Avrasiya araşdırmaları və beynəlxalq energetika üzrə tanınmış ABŞ eksperti Ariel Cohen «The National Interest» məcmuəsində Vladimir Putin-in 3-cü prezidentlik müddətində Azərbaycana ilk səfəri barədə yazıb.
Onun fikrincə, Putin bu səfəri ilə Amerikaya sübut etmək istəyib ki, Baltikyanı ölkələri çıxmaqla, keçmiş sovet respublikalarının hamısı Moskvanın imtiyazlı maraq zonasına daxildir.
Amerikalı siyasət bilicisinə görə, ABŞ 2008-ci ildən bəri postsovet məkanındakı mövcudluğuna son qoymağa başlayıb və Əfqanıstanın təchizatı şəbəkəsindən başqa hər şeyi Rusiyanın ixtiyarına buraxıb. Həmin şəbəkə 2014-cü ildən sonra ona gərək olmayacaq.
PUTİN-İN SƏFƏRİ ƏLİYEVƏ DƏSTƏKDİR
Ariel Cohen yazır ki, Putin-in bu səfəri Azərbaycanda prezident seçkilərinə iki ay qaldığı bir zamana təsadüf edib. İndiki prezident İlham Əliyevi dəstəkləmək və iki ölkənin münasibətlərini möhkəmlətmək üçün bundan daha uğurlu bir vaxt tapmaq çətin olardı:
«Əslində, Putin-in də elə bir manevr seçimi yoxdur... Cənubi Qafqazda və Mərkəzi Asiyadakı sabitlik Azərbaycandakı sabitlikdən asılıdır. Vladimir Putin-in nəzərində İlham Əliyev atasının seçdiyi kursun davamçısıdır, ata Əliyevlə isə Rusiya prezidentinin isti münasibətləri olub».
Ariel Cohen düşünür ki, Azərbaycan tammiqyaslı müttəfiqliyə getməsə də, Rusiya ilə partnyorluğu inkişaf etdirir. Onun qatı düşməni Ermənistan da özünü elə bu cür aparır.
Ariel Cohen yazır ki, Putin-lə Əliyev can-ciyər dostdurlar və müxalifət lideri - Rusiya vətəndaşı Rüstəm İbrahimbəyov seçkiyə qatılmasa, İlham Əliyevin növbəti müddətə prezidentliyi təmin edilmiş sayılmalıdır:
Putin hərbi təlimləri izləyir - 2013
«Bütövlükdə Putin-ə daha əlverişlidir ki, Bakı Ankara, Brüssel və Vaşinqtona yaxınlaşmaqdansa, Moskva ilə ikitərəfli münasibətlər qursun».
Təhlilçinin fikrincə, bütün bunlar bir yana, amma Rusiya hələ də Azərbaycanı özünün siyasi-hərbi inteqrasiya strukturlarına – Avrasiya İqtisadi Birliyinə və KTMT-yə darta bilməyib:
«Obama-nın Ağ Evi və Dövlət Departamenti postsovet məkanına marağını itirib və NATO qüvvələri Əfqanıstandan çıxandan sonra bu maraq daha da azalacaq».
Eyni zamanda, Bakı və Moskvanın Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatında daha sıx işbirliyi var. Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı ən böyük ticarət partnyorudur və ötən il «Qazprom»u 1.5 milyard kubmetr qazla təmin edib.
ACGÖZ MOSKVA
Cohen yazır ki, «Azərbaycanın müstəqil enerji ixracatçısı kimi çıxış etməsi və Mərkəzi Asiya enerji ehtiyatlarının Avropaya çıxarılması üçün oynaya biləcəyi tranzit rolu Rusiyanı narahat edir, çünki Moskva Avropa bazarlarına neft və qazın çıxarılmasında baş oyunçu rolunu oynamağa öyrəşib».
«Neft daşları»
Cohen-in fikrincə, Rusiya enerji sektorunda Azərbaycanın malik olduğu kiçicik paya da göz tikib. Dövlət nəzarətindəki neft kərgədanı «Rosneft» «Abşeron» layihəsinə qoşulmağa can atır. Bu, «Rosneft»ə Avropa qaz bazarlarına birdəfəlik çıxış imkanı verəcək və tək rəqib qalacaq – başqa bir Rusiya nəhəngi – «Qazprom». Putin-in Bakıya səfəri zamanı «Rosneft»in rəhbəri Sechin və ARDNŞ-in prezidenti Abdullayev enerji əməkdaşlığı barədə saziş imzalayıblar.
Dağlıq Qarabağ münaqişəsi iki ölkə arasında ən əngəlli məsələ sifətini saxlayır. Putin-in son səfəri bu sahədə, çətin ki, önəmli bir dəyişiklik yarada. O, bircə bunu deyib ki, münaqişə hərbi yox, siyasi yolla çözülməlidir. Bu isə, öz növbəsində, hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən qat-qat çox olan Azərbaycana verilən siqnaldır.
Təhlilçinin qənaətincə, Rusiya uzun sürən münaqişənin çözümü üçün hər hansı yeni təşəbbüsləri müzakirə etməyə həvəs göstərmir.
Obama
Bu, belə bir sadə səbəblə izah olunur ki, Rusiya Cənubi Qafqazdakı siyasi və hərbi varlığını saxlamaqdan ötrü münaqişənin çözülməməsində maraqlıdır.
QARABAĞ YOX, YAXIN ŞƏRQ
Prezident Medvedev-in dördillik intensiv vasitəçiliyindən sonra Moskva iki tərəf arasında «məkik diplomatiyası» aparmaqdan əl çəkib. Bu məqam imkan verərdi ki, Vaşinqton Azərbaycan və Ermənistanla münasibətlərini sıxlaşdırıb, regiondakı rolunu bərpa etsin.
Cohen-in fikrincə, ABŞ bu vəziyyətdən yararlanıb Dağlıq Qarabağ münaqişəsinin birgə həlli üçün Rusiyaya işbirliyi təklif edə bilərdi. Dövlət katibi Kerry də bu münaqişənin həllinin zəruri olduğunu dəfələrlə vurğulayıb. Hələ Senatda olduğu vaxtlardan onun Ermənistanla yaxın münasibətləri və erməni diasporu ilə əlaqələri var.
Lakin belə görünür ki, administrasiya Kerry-nin qiymətli vaxtını daha ambisiyalı, daha əziyyətli və daha uzunmüddətli münaqişəyə - Yaxın Şərqə sərf etmək qərarına gəlib.
«Təəssüf ki, bu, Rusiyaya özünün Cənubi Qafqazdakı nüfuzunu bərpa etməsinə geniş meydan açır» - Cohen belə yazır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?