“Gülər Əhmədova danışmağa başlasa onda Azərbaycan elitasına, həmçinin ölkənin birinci şəxslərinə aid çox sayda çirkli işlər üzə çıxacaq”
gundemxeber.az Sentyabrın 25-də hakim Yeni Azərbaycan Partiyasından deputat Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən video yayılıb. Videoda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan, Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldırıb. Bundan sonra Gülər Əhmədova mandatından imtina edib və onun deputatlığına xitam verilib. Elşad Abdullayev dekabrın 13-də daha bir video yayıb. Videoda Elşad Abdullayevin Sevinc Babayeva ilə söhbəti yer alır. Qadın hakim Yeni Azərbaycan Partiyasından deputat Gülər Əhmədovanın adından Elşad Abdullayevi əmin etməyə çalışır ki, verdiyi rüşvətin əvəzində deputat mandatı alacaq və bu, tezliklə elan ediləcək, seçkinin nəticələrinə dair bütün protokollar da artıq Elşad Abdullayevin xeyrinə dəyişdirilib (Söhbət 2005-ci ildə keçirilən parlament seçkisindən gedir. Elşad Abdullayev həmin seçkidə 8 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub). Bu videonun ardınca Gülər Əhmədova hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb. Qərar YAP-ın Zahid Xəlilov ərazi ilk təşkilatının dekabrın 14-də keçirilmiş toplantısında qəbul edilib. Amma hələ də hadisəyə hüquqi qiymət verilməyib. Üç aydır Bakı Şəhər Prokurorluğu sabiq rektor Elşad Abdullayevin ictimaiyyətə təqdim etdiyi video ilə bağlı cinayət işi üzrə araşdırma aparır. İstintaqda hansı yenilik var? Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sualı belə cavablandırıb: “Cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilir. İstintaqın gedişi barədə cəmiyyətə əlavə məlumat veriləcək”. İstintaq yekunlaşmamış adi kimsə onu ittiham edə bilməz. İndiyə qədər Gülər Əhmədovaya qarşı hər hansı ittihamın irəli sürüldüyü elan olunmayıb. Rəsmi məlumat odur ki, o, şahid qismində dindirilib. Qanunla öncə şəxsə ittiham irəli sürülməli, o, cinayətdə təqsirli bilinməli, ondan sonra qəti -imkan tədbiri seçilməlidir. Qəti-imkan tədbirləri isə müxtəlifdir. Bu, həbs də ola bilər, ev dustaqlığı, polis nəzarəti də. Yalnız rəsmi ittiham irəli sürüldükdən sonra təqsirləndirilən şəxs haqqında hər hansı ehtimal söyləmək mümkündür. Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, hazırda Fransada yaşayan Ramin Nağıyev son videolar, Gülər Əhmədovanın durumu və “mandat alveri” ilə bağlı istintaqın gedişi ilə bağlı fikirlərini açıqlayıb. Elşad Abdullayevin Gülər Əhmədovanın mandat alveri ilə bağlı rüşvət alması və alınan pulun Ramiz Mehdiyevə ötürülməsi ilə bağlı ittihamlarından danışan R. Nağıyev deyib: “Həqiqətən Elşad Abdullayevin ictimaiyyətə təqdim etdiyi vidiodan, görünür ki, Gülər Əhmədova pulu Ramiz Mehdiyevə ötürmək üçün tələb edirdi. Hal-hazırda bu fakt üzrə cinayət işi qaldırılmışdır, istintaq aparılır. Ancaq sizi və oxucuları məyus etsəm də deməliyəm ki, ortada hər hansı bir nəticələr olmayacaq.” Keçmiş MTN-çi videoda pulun alınması faktının aşkar olması və bunun azərbaycan qanunvericiliyində cinayət hadisəsi olduğunu etiraf etsə də, nəticə etibarı ilə heç kimin cəzalanmayacağını bildirib: “Həqiqətən rüşvət alınması cinayətdir. Ancaq bu demokratik ölkələrdə, qanunların işlədiyi mühitdə cinayət sayılır və cəza verilir. Təəssüf ki, Azərbaycan belə ölkələrə aid deyil. Gülər Əhmədovanın gizli şəkildə ölkədən çıxmağa cəhd etməsi hər kəsə məlumdur. Nə oldu? Onu saxladılar və ev dustağı etdilər. Onun nə qədər ev həbsində olacağı məlum deyil. İstintaq illərlə gedə bilər. Bu müddət ərzində emosiyalar sakitləşəcək, prezident seçkiləri gündəmə yeni mövzular gətirəcək və hamı hər şeyi unudacaq. Mən başqa sonluq gözləmirəm. Azərbaycanda ədalət məhkəməsi başqa nəyəsə qabil deyil. Niyə belə olacağının, cavabı isə çox sadədir. Hakimiyyət Gülər Əhmədovadan qorxur və bunun üçün onların kifayət qədər əsasları var. Əgər Gülər Əhmədova danışmağa başlasa ,onda Azərbaycan elitasına, həmçinin ölkənin birinci şəxslərinə aid çox sayda çirkli işlər üzə çıxacaq.” Xatırladaq ki, sözügedən videolarda dövlət rəsmilərinin, yüksək vəzifəli şəxslərin adı çəkilib. Bu qədər gücün, müqavimətin qarşısında hər hansı bir nəticə olacağını gözləmək reallığa uyğun olmaz. Ortalıqda siyasi iradə yoxdur. Videolarda gördüyümüz Azərbaycan hakimiyyətinin fəaliyyətinin kiçik bir hisəsidir. Buradan da məlum olur ki, heç kim tutulmayacaq, cəzalanmayacaq. Rasim Əliyev
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?