“ATƏT-in həm ilkin hesabatı, həm də bu gün açıqlanan ilkin rəyi tamamilə qərəzlidir. ATƏT-in belə hesabat hazırlayacağı bizə əvvəldən tam məlum idi. Çünki onlar hesabatlarını hazırlayıb gəlmişdilər. Burada ayrı-ayrı qrupların və qurumların maraqları əks olunur. Bu hesab deyil. Digər beynəlxalq qurumların hamısı Azərbaycanda azad, ədalətli, demokratik seçkilərin keçirildiyini bəyan edib. O cümlədən ayrı-ayrı ölkələrin parlamentindən gələnlər Azərbaycanda azad və ədalətli seçki keçirildiyini deyir”. Hakim Yeni Azərbaycan Partiyasının liderlərindən olan deputat Siyavuş Novruzov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkisi ilə bağlı ilkin rəyinə belə münasibət bildirib.
Siyavuş Novruzov “Media forum” saytına deyib ki, ATƏT-in hesabatı müxalif qəzetlərin yazdığı məlumatlar əsasında formalaşan bir sənəddir.
Oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının Azərbaycandakı prezident seçkisi ilə bağlı ilkin rəyini açıqladığı mətbuat konfransı yarımçıq dayandırılıb. “Mətbuat konfransında dava düşüb. İştirakçılar Yeni Azərbaycan Partiyasının təmsilçiləri olub. Bunu necə qiymətləndirirsiniz” sualını Siyavuş Novruzov belə cavablandırıb: “Onlar sual vermək istəyib, şərait yaradılmayıb. Bunun özü də qeyri-demokratik işdir. “Azadlıq” qəzeti, “Azadlıq” radiosunun və digər mətbuat orqanlarının nümayəndəsinə şərait yaradılır, başqa sual vermək istəyənlərə şərait yaradılmır. Hamıya bərabər şərait yaradılmalıdır. Özləri bərabər şəraitdən danışır, amma bunu tərsini edirlər”.
ATƏT-in rəyi prezident seçkisinin beynəlxalq aləmdə legitimliyini şübhə altına almazmı? Siyavuş Novruzovun suala cavabı belə olub: “Qətiyyən yox. Dünya ölkələrinin prezidentləri ardıcıl şəkildə Azərbaycan prezidentini böyük səs çoxluğu ilə yenidən seçilməsi münasibətilə ürəkdən təbrik edirlər. Bu proses davam edəcək. ATƏT həmişəki kimi bu dəfə də Azərbaycana qarşı qərəzli mövqe ortaya qoydu. Hesabatda ancaq Yeni Azərbaycan Partiyasının namizədi ilə bağlı məqamlar göstərir, digər namizədlərin heç biri haqqında hesabatda heç nə yoxdur. İlkin hesabatda da belə idi. 23 günlük təbliğat-təşviqat kampaniyası zamanı Yeni Azərbaycan Partiyası 2600-ə yaxın görüş keçirib. 23 gün ərzində Milli Şuranın cəmi 14 görüşü olub. Niyə ATƏT sual vermir ki, 14 görüşlə prezident seçmək olar? Özü də namizədləri Cəmil Həsənli də populyar deyil, seçicilərin əksəriyyəti onu tanımır. ATƏT-in hesabatında on dənə yanaşma tərzini göstərə bilərəm ki, hamısı qərəzlidir”.
Sorğu
Yeni dizaynımız necədir?