Əməkdar artist Ruhəngiz Musəvinin Milli.Az-a müsahibəsi
- Ruhəngiz xanım, illərdir sənətdəsiz. Hansı illəriniz daha çox məhsuldar keçib?
- Mənim gənclik illərim çox gözəl keçib. Mən bu sənəti sevib gəlmişəm. Nə vaxtsa arzum idi ki, mən də kinoya çəkilim, bu arzum da yerinə yetdi. Həyatda nə arzulamışamsa Allah onu mənə qismət edib. 9-cu sinifdə oxuyanda artıq televiziyada çıxış edirdim. Rəşid Behbudov kimi sənətkarın yanında işləyib, onunla birlikdə gəmi ilə 5 ay dünya səyahətində olmuşam. Həmin gəminin də gözəli seçilmişəm. Təbii ki, əvvəlki illərdə fəaliyyətim daha çox idi. İndi isə nə filmlərdə çəkilirəm, nə də ki, klip çəkdirməyə əlim gəlir. İndiki dövrdə filmlər çox çəkilsə də, baxımlı olmur. Bəziləri yalandan deyir ki, məni dəvət edirlər özüm getmirəm, amma, həqiqətən də, məndə belədir.
- Ruhəngiz xanım, vaxtilə "Azərbaycan gözəli" seçilmisiz. Ümumiyyətlə, "gözəllik qurban tələb edir" misalına nə dərəcədə əməl etmisiz? Demək istəyirəm ki, estetik əməliyyat keçirmisiz?
- Xeyr, indiyə kimi heç bir estetik əməliyyat keçirməmişəm. İnsanın daxili gözəl olanda o, xaricinə də yansıyır. Bir ara haqqımda şayələr yayıldı ki, guya əməliyyatla gözəlləşmişəm. Amma bütün bunlar ağ yalan idi. O ki qaldı "Azərbaycan gözəli" seçilməyimə... Kollektivin içində qadın müğənni təkcə mən idim. Heç bilmirdim ki, məni gözəl seçəcəklər. Belə oldu ki, orada gəmidə karnaval keçirilirdi, hər kəs özünün hazırladığı geyimlərdə karnavala gəlirdi. Mən də özüm üçün bir geyim hazırlamışdım, elə oldu ki, məni bəyənib, gəminin gözəli seçdilər. Amma indiki gözəllik yarışmalarına baxmaq olmur. Çimərlik, gecə geyimində səhnəyə çıxırlar. Əməliyyatla özlərini gözəlləşdirmək istəyirlər, amma əcaib görünürlər. Allahdan həmişə arzum budur ki, Ruhəngiz Musəvi həmişə belə qalsın, bu cür sevilsin.
- Ruhəngiz xanım, toylara gedirsiz?
- Düzünü desəm, toylarım çox azdır. Heç özüm də istəmirəm ki, çox olsun. Çox vaxt yarım saatlıq şou proqramlara gedirəm. Elələri var ki, 50 manata restoranın bir neçə zalında oxuyur. Bunu heç vaxt özümə sığışdırmamışam. Belə toya getməkdənsə evdə oturaram. Gedənləri isə qınamıram, özləri bilərlər.
- Bəs toy olmayanda necə dolanırsız?
- Hər-halda özümə gün ağlamışam. 200 manat da pensiyamı alıram. Şükür Allaha pis dolanmıram.
- Toy qiymətlərinin bu cür aşağı düşməsi müğənnilərin çox olması ilə bağlı ola bilər?
- Əlbəttə ki. İndi o qədər oxuyanlar var ki... Müğənnilər çoxaldıqca keyfiyyət də azalır. Vaxtında yaxşı ki, özümə gün ağlamışam. Məni sırf öz repertuarıma görə toya dəvət edirlər. Ruhəngiz Musəvi vaxtilə ilk qız toyu oxuyanı olub. Qoy indi də cavanlar oxusun. Dərd burasındadır ki, onlar oxumurlar, açıq-saçıqlığı təbliğ edirlər. Bir sözlə, toyu özümə sığışdırmıram.
- Sənətkar toya getməməlidir?
- Sənətkar elə toya getməlidir ki, ona o toyda hörmət etsinlər. Müğənnini ifasına görə toya dəvət edirlər. Yeganə müğənni Zeynəb Xanlarovadır ki, toya getməyib. Zeynəb ona görə məhz Zeynəbdir. Şəxsən mən özümə sığışdırmıram ki, mən oxuyum, kimsə mənim qabağımda oynasın. İndiki zamanda hamının pula ehtiyacı var. Amma mən gözütoxam.
- Hansı arzunuz həyata keçməyib?
- Desəm ki, bütün arzularım həyata keçib yalan olar. Rejissor Fikrət Əliyev "Baladadaşın ilk məhəbbəti" filminin ikinci versiyasını çəkmək istəyirdi. Amma qismət olmadı. İstərdim ki, məni məhz gənc Sevinc kimi xatırlasınlar. Yaddaşlarda elə qalmaq istəyirəm. Son zamanlar anlamağa başlamışam ki, yaxşı ki, o filmlərə çəkilmişəm. Film tarixdir, özü də retro filmlər.
- İnsan necə onu sevən tamaşaçılardan bezə bilər? Heç vaxt sevgi məni bezdirə bilməz. O vaxtı Emin və Günel Musəviyə görə mənə çoxlu zənglər gəlirdi. Deyirdilər ki, Günel qızı, Emin isə oğludur. Bəlkə də bu zənglərdən müvəqqəti bezmişəm.
- Gözəlliyinizə görə başınız bəlalar çəkib?
- Xeyr, hələ ki, çəkməyib. Mənə deyirlər ki, siz hər yaşda gözəlsiz. Amma, deyəsən, məni gözü götürməyənlər də var.
- Nə deyirlər ki?
- Məni çox verilişlərə dəvət edirlər, amma onların gözü götürmür. Hansı ki, onlar artıq yaddan çıxıblar.
- Onların yaddan çıxma səbəbləri nədir ki?
- Bu repertuar və xarici görünüş də ola bilər. Onlar tamaşaçıların qabağında özlərini gözdən salırlar. Hər aşığın bir dövranı var. Bir müğənni ki, vaxtilə pulla sənətə gəlib ona nə hörmət qoyulacaq. Çünki yadda qalası bir şey etməyiblər.
- Sosial şəbəkələrdə də aktivsiniz. Heç evlilik təklifləri almısınız?
- Təbii ki, olub. Niyə də yox? O cür yazanlara cavab vermirəm, məni yalnız müğənni kimi sevə bilərlər. Bundan sonra məhəbbətim nəvəmə və sənətimədir.
- Yeganə oğlan nəvəniz var. Heç incəsənətə həvəsi varmı?
- Xeyr, incəsənətə həvəsi yoxdur. Qoy ailədə elə bir nəfər sənətdə olsun. Nəvəm Riyad mənimlə fəxr edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?