Aşıq Zülfiyyə: “Aşıq Xanlar İranda toydan bir “meşok” pul qazanmışdı, sərhəddə dəyişəndə cəmi 230 dollar elədi”
Təxminən iki aya yaxın idi ki, müsahibimizdən vədə rica edirik. Nəhayət ki, bazar günü saat 15 radələri üçün evində görüşməyimizə razılıq verdi.
Bizi qarşılamağa həyat yoldaşı - mülayimliyi və alicənablığı ilə seçilən Sakit bəy gəlmişdi.
Zülfiyyə xanım bizi söhbətdən əvvəl çay süfrəsinə dəvət etdi. Müsahibəyə başlamadan öncə bir-birimizi tanımaq, eləcə də daha mülayim atmosfer yaratmaqdan sarı süfrə arxasında söhbətə başladıq. İrana getməsindən, oradakı sərgüzəştlərindən danışan Zülfiyyə xanım maraqlı hadisələr nəql etdi.
“Bir dəfə rəhmətlik Aşıq Xanlar dedi ki, Zülfiyyə, İranda toya dəvət ediblər, gəl gedək. Mən də soruşdum ki, toyun pulunu danışıbsanmı. Aşıq Xanlar xaraktercə elə adam idi ki, heç vaxt pul söhbətini edə bilmirdi. Bu dəfə də eyni ilə danışmamışdı. Mən də toya getməkdən imtina etdim. Ona da toya getməməyi tövsiyə etdim. Amma o, dostu dəvət etdiyi üçün getdi. Ordan gələndən sonra toy təəssüratlarını bizimlə bölüşəndə gülməkdən ölmüşdük. Deməli, toyda aşığın başından o qədər pul töküblər ki, Xanlar da sevindiyindən göylərdə imiş. Mahnı oxuya-oxuya xəyalında evini təmir etdirməyi, işlərini yoluna qoymağı düşünürmüş. O qədər sevinirmiş ki, hələ ömründə bu qədər pul qazanmadığının eyforiyası ilə xoşhal imiş. Birdən toy bitir, ev yiyəsi deyir, borcum nədir. O da bu qədər pulun qarşısında deyir ki, heç nə. Axır sərhədi keçməmişdən öncə yanındakılardan xahiş edir ki, ona pulları dəyişməkdə yardımçı olsunlar. Bunlar da valyuta məntəqəsinə gedirlər. Sizcə, həmin bir “meşok” pul nə qədər olsa yaxşıdır? (deyib gülür) Cəmi 230 dollar! Di yazıq Xanlar ürəyində söylənə-söylənə geri qayıdır”.
Söhbətimizi bu tip hadisələrdən danışmaqla davam etdirərək, mətbəxə keçdik. Çay süfrəsi üçün limon doğrayan Zülfiyyə xanım, evdə olduğu zamanlarda yemək bişirməyi sevdiyini söylədi:
“Kulinariyanı sevirəm. Məsələn, indi məhərrəmlikdir deyə, evdə bütün işləri çalışıram özüm edim. Amma o ki, başım sənətə qarışır, səfərlərdə, toylarda oluram, onda ev işindən soyuyuram. Bir xanım, var, o gəlib ev işlərində yardımçı olur”.
Bu arada Zülfiyyə xanımın qısa və boyasız dırnaqları nəzərimizə dəyir. Bu barədə ona sual verdikdə, Zülfiyyə xanım, gəncliyindən etibarən lak çəkməyi sevmədiyini dedi:
“Elə bilirəm nəsə məni narahat edir. Mən kosmetikadan istifadəyə də gec, yəni 30 yaşında başlamışam. “Aşıq Pəri” məclisinin arxivlərinə baxsanız, görərsiniz ki, orada tam kosmetikasız iştirak edirəm. Hər zaman çəkiliş ərəfəsində bütün qızlar güzgünün qarşısına qaçardılar, mənsə tam əksinə. Bilmirəm, amma nədənsə kosmetikanı, çox bər-bəzəyi sevməmişəm”.
- Televiziya layihələri arasında, aşıq sənəti ilə bağlı əsasən iki veriliş yaddaşlara həkk olunub. Bunlardan biri xatırlatdığınız “Aşıq Pəri” məclisi, digəri isə sizin aparıcılıq etdiyiniz “Ozan” məclisidir. Nəyə görə bu tip layihələr davamlı hazırlanmır?
- Belə verilişlərlə bağlı çox sədlər var. Məsələn, son olaraq bir televiziya ilə bu barədə razılaşma olmuşdu. Mənə layihəmin işıqlandırılması üçün şərait yaradılırdı, lakin ortada pul məsələsi oldu. Mənə dedilər ki, “Zülfiyyə xanım, siz də qazanını, bizi də qazandırın”. Ona görə də mən imtina etdim. Çünki, bu mən bacaran iş deyil.
- “Ozan” məclisindən çıxmanız da bir çox pərəstişkarlarınızı məyus etdi. Buna səbəb nə oldu?
- Verilişin əvvəlki rəhbəri bizi başa düşürdü. Anlayırdı ki, tədbirimiz, ya toyumuz olur. Ona görə, verilişin vaxtı, gəlib-getməyimizlə bağlı güzəştlər edirdi. Amma təzə gələn eşitdik ki, fərqlidir. 10 dəqiqə gecikənə belə, töhmət verir, narazılıq edir. Elə sıxılmaq da mənim təbiətimdə yoxdur. Odur ki, çıxdım. Bir çox insanlar elə bilir ki, veriliş bağlanıb. Amma yox, davam edir. Sadəcə daha mən o verilişi aparmıram.
- “Ozan” verilişinin aparıcısı olduğunuz dönəmdə bir çox aşıqlar da sizdən inciyirdilər. Buna səbəb nə idi?
- O vaxt bir çoxları məndən inciyirdi ki, verilişə niyə onları da dəvət etmirəm. Mən də anlada bilmirdim ki, verilişin səlahiyyəti məndə deyil. Nə deyirlər, onu danışıram. Kimi deyirlər, efirə onlar gəlir. Məndən olsa o qədər gözəl verilişlər tərtib edərdim ki, amma elə imkanım yox idi. Bir də görürdün kimsə xahiş edir deyə, rəhbərliyə bildirirdim ki, filankəs gəlsin. Onda da adama elə qəribə baxırdılar ki, sanki mən kimdənsə pul almışam.
Bir də o ərəfədə məndən müsahibə aldıqları zaman demişdim ki, bəzi aşıqlarımız məclislərdə özlərini apara bilmirlər. Sözümün üstündə indi də dayanıram. Görürsən məclisdə o qədər içilər ki, danışıqlarını itirirlər.
Öz başıma gələni danışım ki, belə faktlar dəfələrlə olub. Aşıqlardan biri görürsən məclisdə yaxınlaşır, əlini də stolun başına qoyub, içki dolu nəfəsi ilə deyir: “A Zülfiyyə, adam böyüyəndə nolar ki... Bizi niyə verilişinə çağırmırsan?”.
İndi belə insanla necə danışasan?! Mən də dedim sən Allah, o yana dur, indicə üstümə qaytaracaqsan. Bu mənada həmin verilişdən çıxmağımın mənə faydası dəydi. İndi rahatam.
* * *
Zülfiyyə xanımın hadisələrin təsvirini o qədər real, o qədər gözəl nəql edir ki, onunla sabaha qədər usanmadan söhbət etmək mümkündür.
Ailəsi barədə də söz açan Zülfiyyə xanım bu gün də qardaş-bacıları ilə əlaqələrinin çox sıx olduğunu bildirdi:
- Biz ailədə 5 bacı, 3 qardaş olmuşuq. Qardaşlarımdan biri rəhmətə gedib. Onun övladlarının nə problemi olsa, hamısını mən həll edirəm. Ümumiyyətlə, hesab edirəm ki, Allah hər ailədə bir nəfərə imkan verir. Zənnimcə, o da sınaqdır. Allah var-dövləti həmin kəsə verərək sınayır ki, o, bundan başqaları üçün də istifadə edəcək, ya yox. Nəsildə bir iş düşən kimi mənə zəng vurular, çünki adətən mən o məsələni həll etmək iqtidarında oluram. Əlimdən gəldiyi qədər hər birinə yardımçı olmağa çalışmışam. Bəzi insanlar var, görürsən o qədər var-dövlət, qır-qızıl yığır ki, son da heç özünə də qismət olmur. Elə sərvət kimin nəyinə lazımdır ki?!
İnandırım sizi, elə müğənnilər var ki, toya məndən də baha gedir. Özü də fonoqram oxuyurlar. Amma hər şeyləri kreditdədir. Şükür Allahın bu gününə, imkanım çatan qədər hər şeyi nağd almışam.
Bu əsnada yaradıcılığından da bəhs edən Zülfiyyə xanım ən son işinin oğlu Babəklə birgə çalışdığı disk olduğunu dedi. Söhbətimizə qoşulan Babək anası ilə hər mövzuda həmrəylik göstərərək gələcək yaradıcılığını yalnız anası ilə birgə davam etdirəcəyini söylədi.
- Bu son fəaliyyətimizdən sonra planda yeni mahnılar üzərində iş dayanır. Bundan sonrakı zamanda yalnız oğlumla çalışmaq istəyirəm. Açığı adamı həvəsdən salan amillər çoxdur. Ən başlıcası, disk şirkətləri ilə bağlıdır. Yenə əvvəllər, səsyazma studiyasının, xırda məsələlərin xərclərini qarşılayırdılar. İndi o da yoxdur. Hamısı deyir ki, piratlar qazanmağa imkan vermir. Əslində onları da qınamalı deyil. Özümdən xəbərsiz, mənim də nə qədər kasetlərim çıxıb. Birdən kimsə deyir ki, o gün kasetində filan mahnını eşitdim. Məəttəl qalıram ki, axı studiya şəraitində elə mahnı ifa etməmişəm. Nə bilim, çoxları deyir məhkəməyə müraciət et. Ona da ürəyim gəlmir. Bu da Allahın lütfüdür, kimsə mənim vasitəmlə 5 manat çörəkpulu qazanırsa, mən onun əlindən ala bilmərəm. Odur ki, birdən deyirlər şou-biznes. Azərbaycanda şou var, biznes yoxdur. Türkiyədə müğənni çıxardığı 1 kasetlə 2 il dolanır, bizdə bu, qeyri-mümkündür.
- Babəkdən söz düşmüşkən. Necə oldu ki, oğlunuz da bu sənəti seçdi?
- Babək uşaqlıqdan evdə mahnı oxunanda barmaqları ilə stolun üstdə ritm tutardı. Çox səlis ritmə malik idi. Bir gün Elxan Məmmədli “Sarıtel” verilişini yazırdı. Babək də onda uşaq idi. Birdən əl çəkmədi ki, mən də oxuyacam. Şirin-şirin “Ay mənim göyçək anam, mənim ağbirçək anam” - deyə oxumağa başladı. Onda da uşaq idi deyə, pəltək kimi danışırdı. Vidadi müəllimin o qədər xoşuna gəldi, götürüb eləcə də həmin ifanı efirdən səsləndirdi. O, həmin vaxt demişdi ki, görərsiniz, bu uşaq böyüyüb, musiqiçi olacaq. Sonralar nə qədər deyirdik ki, oxu, istəmirdi, deyirdi, utanıram. Əsgərlikdən gələndən sonra isə utanmağın daşını atdı, başladıq ana-bala mahnılar ifa etməyə. Babəkin 2 illik piano təhsili var. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində 2-ci kursda təhsil alır.
- Zülfiyyə xanım, bəs sizin musiqi təhsiliniz var?
- Gəlin açıq danışaq. Bu gün hamı çalışır ki, toy biznesini düzgün formalaşdıra bilsin. Müğənni üçün ən çətin imtahanlardan biri toy imtahanından yaxşı keçməkdir. Çünki verilişdə, yaxud konsertdə nə oxuyacağını bildiyin halda toyda hər cür insanlarla, sifarişlərlə qarşılaşa bilərsən. Gərəkdir ki, hər kəsin könlünü xoş edə biləsən, məclisi uğurla başa vurasan. Məndə də şükürlər olsun, bu günədək hər şey öz qaydasındadır. Mən universitetə qəbul imtahanından kəsilmişəm. İmtahanda sual vermişdilər ki, “Fatma Qədiri sənətə nə vaxt gəlib?”. Mən də kənddən gələn uşaq, heç həmin adamın adından xəbərdar deyildim. Düzdür, əvvəllər bəzi ziyalı məclislərdə də mənə bu barədə dedilər. Onda da uşaq vardı. Özüm istəmədim. Bu gün nə qədər adam tələbə kimi yanıma gəlmək istəyir. 20 tələbə götürüb hazırlasam, ən azından hər ay 1000 manat gəlirim olar. Ona da səhhətim imkan vermir. Çünki, əsəbiyəm, nəsə bir balaca düz olmayanda əsəbiləşirəm, sonra da öz canım ağrıyır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?