Ceyms Uorlikin açıqladığı 6 prinsipi tənqid edənlərə cavab verilir
Dağlıq Qarabağ münaqişəsinin 3 həlli yolu var. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin bəyanatında deyilir. Bəyanatda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqladığı 6 prinsipi tənqid edənlərə cavab verilir. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ya danışıqlar davam etdirilməli, ya mövcud status-kvo razılaşdırılmalı, ya da müharibə olmalıdır. “Ceyms Uorlikin bəyanatını tənqid edənlər başa düşməlidirlər ki, münaqişənin nizamlanması üçün aparılan danışıqların nəticəsi Azərbaycan və Ermənistan tərəflərinin kompromisə getməsindən asılıdır. Əgər tərəflər sona qədər öz maraqlarına uyğun hərəkət etsələr, o zaman münaqşənin həll olunması üçün hələ çox gözləyəcəklər”, deyə bəyanatda bildirlir. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Karnegi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" adlı məruzə ilə çıxış etmişdi. Amerikalı həmsədr hesab edir ki, istənilən sülh sazişinin əsasında aşağıdakı altı element olmalıdır:
1. Dağlıq Qarabağın aralıq statusu müvəqqəti xarakter daşımalıdır. Tərəflər gələcəkdə uyğunlaşdırılmış və öz iradəsini hüquqi baxımdan ifadə etmək vasitəsi ilə bölgənin yekun hüquqi statusunu müəyyən etməkdə tam qətiyyətli olmalıdırlar.
2. Bakı tərəfindən hazırda nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin sərhədləri çərçivəsində ərazilərə ən azı təhlükəsizliyi və özünü idarəetməni təmin edən aralıq statusu verilməlidir.
3. Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır və bu rayonlar üzərində Azərbaycanın müstəqilliyi bərpa olunmalıdır. Bu ərazidə Azərbaycanın suverenliyini pozan heç bir yaşayış məntəqəsi olmamalıdır.
4. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizi saxlamaq lazımdır. O, təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin bütün Laçın rayonunu əhatə etməməlidir.
5. Uzunmüddətli sülh müqaviləsi bütün qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu etiraf etməlidir.
6. Sülh sazişi beynəlxalq təhlükəsizlik zəmanətini təmin etməlidir, o cümlədən sülhməramlı fəaliyyət daxil olmaqla mənsub olduğu bütün tərəflər arasında etimad olmalıdır.
Sorğu
Yeni dizaynımız necədir?