Az əvvəl Fransa prezidentinin dəftərxanasına istinadən “Frans press” agentliyi Azərbaycan və Ermənistan prezidentləri arasında gözənilən Qarabağ danışıqlarının vaxtı və yeri barədə məlumatı yayıb.
Virtualaz.org saytı xəbər verir ki, məlumata əsasən prezidentlər İlham Əliyev və Serj Sərkisyan fransalı həmkarları Fransua Ollandın vasitəçiliyi ilə oktyabrın 27-də görüşəcəklər.
“Görüşün məqsədi iki ay əvvəl qeyd alınmış gərginlikdən sonra tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dialoqa kömək etməkdir” - deyə açıqlamada bildirilir.
Məlumata görə, Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sərkisyanla ayrıca görüşləri nəzərdə tutulub, daha sonra danışıqlar üçtərəfli formatda davam edəcək. Bunun ardınca prezidentlər İlham Əliyev və Serj Sərkisyan Minsk Qrupunun həmsədrləri ilə görüşəcəklər.
Gözlənilir ki, Yelisey sarayında prezidentlərin şərəfinə rəsmi şam yeməyi də təşkil olunacaq və orada üç dövlət başçısı Qafqazın gələcəyinə dair daha geniş mövzu ətrafında diskussiyalar aparacaqlar.
Xatırladaq ki, Kəlbəcərdə tutulan azərbaycanlı əsirlər üzərində qondarma “DQR” rejimi tərəfindən “məhkəmə” də eyni günə - oktyabrın 27-nə təyin edilib. Azərbaycan prezidenti Minsk Qrupunun həmsədrlik edən ölkələrin rəhbərləri də daxil olmaqla beynəlxalq ictimaiyyəti işğal altındakı yurdlarına baş çəkərkən tutulmuş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsinə səy göstərməyə çağırıb.
Erməni tərəfin qondarma “məhkəmə”ni məhz prezidentlərin Paris görüşü ilə eyni günə təyin etməsi qızışdırıcı təxribatdır və çox güman ki, bu məsələ Yelisey sarayında adekvat formada qaldırılacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?