Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində respublikamızda 60 minə yaxın ölüm halı qeydə alınır. Azərbaycanda ölümün əsas səbəbləri qan dövranı, yenitörəmələr, tənəffüs orqanlarının, həzm sistemlərinin xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrdir. Rəsmi statistika göstərir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanların ölüm səbəbləri arasında birinci yerdə dayanan qan dövranı (ürək-damar) sisteminin xəstəlikləri ildən ilə artamqadıdr. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1963-cü ildən başlayaraq indiyədək respublikamızda ölüm səbəbləri sırasında ürək-damar sistemi xəstəlikləri öndə gedir. İndi ölkəmizdə ildə 30 mindən çox adam bu xəstəliyin qurbanı olur. Sonrakı yeri isə onkoloji xəstəliklər tutur. İqlim dəyişkənliyi, təbii qidalanmama son illər şiş xəstəliklərinin sayını artırıb. Səhiyyə Nazirliyi də bildirir ki, Azərbaycanda bu xəstəlik cavanlaşmaya doğru gedir. İndi ölkəmizdə ildə 6 minə yaxın adam yenitörəmələrin qurbanı olur. Azərbaycanda ölümün sonrakı səbəbi tənəffüs yolları xəstəlikləridir. Hər il 2 minə yaxın insan tənəffüs yolları xəstəliklərindən dünyasını dəyişir. Qalan ölüm səbəbləri yol qəzaları, digər bədbəxt hadisələr, travmalar, zəhərlənmə və zədələrdən baş verir. Ölüm səbəbləri sırasında sonrakı yerləri simptomlar və düzgün qeyd olunmamış hallar, sidik-cinsiyyət sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları, yoluxucu və parazitar xəstəliklər, əsəb sistemi və hissiyat orqanlarının xəstəlikləri tutur. Azərbaycanda anadangəlmə anomaliyalardan ildə 450-dən çox ölüm qeydə alınır. Ölkəmizdə vəfat etmiş şəxsin ailəsinə verilən birdəfəlik müavinətin (dəfnpulu) məbləği qanunvericiliyə görə, mərhumun əmək pensiyaçısı və ya işləyib-işləməməsindən asılıdır. Vəfat etmiş şəxs əmək pensiyaçısı olubsa, onun ailəsinə orta əmək pensiya məbləğinin 3 misli qədər dövlət yardımı ayrılır. Əgər mərhum işləyən şəxs olubsa, qanunvericilikdə həmin şəxsin ailəsinə dəfn üçün müəyyən olunmuş məbləğdə müavinət təyin edilir. 2013-cü ildə əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına 62,3 milyon manat məbləğində müavinət ödənilib. Modern.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin illik hesabatında qeyd olunub. Həmin vəsaitin 14,9 faizi dəfn üçün ödənilən müavinətlərin payına düşür. Bu isə o deməkdir ki, 2013-cü ildə Azərbaycanda dünyasını dəyişmiş şəxslərin ailələrinə 9 milyon 282 min 700 manat dəfnpulu ödənilib. A.Qorxmaz
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?