Əməkdaşımızın ölkədə populyar olan dini sektalarla bağlı ilginc araşdırma
Hələ Sovetlər dövründə bizləri dinsizləşdirmək istəyirdilər. Bunun üçün ölkədə ateizm siyasəti yeridirdilər. Yadımdadır, biz Şərqşünaslıq fakültəsində təhsil alsaq da, yenə də Ateizm fənnini bizə tədris edirdilər. O vaxtlar elə bir zaman idi ki, insanlar məscidlərə gizlin gedirdilər. Sovet rejiminin dinsiz cəmiyyət formalaşdırmaq istəyi öz təsirlərini göstərsə də, insanlar bu siyasətin ardınca getmədilər. Müstəqilliyimizin ilk illərində dövlətin Azərbaycanda dini vəziyyətə nəzarətetmə təcrübəsi olduqca az olduğundan, yad təriqətlərin ölkədə baş verən siyasi çəkişmələrdən və xalqın dini savadsızlığından sui-istifadə edib törəmə təşkilatlar yaratmaqları bir o qədər hiss olunmurdu. Bunun nəticəsində cəmiyyət arasında vəhhabilər, nurçular, xaricilər, krişnalar, Yehova şahidləri, xristian təmayüllü digər məzhəblər yarandı. Bu gün erməni lobbisi Azərbaycanda dini təriqətlərin yayılması üçün böyük məbləğdə vəsait ayırırlar. Azərbaycan bölgələrində, xüsusən də Gəncədə yeni doğulan uşaqlara xristian adları qoyurlar. Valideyinlər deyirlər ki, kimlərsə uşaqlarına xristian adları qoymaq barədə söz verirlər. Bunlar hamısı dini təriqətlərin fəaliyyətinin nəticəsidir. Amma problem təkcə bununla da yekunlaşmır.
Böyük təhlükəyə çevrilən vəhabilər Səudiyyə Ərəbistanı Krallığı və Küveyt əmirliyi maliyyə dəstəyi ayrılaraq ölkəmizdə humanitar təşkilatlar vasitəsilə vəhabiliyi yayırdılar. Vaxtilə uzun saqqalda, qısa şalvarda gəzən vəhabilər artıq cəmiyyətə inteqrasiya ediblər. Vəhabilik XVIII əsrdə yaşamış ərəb şeyxi Əbdül Vəhabın oğlu Şeyx Məhəmməd ibn Əbdül Vəhab tərəfindən yaradılıb. Onun fikirləri hələ sağlığında ailə üzvləri, atası, qardaşı, həmyerliləri və bütün əhali-sünnə alimləri tərəfindən inkar edilib. Uzun müddət təqiblərlə üz-üzə qalan ibn Əbdül-Vəhab sonda indiki Səudiyyə Ərəbistanı krallarının əcdadı olan Məhəmməd ibn Səud tərəfindən himayəyə götürülür. Onun himayəsi vəhabi firqətinin tam yayılmasına, həm də onun öz əmirliyinin güclənməsinə səbəb oldu. Din və Siyasət İnstitutunun prezidenti, Rusiyanın İctimai Palatasının üzvü Aleksandr İqnatenko bildirib ki, Azərbaycan İraqa çox oxşayır. O, bunu hər iki ölkədə şiə və sünninin olması, Azərbaycanın strateji bölgədə yerləşməsi, İranla sərhədinin, başlıcası isə, ABŞ və Səudiyyə Ərəbistanına maraqlarının olması ilə bağlayıb: «Bir neçə il öncə heç kim İraqda sünnilərlə şiələr arasında qarşıdurmanın ola biləcəyini ağlına gətirməzdi. Amma İraqda qarşıdurmadan qaçılmadı. Azərbaycanı da bu sıraya aid etmək olar». A.İqnatenko qeyd edib ki, ABŞ, Əfqanıstan və Yaxın Şərqdə Sovet ideologiyasına qarşı mübarizədə Səudiyyə Ərəbistanının dini-ideoloji, maliyyə və insan resurslarından istifadə etdi. ABŞ İraqda antiamerika siyasəti yürüdən vəhabilərə toxunmadılar. Bununla dövlətlərinə, sonra Livana yönəldilər. 2007-ci ilin oktyabr ayında isə Azərbaycan bu proseslə üzləşdi. Azərbaycanda vəhabiliyin inkişafında müstəsna xidmət göstərənlərdən biri də “KQB”-nin keçmiş rəhbəri Yevgeni Primakov olub. O, 1984-cü ildə Misirin Qahirə şəhərindəki üç ulduzlu otellərin birində vəhabiliyi qəbul edib. Hətta o, çıxışlarının birində deyib ki, «Əbdül Vahab çox böyük və ağıllı insandır». Məhz Primakovun köməkliyi ilə «Sadval» cəmiyyəti Rusiyada dövlət qeydiyyatından keçib. 1994-cü ildə Bakı Metropolitenində terror aktlarını həyata keçirən «Sadval»ın üzvlərinin vəhabilərdən ibarət olduğu həqiqətdir. Azərbaycanda həmçinin «Vahab» adlı dərman preparatları da yayılıb. «Vahab» ampulasının 287 qutusu Azərbaycana gətirib və bir qismi Göy məscid ərazisində, şimal bölgələrindəki vəhabilərə paylanılıb. Bu dərman baş-beyin nahiyəsinə təsir göstərir. Bu preparatlardan istifadə edən Bakı müsəlmanlarından bəziləri psixoloji-potoloji cəhətdən pozulduqlarından müqəddəs saydıqları Qurani Kərimin bəzi nüsxələrinə od vurdular. Vəhabilər bayrağını qaldırıb, onun eşqinə nəğmələr dedilər. Azərbaycanda vəhabiliyin məqsədi böyük şiə bazasını dağıtmaq, hakimiyyəti ələ keçirməkdən ibarətdir.
Yehova şahidlərinin “Qarabağ sevgisi”
«Yehova şahidləri» çox mürəkkəb və təsirsiz ötüşməyən psixoloji metodlardan istifadə edirlər. Məsələn, onlar insanları dünya və gələcək haqqında ümidsizliyə düçar etmək, müharibə, zəlzələ, sel, qıtlıq, xəstəlik kimi problemlərin Allah tərəfindən göndərildiyini və bunlardan qurtulmağın mümkünsüzlüyünü iddia etmək missiyasını yerinə yetirirlər. Onların baxışlarına görə, İsa peyğəmbər 144 000 Yehova şahidi ilə birlikdə yer üzərinə enərək, bütün siyasi quruluşları, dövlətləri, millətləri yox edəcək. Bu cəmiyyətin üzvlərinin əksəriyyəti qadınlar və azyaşlılardır. Onlar əsasən gecələr fəaliyyətə başlayırlar. Gecələr insanların azlığından, nəzarət zəifliyindən istifadə edib fəaliyyət göstərirlər. Sözsüz ki, onların arxasında bığıburma vəzifəli şəxslər dayanır. Qeyd edək ki, bu cəmiyyət Bilgəhdəki Qocalar Evinə də ayaq açıb. Yahova şahidlərinin əsas məramı dini dövlət olan tanrı krallığı yaratmaqdır. Dini yaxşı bilməyən və zəif inanc sahibi olan insanlar bu dəvəti asanlıqla qəbul edirlər. Onlar şirnikdirici vasitələrlə yeniyetmə gəncləri, xüsusən müsəlman uşaq və qadınları ələ almağa, öz amallarına xidmət göstərməyə məcbur edirlər. Onlar telefon danışıq mərkəzlərindən aldıqları broşurlar, kitablar göndərir, cəlbedici gənc qızlar qapı-qapı gəzərək iş yerlərinə bu kitabları paylayırlar. Son zamanlar adıçəkilən sektanın üzvləri öz fəaliyyətlərini cəmiyyətimizin dayaqlarını sarsıdacaq, ailələri dağıdacaq həddədək genişləndiriblər. Onların fəaliyyəti qadağan olunsa da, hazırda 230-dan çox ölkədə təbliğ olunan 6 milyondan çox insan özünü «Yahova şahidi» adlandırır. Bununla yanaşı, bir çox ölkələr bu təriqətin öz ölkələrində təbliğatında qəti qadağa qoyublar. Yahova şahidləri 1994-cü ildən Azərbaycanda fəaliyyətə başlayıblar və 2002-ci ildə Dini Qurumlarla İşlər Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçiblər. Ən acınacaqlı hal isə budur ki, onlar Qarabağın azadlığını günah sayırlar. Son 10 ildə Yahova şahidləri Azərbaycanda missialarına 85 milyon dollar xərcləyiblər. Onların əsas toplaşdığı məkan Xətai rayonunda Çinar şadlıq sarayıdır. Belə ki, əsas toplantılarını onlar bu məkanda keçirirlər. Təriqətin üzvləri dəfələrlə polislər tərəfindən saxlanılıb. Gəncədə keçirilən əməliyyat zamanı onların gizlin ünvanları aşkarlanıb və 80 üzvü həbs edilib. Ən maraqlı məqam isə budur ki, onların rəhbərləri orta məktəb müəllimləri olub. Yahova şahidləri xristianlığın elə bir qoludur ki, qansız işğal həyata keçirirlər. Onlar əsasən ermənilərlə bağlı sektadır və müharibə ilə bağlı təbliğatlar aparılır. Onların əsas məqsədi budur ki, ölkədə mili vətənpərvərlik ruhunu aşağı salsınlar. Torpaqlarımızın 20 faizi işğal altında olan Azərbaycan üçün bu təbliğat isə dövlətçiliyə ziddir. Qeyd edək ki, Ermənistanda onların 10 min üzvü var.
Nurçular Azərbaycanda Bu gün Qafqaz Universiteti tam nurçuların cəngindədir. Adı çəkilən Universitetdə cəmiyyətin «Hizmət çocuqları» fəaliyyət göstərir. Onlar təriqətə məxsus «İşıq evləri»ndə yaşayırlar. Təbliğat aparmaq, nurçuların kitablarını tələbələrə paylamaq onların missiyalarının bir hissəsidir. Bakıda nurçuların evləri çoxdur. «Araz» hazırlıq kursları, türk liseyləri, «Çağ Öyrətim İşlətmələri» nurçuluğu yayan qurumlardır. Bakıda fəaliyyət göstərən «Nur evləri»nin məqsədi sosial baza-insan qaynağı qazanmaq və yeni təsirə düşənlərin beyninə təlimlərini yürütməkdir. Azərbaycanda «Zaman - Azər» Muc firması, «Nurlar» mətbəsi, «Zaman - Azərbaycan» qəzeti, «Ailəm» jurnalı, «Xəzər tv» nurçuların nəzarətindədir.
«Krişna» cəmiyyətinin soyğunçuluq siyasəti Bir neçə il bundan əvvəl adı çəkilən cəmiyyətlə bağlı araşdırma aparmaq məqsədilə jurnalist həmkarımla ora baş çəkmişdim. Krişnaların toplaşdığı məkan “Qara Qarayev” metrostansiyası yaxınlığındakı həyət evlərindən biri idi. Orada şahidi olmuşdum ki, cəmiyyətə üzv olmaq istəyənlərə əvvəlcə behuşedici bir içki içirdilir, beyin dumanlandıqdan sonra qadınlarla kişilər bir otaqda qəlyan çəkirlər. Onlar bizim jurnalist olduğumuzu bildikdə tədbirlər həyata keçirmək istəsələr də, hüquq-mühafizə orqanlarının köməyi ilə biz oradan can qurtara bilmişdik. Qeyd edək ki, Krişna tərəfdarlarının həyat tərzi çox sərtdir. Onlar ət, balıq yeyə bilməz. Krişnaya aid olanlara həm də qəzet və jurnallar oxumaq, televizora baxmaq qəti qadağandır. Qohumlarla, dostlarla əlaqələr çox nadir hallarda baş verir. Krişnanın şəxsi mülkü ola bilməz. Krişnaçılar Hindistandan gətirilmiş palçıqdan bədənlərinə hər gün 13 işarə vururlar. Azərbaycanda krişnaçılar «Bakı şüuru» dini icmasında bir araya gəlirlər. Sektada insanların təsir altına alınması, bundan ötrü seçilmiş kodlardan istifadə edilməsi ilə həyata keçirilir. Kodlaşdırma həm maddi, həm də qeyri-maddi formada aparılır. Krişna cərəyanı özünün totalitar xüsusiyyətlərini təmin etmək üçün bir sıra tələblər işləyib hazırlayıb. Məsələn, ifrat tərki-dünyalıq. Bu tələb insana ailə qurmağı, dünyanın maddi nemətlərindən bəhrələnməyi qadağan edir. Cəmiyyətin ianəsi heç də az deyil. Hər bir üzv qazancının 50%-ni könüllü olaraq cəmiyyətin fonduna təhvil verməlidir. Cəmiyyətdə baş vermiş fırıldaqlara qarşı amansız təqiblər həyata keçirilir. Bu təqiblər çox zaman həmin şəxslərin faciəsinə, hətta ölümünə belə səbəb olmuşdur. Təqiblər cəmiyyətdən uzaqlaşmış şəxslərə qarşı edilir. Krişna cəmiyyətinə düşdünmü, oradan aralanmaq çox çətindir. Cəmiyyət üzvlərinə tətbiq edilən xüsusi kodlar onların iradəsini əsir edir.
Son söz əvəzi Bu gün Azərbaycanda sözdə qeyri-ənənəvi təriqətlərin fəaliyyəti qadağan edilsə də, əslində onlar şəhərin mərkəzində belə fəaliyyət göstərir və bu cəmiyyətin qurbanlarının sayı gündən-günə artır. Sovetlər dönəminə bu gün çoxları ağız büzsə də, o dövrdə ateizm ideyaları təbliğ olunsa da, insanların dinə daxili inam və sevgiləri daha çox idi. Missioner təşkilatlar o dövlətlərdə öz iyrənc ideyalarını yaymağa müvəffəq olur ki, orada insanların sosial yaşayış tərzi çox aşağıdır. Bu gün bizlər ağız dolu iqtisadi inkişafdan dəm vursaq da, görünən kəndə bələdçi lazım deyil. İnsanların aşağı səviyyədə yaşaması, iqtisadi çətinlik göz qarşısındadır. Bu səbəbdən öz iyrənc ideologiyalarını yayan dini cəmiyyətlər kasıb təbəqəni pul gücünə dinindən döndərib, yolundan azdırırlar. Nə qədər ki, ölkədə çörəyi, benzinin pulu durmadan artacaq, orta təbəqə olmayacaq, insanlara qul kimi baxılacaq, deputatı, naziri kef içində, xalq isə əziyyət içində yaşayacaq bu tip sektaların girdabına çoxları düşəcək və ermənilər öz mənəvi müharibələrində bizlərə qalib gələcək. Zənnimcə, bu haqda düşünməyə dəyər. Çinarə Vüqar
Sorğu
Yeni dizaynımız necədir?