“Azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!”
Bu sözləri Yenisabah.az-a müğənni Əli Mirəliyev mərhim Xalq artisti Səməd Səmədovdan danışarkən deyib. Uzun illər mərhum sənətçi ilə dostluq edən Mirəliyev onunla bağlı xatirələrini bölüşüb: “Səməd heç azərbaycanca danışa bilmirdi, mən onu azərbaycanca danışdırdım, oxutdurdum. Deyirdim, oxuya bilmirsən öyrən. Heyvan yerinə “hayvan” deyirsən. “Sevgili canan” oxumaqdansa, “Sevgili cana” oxuyurdu. Deyəndə deyirdi fərqi nədir? Deyirdim, dəlisən, çox fərqi var. Belə şeyləri var idi. Ondan soruşurdular ki, Azərbaycanın himnini kim yazıb? Deyirdi bilmirəm. Ay bədbəxt, sən Azərbaycan vətəndaşısan ən azından bunu bilməlisən axı. Belə şeyləri bilmirdi, o bilmədikləri də sonda ora gətirib çıxardı ki, populyar oldu, amma əsl oxuyan ola bilmədi. Heç vaxt da ola bilməyəcəkdi, çünki Azərbaycan musiqisinin kökünü, sözlərinin mənasını bilmirdi”. İfaçı vaxtilə S.Səmədovu ana dilində danışmağa məcbur etdiyini deyib: “Səmədlə bağlı toyların birindən gülməli xatirəm var: Bir dəfə məclisin birinə qonaq gəlmişdi, tanınmış cərrah idi. Səməd də həmin toyda “tamada” idi, dedilər ki, bu cərrah hörmətli qonaqdır, ona söz ver. Səməd də birdən qayıtdı ki, “Məclisimizdə gözəl həkimimiz, cəlladımız var, istəyirəm o da gəlib xeyir-dua versin…” Cərrah dedi “Bu saat onu öldürəcəyəm”. (gülür) Biz 50 il Səmədlə bir-birimizin yanında olmuşuq, o qədər belə hadisələr olub ki… Danışırdı, amma mənasını bilmirdi. Mən də qoymurdum rusca danışsın, deyirdim bura Rusiya deyil. Mənim qorxumdan güc-bəla ilə ana dilində danışırdı, amma bacarmırdı, azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!” Xatırladaq ki, Səməd Səmədov iyulun 24-də gecə saatlarında dünyasını dəyişib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?