlagələn odur ki, məqsəd AXCP sədrini nəzarətdə saxlamaq üçün mənzilə xüsusi qurğular yerləşdirmək olub. Lakin başqa versiyalar da var. Təhlükəsizlik ekspertləri hesab edirlər ki, yalnız mənzilə xüsusi qurğular yerləşdirilməsinə fokuslaşmaq doğru deyil. Mümkündür ki, Əli Kərimliyə sui-qəsd planı hazırlanıb. “Mənzilə insan həyatı üçün təhlükəli olan xüsusi zəhərli maddələr qoyula bilər. Daha doğrusu, həmin maddələri mənzildəki əşyalara sürtə bilərlər. Bu cür maddələr var və praktikada insanların bu üsulla aradan götürülməsinə çox rast gəlinib”, - deyə ekspertlər bildirirlər.
Yeri gəlmişkən, iddia olunur ki, Əli Kərimliyə sui-qəsd planı əvvəllər də olub. Belə ki, bir neçə il əvvəl AXCP sədrini zəhərləmək üçün onun qida rasionunu araşdırmışdılar. Bu araşdırma ailəsinin daimi ərzaq aldığı mağazada aparılmışdı. Əli Kərimli məsələdən xəbər tutub baş verənləri ictimailəşdirdiyinə görə, plan təxirə salınmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?