"Biz hər iki tərəfdən törədilmiş zorakılıqların şahidi olmuşuq. İndi həmin çətin keçmiş, liderlərin bütün bunları bir tərəfə qoyub gələcək üçün müəyyən baxış axtarmalarına mane olur”.
Publika.Az-ın məlumatına görə, bunu “Azadlıq” radiosuna müsahibəsində ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsindəki Amerika nümayəndə heyətinin başçısı, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Robert Bradtke deyib.
R.Bradtke Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk Qrupundakı dörd illik fəaliyyəti ilə bağlı təəssüratlarını da bölüşüb. Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Ceyms Uorlikin son dərəcə təcrübəli diplomat olduğunu deyən keçmiş həmsədr onu “tərəflərə münaqişənin həllinin tapılmasında kömək etməyə qabil bir şəxs” kimi xarakterizə edib. Dağlıq Qarabağ münaqişəsinin çox çətin bir münaqişə olduğunu dilə gətirən R.Bradtke 2012-ci ilə qədər olan müddətdə heç bir irəliləyişə nail ola bilmədiklərini, hətta bir-iki addım gerilədiklərini söyləyib.
Dağlıq Qarabağ münaqişəsinin çözümündə inkişafa nail olunmamasının səbəblərini cənab Bradtke belə izah edir: “Biz unutmamalıyıq ki, bu münaqişə necə başlanıb. 1990-cı illərə qayıtsaq, görərik ki, on minlərlə insan həlak olub. Yüz minlərlə insan qaçqına və köçkünə çevrilib. Biz hər iki tərəfdən törədilmiş zorakılıqların şahidi olmuşuq. İndi həmin çətin keçmiş, liderlərin bütün bunları bir tərəfə qoyub gələcək üçün müəyyən baxış axtarmalarına mane olur. Bu əslində ikinci ünsürdür. Keçmiş haqq-hesabları çürüdə-çürüdə sülhə nail olmaq çətindir. “Mən hər şeyə sahibəm, başqa tərəfə heç nə vermirəm” yanaşması ilə sülh yaratmaq çətindir”.
R.Bradtke müsahibəsində Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun tanınmasının vacibliyini dilə gətirsə də, Azərbaycanın ərazi bütövlüyündən danışmayıb: “Qarabağ xalqı 5, 10, 15, 20 ildə öz gələcəyini müəyyən etmək ehtiyacındadır. Həmsədrlər Qarabağ xalqına öz müqəddəratını təyin etmək hüququnun tanınmasının vacibliyini "Böyük səkkiz"lərin 2009-cu il sammitindən bu yana öz bəyanatlarında bildiriblər. Münaqişənin həlli üçün lazım olan 6 elementdən biri Qarabağın yekun statusunun xalqın iradəsi ilə müəyyən edilməsidir. İkinci məsələ budur ki, Ermənistan Dağlıq Qarabağı əhatələyən 7 rayonun Azərbaycana qaytarılması zərurətini tanımalıdır. Yəni bu, ermənilərinki deyil. Beynəlxalq icma bu əraziləri Ermənistan və Qarabağ kimi qəbul etməyəcək. Bu ərazilər qayrtarılmalıdır və təəssüf, münaqişə həlsiz qaldıqca, mən belə bir təsəvvürü tez-tez baş çəkdiyim Qarabağın özündə də hiss etmişəm ki, nəsə bu ərazilər qaytarılmaya da bilər. Bu Qarabağ tərəfinin, Ermənistan tərəfinin razılaşması və qəbul etməsi üçün çox çətin bir məsələdir”.
Sorğu
Yeni dizaynımız necədir?