Milli Şuranın idarəetmə orqanı ilə bağlı gizli siyahı yoxdur. Bu barədə Milli Şuranın bu gün yaydığı açıqlamada deyilir.
Xatırladaq ki, son günlər KİV-lərdə Milli Şuranın idarəetmə qurumunun formalaşması və qurumun tərkibi ilə bağlı gizli siyahının mövcudluğuna dair məlumatlar dərc olunur.
“Sessiyalararası dövrdə Milli Şuranın işlərini koordinasiya edəcək qurumun tərkibi ilə bağlı hər hansı gizli siyahı yoxdur. Bu istiqamətdə bəzi KİV-lərdə gedən məlumatlar reallığı əks etdirmir. Hələ Milli Şura yeni formalaşan mərhələdə Rüstəm İbrahimbəyovun iştirakı ilə keçirilən Tiflis görüşündə razılıq əldə olunmuşdu ki, fəaliyyəti koordinasiya etmək üçün sədrin yanında Məşvərət Şurası və ya Koordinasiya Şurası yaradılsın və bu quruma Milli Şuraya daxil olan partiya sədrləri və komissiya rəhbərləri daxil edilsin. O zaman bu istiqamətdə ümumi razılıq olsa da razılığı reallaşdırmaq mümkün olmadı. Hazırda Milli Şuranın fəaliyyətinin güclənməsi istiqamətində müəyyən müzakirələr aparılır. Müzakirələrin predmetlərindən biri də qurumun idarəetməsi ilə bağlıdır. İdarəetmə qurumunun formalaşması ilə bağlı variantlardan biri də yuxarıda qeyd olunan variantdır. Başqa variantlar da mümkündür. Amma idarəetmə qurumunun adı, tərkibi, sayı ilə bağlı hər hansı gizli siyahı yoxdur və ola da bilməz. Milli Şura demokratik bir qurumdur və demokratik qaydada idarə olunur. Bütün məsələlər isə Milli Şuranın qarşıdan gələn sessiyalarında müzakirə olunub qurum üzvlərinin iradəsi ilə həll olunacaq”, - mətbuat xidmətinin açıqlamasında qeyd edilir.
Onu da qeyd edək ki, bu açıqlama internetdə Müsavat Partiyasının Milli Şuranı tərk etməsi barədə verilən xəbərlərdən əvvəl yayılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?