Hakimiyyət daxilindəki Rusiya meyillilər narahatçılıq içində
gundemxeber.az Bir neçə gün öncə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Rusiyanın ölkəmizdəki diplomatik korpusunun başçısı Vladimir Doroxinlə görüşündə ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı sərt ifadələr işlətməsi birmənalı qarşılanmayıb. Dərhal bəzi qüvvələr hadisəyə siyasi rəng qatmaqla müxtəlif qüvvələrin burada maraqlarının olduğunu göstərib. Hakimiyyət daxılindəki Rusiya meyilli qrupun inhisarında olan KİV-lər dolayısı ilə müdafiə nazirinin siyasi bəyanatlar verməli olmadığını və bu cür siyasi fikirlərin sonradan problemlər yaratdığını yazıb. Ancaq məsələnin, heç də Minsk qrupunun ünvanına deyilən sərt ifadələrdən doğmadığı bəllidir. Çünki Azərbaycanda Minsk qrupunun ünvanına mənfi çalarda və müxtəlif səviyyələrdə zaman-zaman çox kəskin ifadələr işlədildiyi yenilik və saytın kəşfi deyil. Deməli, məsələ heç də Minsk qrupu ilə bağlı deyil. Burada diqqət çəkən məqam bu ifadələrin məhz Rusiya səfiri ilə baş verməsi və tənqid hədəflərindən birinin də məhz şimal qonşumuzun olmasıdır. Çünki indiyədək Qarabağ probleminin həllində heç bir irəliləyişin olmaması ilə bağlı dövlət başçısından tutmuş müdafiə nazirinədək müxtəlif səpkili tənqidlər səslənib və bununla bağlı media məhz Azərbaycanımızın mənafeyindən çıxış edərək fikirləri tənqid etmək deyil, əksinə, daha qabarıq verməyə çalışıb. İndi sual olunur, nə dəyişdi ki, Qarabağla bağlı Rusiya da daxil Minsk qrupu tənqid olunur və buna “müdafiə naziri siyasi bəyanat verə bilməz”-deyə reaksiya verilir. Demək ki, problem Minsk qrupunda deyil, məhz Rusiya ilə bağlıdır. Görünür ki, müdafiə nazirinin Rusiyanın səfirinə sərt çıxışı hakimiyyətdəki bəzi Rusiya yönlüləri narahat edib. Bundan başqa Dağlıq Qarabağ münaqişəsinə toxunan Səfər Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməsinin başlıca səbəblərindən biri Rusiya Federasiyasının da həmsədr ölkə olduğu Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır. Müdafiə naziri qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran separatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaradıb və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb. Hakimiyyət daxilindən olan mənbəmizin sözlərinə görə, Rusiyanın ünvanına deyilən sərt sözlər Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin və PA İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənovun xoşuna gəlməyib və Səfər Əbiyevin məhz bu bəyanatla bağlı hədəfə alınmasında iki məqsəd güdülüb. Birinci, Rusiyaya hakimiyyət səviyyəsində toz qondurulmasına imkan verilməyəcəyini və bununla da şimal qonşumuza nə qədər sadiq olduqlarını nümayiş etdirdilər. İkincisi, sabiq rektor Elşad Abdullayevin yaydığı rüşvət videolarından sonra PA rəhbərinin laxlayan mövqeyi ilə bilavasitə bağlıdır. PA rəhbəri bu mesajla həm də Rusiyaya demək istəyir ki, o, olmasa, Rusiyaya yönəlik daha arzuolunmaz hadisələr baş verə bilər və ona görə də indiki çətin durumda müdafiə olunmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?