İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktor müavini Ruhəngiz Qarayeva (Mehmanqızı) işdən çıxarılıb. Bu barədə Ruhəngiz Qarayevanın özü məlumat verib. Ruhəngiz Qarayeva bildirib ki, bu gün kadrlar şöbəsinin müdiri ona ərizə yazaraq işdən çıxmasını istəyib: “Cəmil Quliyev müsahibələrinin hamısında bildirirdi ki, peşəkarlığa üstünlük verəcək. Ən azından o məni qəbul etməli, nəyə görə işdən çıxardığını deməli idi. Amma qəbul etmədi. Yəqin ki, məni İsmayıl Ömərovun komandası hesab edirlər, ona görə getməyimi istədilər. Kadrlar şöbəsinin müdiri işdən çıxarılmağıma səbəb kimi icazəsiz 1 həftə Azərbaycanda olmadığını bildirdi. Halbuki mən həftəsonu Gürcüstana getmişdim. Xəstələndiyim üçün ölkəyə qayıda bilmədim və rəhbərliyə bu barədə məlumat vermişdim. Fikrimcə, buna görə töhmət vermək olardı, nəinki işdən çıxarmaq”.
Ruhəngiz Qarayeva əlavə edib ki, onun rəhbərliyi altında “Addım-addım” verilişi 5 ildir ki, İTV-nin efirində yayımlanır: “3 ildir ki, həmin veriliş süjetli formada efirə hazırlayırdıq. Azərbaycan cəmiyyətində belə verilişə ehtiyac olduğunu bildirmək istəyirdim. Artıq veriliş özünü təsdiq edəndən sonra iki ildir ki, studiya variantında çıxırdıq. Mən 20 ildir ki, uşaq psixologiyası ilə məşğulam. Uşaq psixologiyası üzrə fəlsəfə doktoruyam. Müsabiqə yolu ilə İTV-yə daxil olmuşam. Məqsədim valideynləri uşaq tərbiyəsi ilə bağlı məlumatlandırmaq idi”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?