Altı illik fəaliyyət nazirliyin aparatındakı və rayon şöbələrindəki nağıyevçiləri "vurmağa" həsr edilib
gundemxeber.az 6 il bundan əvvəl, 2006-cı ildə özəl biznes sahəsindən ölkəmizin rəsmi orqanlarından birinin ən yüksək vəzifəsinə - əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin edilən Füzuli Ələkbərov son vaxtlar özünü təsdiqləmək üçün imkanlar axtarışına çıxıb. Buna səbəb antikorrupsiya tədbirləri çərçivəsində Ələkbərovun işçilərinin həbsi, sosial müdafiə sektorunun nüfuzdan düşməsidir. Bununla bağlı əldə etdiyimiz xəbərlərdə qeyd olunur ki, nazir son 4-5 ayda fəallığını artırıb. Onun tez-tez nazirlikdə kollegiyalar keçirməsi, kiçik səhvləri olan "sobez" işçilərinə töhmətlər verməsi, lakin ayrı-ayrı rayonların əhalinin sosial müdafiəsi mərkəzləri rəhbərlərini işdən çıxarmaması bir sıra sualların ortaya çıxmasına rəvac verir. Qeyd edək ki, Füzuli Ələkbərov hələ bir neçə il əvvəl rəhbərlik etdiyi nazirliyin tabeliyindəki yerli qurumlarda yoxlamalara başlamaqla, həm sələfi Əli Nağıyevin təyin etdiyi bəzi məmurları işdən kənarlaşdırdı, həm də bəzi məmurlara bir sıra iddialarını mesaj verdi. Hələ 2008-ci ilin axırlarında Şamaxı, Laçın, Suraxanı və digər rayonlarda fəaliyyət göstərən əhalinin sosial müdafiəsi mərkəzlərində aparılan yoxlamalar da bunu sübut etdi. Təftişlər zamanı bir neçə yerli məmur nazirə güc göstərib, prosesi dayandırmaq istəsə də, Füzuli Ələkbərov onlarla hesablaşmadı. Çünki nazir bu yoxlamalarla yerli məmurları özü ilə hesablaşmağa məcbur etmək və hakimiyyət dairələrində özü barədə çox çalışan kadr imici formalaşdırmağa çalışırdı. Son günlər əldə etdiyimiz məlumatlarda onun baş nazir olmaq uğrunda mübarizəyə qoşulduğu qeyd olunur. Əmək və əhalinin sosial müdafiəsi nazirinin son vaxtlar bir qədər də iddialı olmasını, vəzifə karyerasında daha yüksək pillələrə qalxmaq istəyini kollegiya iclasları da sübut edir. O, bir sıra hallarda biznesdəki uğurlarını prinsipiallığı və iddialı olması ilə əlaqələndirib, dövlət işində də belə olacağını bəyan edir. Lakin 2012-ci ildə baş verən həbslər Füzuli Ələkbərovun rəhbərlik etdiyi sahədə elə bir ciddi uğurların əldə olunmadığını göstərdi. Buna səbəb ünvanlı sosial yardımların verilməsi ilə bağlı idi ki, onun da tətbiqi zamanı yol verilən korrupsiya faktları, həbslər uğurlu təqdimata imkan vermir. Bütün bunlar onu göstərir ki, Ələkbərovun idarəetmə sistemi sələfinin analoji idarəetmə sistemindən elə də fərqlənmir. Altı illik fəaliyyətinin bir hissəsini nazirliyin aparatındakı və rayon şöbələrindəki nağıyevçiləri "vurmağa" həsr etmiş Ələkbərovun qarşısında yeni ildə görülməli işlər hələ çoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?