Gələn il vəzifəsindən alınacaq məmurlar arasında onun da adı olacaq
gundemxeber.az "Meliorasiya və Su Təsərrüfatı" Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin başı dərddədir. Adı ölkə mediasında hər zaman qalmaqallı məsələlərdə hallanan Əhmədzadənin işləri son vaxtlar düz getmir. Belə ki, son aylar mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli pisləşib və bu sahənin maddi-texniki bazası gücləndirilmək əvəzinə, zəifləyib. Buna görə də dövlətin rəsmi şəxsləri onun fəaliyyətindən xeyli narazı qalıblar. Xatırladaq ki, ASC-nin fəaliyyəti şəffaf olmadığından sözügedən qurumda ötən il külli miqdarda yeyinti halına yol verilmişdi. Mütəxəssislərin hesablamalarına görə, 2004-2011-ci illərdə dövlət büdcəsindən (2010-cu ildə ayrılan əlavə vəsaitlər nəzərə alınmır) adıçəkilən ASC-yə 1,1 mlrd. manat (2004-cu ildə 39,4 mln AZN, 2005-ci ildə 48,6 mln, 2006-cı ildə 67,3 mln, 2007-ci ildə 141,1 mln, 2008-ci ildə 153,3 mln, 2009-cu ildə 199,2 mln, 2010-cu ildə 205,8 mln və 2011-ci ildə 219,2 mln) vəsait ayrılıb. Bütün bu vəsaitlərdən sonra ölkədə su balansı normal vəziyyətdə saxlanmalı idi. Amma reallıq onu göstərir ki, Ə.Əhmədzadə vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. ASC rəhbərinin yaşı və səhhətində yaranan problemlərlə əlaqədar istefaya göndəriləcəyi də bir ara çox danışıldı. Hələ ki, bundan bir səs-soraq yoxdur. Dünən əldə etdiyimiz məlumata görə isə, ASC-nin Salyan regional şöbəsinin müdiri Bulat Ağabəyovun gördüyü bəzi işlərin üstü açılıb və bu Ə.Əhmədzayə qarşı böyük zərbə ola bilər. İlk olaraq məlum olub ki, Ağabəyovla Şəfa Məmmədova adlı qadın arasında münaqişə baş verib. Bu hadisədən sonra qadın ondan incik düşüb. Üzə çıxan başqa bir məlumat isə Bulat Ağabəyovun karyerasının sonu ola bilər. Çünki bu dəfə məsələ daha ciddidir. Bəzi mənbələrin iddiasına görə, Bulat Ağabəyov hakimiyyətə əks qüvvələrə maliyyə yardımları edib və bu məsələnin üstü də məlum təftiş olayından sonra açılıb. İddialara görə, regional şöbənin rəisi uzun müddət bu yardımları gizlətməyi bacarsa da, sonda atdığı bir addım işləri korlayıb. Belə ki, o, müxalifət nümayəndələrindən birinə restoran bağışlayıb və bu da onun "qara siyahıya" düşməsinə gətirib çıxarıb. Məsələdən xəbər tutan səbəbkar isə ölkədən qaçmağa cəhd edib. Məlumatda o da deyilir ki, B.Ağabəyovun karyerası artıq sual altındadır. Çünki rəsmi qurumlar bu olayla bağlı Bakıya məlumat verərək, onlardan tədbir görmələrini istəyib. Şöbə müdirinin həyata keçirdiyi qanunsuz işlərdə Ə.Əhmədzanənin də adını hallandırması ASC rəhbərini çətin sınaq qarşısında qoyub. Yayılan məlumatlara görə, Ağabəyov kimi bir insanı Salyan regional şöbəsinə müdir təyin edən Ə.Əhmədzadədən bunun hesabı artıqlaması ilə sorulacaq və bir neçə aydan sonra cərəyan edəcək proseslərin fonunda, yəni 2013-cü ildə "vurulacaq" məmurlar arasında ASC rəhbəri də olacaq. Deyilənlərə görə, Ağabəyovun özbaşınalıqları qanunla öz təsdiqini taparsa, cənab Əhmədzadə də istintaqda dindiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?