Əli Kərimli “Media forum” saytına açıqlamasında deyib ki, ATƏT seçkiyə rəsmi qiymət vermək üzrə beynəlxalq aləmdə mandatı olan yeganə təşkilatdır: “ATƏT-in müşahidə missiyası prezident seçkisinin beynəlxalq standartlara və Azərbaycanın dünya ictimaiyyəti qarşısında öz üzərinə götürdüyü öhdəliklərə uyğun olmadığını, müşahidə aparılmış məntəqələrin 58 faizində səslərin pis və ya çox pis sayıldığını açıqlayıb. Belə bir rəy verilməsi o deməkdir ki, beynəlxalq müşahidəçilər seçkinin nəticələrini legitim hesab etmirlər. Bu, çox düzgün qiymətdir. Ona görə də bu, Azərbaycan hakimiyyətini əsəbiləşdirib, hökumətə yaxın media təmsilçiləri tam heyətlə ATƏT-in müşahidə missiyasının mətbuat konfransına gediblər, orada dava salmağa başlayıblar, dözümsüzlük göstərib brifinqi pozublar. Bu onun sübutudur ki, ATƏT-in rəyi situasiyaya adekvatdır.
Azərbaycan hökuməti əvvəlki seçkilərdə beynəlxalq birliyi aldatmağa nail olurdu. Əvvəlki illərdə hökumət həm saxtakarlıq edirdi, həm də beynəlxalq birlikdən guya bu seçkilərin demokratiya istiqamətində bir addım olmasına dair rəylər ala bilirdi. Biz beynəlxalq aləmin bu formada aldanmasını həmişə təəssüflə qarşılayırdıq. Görünür, artıq bu mərhələ də keçib. Necə deyərlər, hamını hər vaxt aldatmaq mümkün deyil. Artıq sübut olundu ki, Azərbaycan hökuməti ciddi beynəlxalq təşkilatları aldada bilmir. Amma Azərbaycan xalqının bir hissəsini hələ də aldadır. Çünki müxtəlif ölkələrdən pulla, muzdla, keçmişdə müəyyən dövlət vəzifələrini tutmuş adamları gətirib onları rəsmi müşahidəçi kimi təqdim edirlər. Amma onlar rəsmi müşahidəçi deyillər. Onların mövqeyi, rəyi heç nəyi həll etmir. Bütün dünya ATƏT-in rəyinə baxacaq və bu təşkilatın rəyi prezident seçkisinin rəsmi nəticələrini alt-üst etdi. Ona görə də baş verənlər bir daha onu göstərir ki, artıq hakimiyyətin mahiyyəti təkcə Azərbaycan xalqına deyil, dünya birliyinə də aydınlaşıb. Beynəlxalq aləmin bundan sonra Azərbaycan hökumətinin saxtakarlıqlarını ört-basdır etmək niyyəti yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?