Gundemxeber.az » Manşet » Çağrı mərkəzləri şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə üçündür, yoxsa?
“Qaynar xətt”lərin zəngləri cavablandırmama “xidməti” ödənişlidir
Çağrı mərkəzlərinin təşkilinin kökündə korrupsiyaya qarşı mübarizənin effektivliyi dayanır və başlıca məqsədi , təyinatı dövlət orqanlarında qanunçuluğun təmin edilməsi, şəffaflığın artırılması , müraciətlərin obyektiv araşdırılması, birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 05.09.2012 tarixli “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015 -ci illər üçün Milli Fəaliyyət Planı”na dair Sərəncamına əsasən , 25.02.2015 tarixli 50 saylı qərarla “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nı doğrulayıb. Sözügedən qaydaların sahibkarların müdafiəsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə , rabitə və informasiya texnologiyalarının inkişafı haqqında aktlara uyğun hazırlanması və dövlət orqanlarında çağrı mərkəzlərinin, telefon məlumat xidmətinin, qaynar xətlərin , etimad xətlərinin – Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı tələbləri müəyyən etməsi birinci bənddə əks olunub. Di gəl, dövlət orqanlarının böyük çoxluğu qaydalardakı tələblərə əməl etmir və bununla dövlətin vətəndaşların qanunsuz basqılardan qorunması , məmnunluğunun təmin edilməsi, korrupsiyaya qarşı mübarizə siyasətinə kölgə salırlar. Ən başlıcası, Qaydaların 2.1 bəndi Çağrı Mərkəzinin müraciətlərin qəbulunu və cavablandırılmasını ÖDƏNİŞSİZ həyata keçirməsini doğrulasa da, müraciət edənlərdən “telefon zəngi (danışığı yox! ) haqqı” tutulur. Bəli, bəli, bağlantıya cavab verilmədən, danışmadan, sadəcə Çağrı Mərkəzinin nömrəsini yığmağa görə ödəniş tutulur.
Başına gələn başmaqçı olar, deyib dədələrimiz. Bir ay öncə -21.10.2021-ci ildə baş prokurorluğun 961 Çağrı Mərkəzinə zəngi, ha çağırsa da , 25 dəqiqə müddətində götürən olmadı və. .. balansdan anında Bakcell operatoru 2 manatı sildi. Bu necə olur, danışmaya – danışmaya , xidmət göstərilməyə - göstərilməyə danışıq, xidmət haqqı tutulur? Bunun nəyi qaynar xətt xidmətidir? Bəs ,axı, NK-nın sözügedən qaydalarında qəbul edilən və cavablandırılan müraciətlərin ödənişsiz olması, 2.11 bəndində Azərbaycan Respublikasında BÜTÜN SABİT VƏ MOBİL TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNDƏN Çağrı Mərkəzinə BİRBAŞA YIĞIMLARIN TƏMİN OLUNMASI doğrulanıb! Birbaşa bağlantı , bəyəm, zəngi qəbul etməyib ödəniş tələb etməkdir? Onu da vurğulayaq ki, hələ də baş prokurorluğun 961 Çağrı Mərkəzindən əks əlaqə saxlanılmayıb . Qaydaların 2.10 bəndində isə doğrulanıb ki, MÜRACİƏT EDƏN ŞƏXS 10 SANİYƏDƏN ÇOX GÖZLƏYİB DƏSTƏYİ ASDIQDA (ZƏNG İTİRİLDİKDƏ ) və təkrar zəng etmədikdə, GÜN ƏRZİNDƏ ONUNLA ƏKS ƏLAQƏ YARADILARAQ XİDMƏT GÖSTƏRİLMƏLİDİR. Ümumiyyətlə, DİN-in 102 xidmətini çıxmaqla , digər dövlət orqanlarının qaynar xətt xidmətlərinin təmsilçiləri Çağrı Mərkəzi haqqında qanunvericiliyin tələblərinə əməl etmir, özlərini təqdim etməkdən belə imtina edirlər. Təmsilçi özünü təqdim etmirsə, adını gizlin saxlayırsa, hansı aşkarlıqdan, şəffaflıqdan danışmaq olar? Biz hələ şikayətin qeydə alınmasından imtinanı demirik. Özəlliklə, baş prokurorluğun və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin qanun-qaydaya əməl etməməsi qanunların icrasına və tətbiqinə nəzarətin , korrupsiyaya qarşı mübarizənin hansı səviyyədə olmasını ortaya qoyur. Müraciətin qəbulu və cavablandırılmasını əks etdirən NK qaydalarının 4.1 bəndində isə təmsilçinin zəng daxil olduqdan 5 SANİYƏ ƏRZİNDƏ zəngi qəbul edib, AD-SOYADINI deyərək özünü təqdim etməli olması tələb kimi irəli sürülüb.
Belə fikir yaranır ki, qaynar xətlər , Çağrı Mərkəzi gözdən pərdə asmaq amacı güdür. Yoxsa, kasıb itinin adını “Gümüş-Qızıl” qoymaqla varlanmadığı kimi , adını “qaynar” qoymaqla da dövlət orqanlarının biganəlik buzunu əritmək mümkün deyil . Fikrimizcə, Çağrı Mərkəzlərinin işini qaydaya salmaqdan yana DİN-in təcrübəsindən yararlanılması, ən azı, şikayətləri telefon operatorlarının qeydə alması prinsipinə keçilməlidir. Yoxsa, məmurlar telefon dəstəyinin arxasında gizlənib yatmaqdan əl çəkməyəcəklər. Belə gizlənib yatmaqla isə şəffaflıq uğrunda , korrupsiyaya qarşı mübarizəyə nə prokuroru, nə sosial-iqtisadi, maliyyə, vergi, əmlak məmurunu “yuxudan oyadıb” qaldırmaq olmaz.
Məğrur Bədəlsoy
20-05-2016, 02:38
14-02-2014, 15:11
27-02-2020, 14:40
28-04-2016, 14:59
17-06-2020, 14:16
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?