Erməni mətbuatı Serjin Qarabağa gəlişinin səbəbini aydınlaşdırmağa çalışır: “Görəsən, o, qorxur, yoxsa qorxudur?”
Ermənistan və Azərbaycan prezidentlərinin təxminən üç ilə yaxın fasilədən sonra razılaşdırılmış görüşü noyabrın 19-da baş tutacaq.
Virtualaz.org saytı bu barədə Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir. Erməni qəzeti öz mənbələrinə istinadən bildirir ki, prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın görüşünün ya Sürixdə, ya da Vyanada baş tutacağı gözlənilir.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona sonuncu səfərləri zamanı prezidentlərin görüşünün noyabrın sonlarında baş tutması barədə razılaşma əldə ediblər. Lakin görüşün tarixinə dair rəsmi məlumat hələ verilmir.
Erməni mənbələri bildirir ki, bu görüşdən gözləntilər elə də böyük deyil. Prezidentlərin görüşü ABŞ-a daha çox onun üçün lazımdır ki, danışıqlar prosesinin dalandan çıxdığını nümayiş etdirsin.
Ermənistan prezidenti Serj Sərkisyan isə danışıqlarda Dağlıq Qarabağın tərəf kimi müzakirə masasında yer almasında israr etmək niyyətindədir.
Bu arada S.Sərkisyan İlham Əliyevlə görüş ərəfəsində bütün ordu komandirlərini yığaraq işğal altındakı Azərbaycan ərazilərinə səfər edib. Erməni qaynaqlarının bildirdiyinə görə, S.Sərkisyan müdafiə naziri Seyran Ohanyan və digər ordu rəhbərləri ilə Dağlıq Qarabağdakı erməni hərbi hissələrinə, o cümlədən təmas xəttindəki döyüş mövqelərinə baş çəkib, hərbi təlimləri izıəyib.
1in.am saytı qeyd edir ki, Sərkisyanın bu addımının səbəbləri aydın deyil: “Serjik Qarabağa, təmas xəttinə adətən iki səbəbdən gedir: özünün necə qorxmaz adam olduğunu cəmiyyətə göstərmək istəyəndə və ya nədənsə qorxanda və ordunun köməyinə ehtiyac duyanda. İndi bunlardan hansının düzgün olduğu məlum deyil”.
Bəzi ekspertlər isə hesab edir ki, Sərkisyan səhra geyimində Qarabağa yollanmaqla danışıqlar ərəfəsində xal yığmağa çalışır. Görünür, o, həmsədrlərə və Azərbaycana nümayiş etdirmək istəyir ki, məsələnin həlli təkcə ondan yox, ordu komandirlərindən asılıdır, komandirləri yola gətirmək isə elə də asan deyil...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?