Səhiyyə sistemində həkim səhlənkarlığının yol açdığı ölümlərin artması, bunun ictimai rəydə ciddi rezonans və təpkilər doğurması da qısa müddətdən sonra Oqtay Şirəliyev üçün eyni karyera sonluğuna gətirib çıxara bilər
Son günlər Azərbaycanda həkim səhlənkarlıqları ucbatından səs-küylü ölüm halları, digər arzuolunmaz nəticələrə gətirib çıxaran hallar artıb. Cəmiyyətdə ciddi rezonans doğuran, narahatlıqlara yol açan belə faktların artması, eyni zamanda səhiyyə sahəsindəki çatışmazlıqları və bu sahəyə məsul naziri və nazirliyi də iradların hədəfinə çevirib. Təkcə onu xatırladaq ki, qısa fasilələrlə son bir ayda iki jurnalistin ailəsində itki yaşanıb. Onlardan biri jurnalist Anar Nİftəliyevin xanımı, Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı, digəri telejurnalist Afət Telmanqızının qardaşı Anar Cəfərovun həyat yoldaşı Pərvinə Hüseynovanın ölümüdür. Hər iki halda ailələr həkim səhlənkarlığını əsas gətirir. Bundan başqa, bir neçə gün əvvəl Qubanın Amsar kəndində yaşayan Zərbəliyevlər ailəsi 6 yaşlı övladlarının həkim səhlənkarlığı ucbatından lal-kar olduğunu bildirərərək, uşağın müailicəsində dövlət qurumlarından kömək istəyiblər. Qədir Zərbəliyev 6 yaşlı nəvəsi Rəvanın həkim səhvi səbəbindən danışıq və eşitmə qabilliyyətini itirdiyini deyib. Onun sözlərinə görə 2010-cu il mart ayının 11 də Rəvan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qasıx yırtığından həkim Nurəddin Abdurrzayev tərəfindən əməliyyat edilib. Əməliyyatdan 2 ay sonra uşağın lal-kar olduğunu müşahidə ediblər. Bu faktı paytaxtdakı özəl kilinikalarda və Ə.Qarayev adına respublika uşaq xəstəxanasında da təsdiq ediblər. Təxminən, iki ay əvvəl isə Azərbaycanda 6 yaşlı uşaq ilan vurması nəticəsində ölüb. Burada da səhiyyə sistemimizdəki çatışmazlıq öz sözünü deyib. Belə ki, Salyan rayonunun Şəkərli kəndində 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovanı yaşadığı evin həyətində oynayarkən ilan vurub. Balaca qızcığacı dərhal Salyan Mərkəzi Xəstəxanaya çatdırıblar, lakin orda zərdab olmadığından Bakı şəhərinə göndəriblər, nəticədə isə bütün səylərə baxmayaraq onun xilas etmək mümkün olmayıb. Analoji hadisə daha əvvəl Ağdaş, Ucar, Sabirabad, Zaqatala və Azərbaycanın digər rayonlarında baş verib. Ümumiyyətlə, ictimai rəydə Azərbaycanda həkim səhlənkarlığı nəticəsində faciəi və xoşagəlməz halların yaşanması xeyli adiləşib, əksəriyyət Azərbaycanda həkim diaqnozlarına etibar etmir. Səhiyyə sahəsinə külli miqdarda vəsait ayrılmasına rəğmən belə bir mənzərənin yaranması isə, əlbəttə, ürək ağrıdır və təcili müdaxilə tələb edir. Xüsusən səhiyyə naziri Oqtay Şirəliyev son vaxtlar həkim səhlənkarlıqlarının çox sayda ölüm faktlarına və digər neqativ hallara yol açmasına birbaşa münasibət bildirməli, vəziyyətə müdaxilə edərək bu durumun davam etməsinin önünə keçilməsi üçün zəruri addımların atılmasına göstəriş verməlidir. Əks halda bəzi ekspertlər bunun Şirəliyev üçün ciddi başağrısı yaradacağını istisna etmir və sabiq müdafiə naziri Səfər Əbiyevin taleyini misal göstərirlər. Belə ki, orduda geniş yayılan əsgər ölümləri və bunun cəmiyyətdə yol açdığı narazılıqlar, etirazlar keçmiş müdafiə nazirinin yeni hökumət kabinetindən kənarda qalmasının əsas səbəbi kimi göstərilir. Və istisna olunmur ki, indi səhiyyə sistemində həkim səhlənkarlığının yol açdığı ölümlərin artması, bunun ictimai rəydə ciddi rezonans və təpkilər doğurması da qısa müddətdən sonra Oqtay Şirəliyev üçün eyni karyera sonluğuna gətirib çıxara bilər. Hesab edilir ki, səhiyyə naziri yenidən bu posta təyin edilməsinə arxayın olub, hələ xeyli müddət vəzifəsində qalacağına ümid edərək yaranmış problemlə bağlı təcili və təsirli addımlar atmağa yubanmamalıdır. Çünki təcrübədə 2003-cü il prezident seçkilərindən sonra hökumət kabinetinin tərkibində saxlanılan o vaxtki rabitə naziri Nadir Əhmədovun heç bir il keçmədən postundan uzaqlaşdırılması nümunəsi vardır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?