Britaniya kəşfiyyatı Brejnevin oğluna tələ qurmuşdu...
Kəşfiyyatın silahı Ann adlı qadın idi. Britaniya kəşfiyyatı deyirdi ki, Ann-in heç vaxt uğursuzluğu olmayıb. 25 yaşlı ukrynalı tələbə deyir ki, hazırda ən güclü arqument silahın arqumentidir. Britaniya kəşfiyyatı qadın agentin köməyi ilə o vaxtki SSRİ lideri Leonid Brejnevin oğlunu İsveçin paytaxtı Stokholmda tələyə salmaq istəyib. Bunu öz xatirələrində İsveç kəşfiyyatı Sapo-nun 1966-1978-ci illərdə rəhbəri olan Olof Franstedt bildirib. O vaxtlar İsveçdə cəmiyyətin yüksək təbəqlərində adi ev paltarında, intim şəraitdə məclislər çox dəbdə idi. Britaniyanın Mİ6 kəşfiyyatının “silahı” Ann adında qadın olub. Ona verilən tapşırığa görə, Leonid Brejnevin oğlu Yuri Brejnev 1970-ci ildə Stokholma işgüzar səfərə gələndə Ann onu bu məclisə gətirməli və Sovet liderinin oğlunu gözdən salacaq fotolar, videolar çəkilməli idi. Franstedt yazır ki, o vaxt isveçlilər və qərblilər Stokholmda belə açıq-saçıq məclislərə dəvətdən heç vaxt imtina etmirdilər və Britaniya kəşfiyyatı fikirləşirdi ki, ruslar niyə imtina etməlidir? Ancaq Yuri Brejnev gözlənilmədən İsveçi tələsik tərk etdi. Sonralar məlum oldu ki, Britaniya kəşfiyyatının planı haqda SSRİ-yə xəbər verilibmiş. Bunu 9 il sonra ikili agentin özü etiraf edib. Stig Bergling 1979-cu ildə ifşa olunanda boynuna aldı ki, 1970-ci ildə Yuri Brejnevlə bağlı plan haqda məhz o SSRİ-yə məlumat vermişdi.
Silahın arqumenti
Washinqton Post qəzetinin müxbiri Donetskdə 25 yaşlı bir tələbə ilə söhbət edib. Yeqor Firsov Donetskdəndir, demokratdır və Rusiyaya birləşməyin əleyhinədir. Ancaq o deyir ki, Kiyevin “Kreml terrorçuları” dediyi maskalıların sayı artsa və ya Rusiya qoşun yeritsə, əksəriyyətin səsi eşidilməyəcək. O, referenduma da inanmır: “referendumun nəticələri saxtalaşdırılacaq. Heç kim bizdən soruşmayacaq ki. Ukraynada qalmaq istəyirsiniz yoxsa Rusiyaya birləşmək? Silahın arqumenti bütün dəlillərdən üstündür”. Qəzet yazır ki, ABŞ Beynəlxalıq respublikaçı İnstitutunun apreldə apardığı sorğuya görə, Ukraynanın bölünməsini Şərqi Ukraynada rəyi soruşulanların cəmi 5 faizi dəstəkləyir, cənubda belə düşünənlər 2 faizdir.
Təkcə Krım fərqlidir
ABŞ-ın Pew Araşdırma Mərkəzinin Ukraynada apardığı sorğuya görə, ukraynalıların əksəriyyəti ölkənin tamlığını istəyir. Əksəriyyət Rusiyanın Ukrayna hadisələrində rolunu mənfi qiymətləndirir. Rəyi soruşulanların 77 faizi Ukraynanın vahid ölkə kimi qalmasını istəyib. 14 faiz isə deyib ki, kim istəyirsə, qoy, ayrılsın. Ukraynaın qərbində cavab verənlərin 93 faizi birliyə tərəfdardır. Ukraynanın Rusiya ilə sərhəd regionlarında da rəyi soruşulanların 70 faizi Ukraynanın parçalanmasının əleyhinə çıxıb. Yalnız Krımda rəyi soruşulanların yarıdan çoxu - 54 faizi regionlara Ukraynadan ayrılmaq haqqının verilməsinə tərəfdar olub.
Biznes şahla da işləyər
Washinqton Post yazır ki, Ukrayna hadisələri milli maraqlarla biznes maraqları arasında ziddiyyəti üzə çıxartdı. BP Britaniya hökumətinə bildirib ki, Rusiyaya qarşı sanksiyalar Britaniya biznesinə ziyan vura bilər. ABŞ-ın Boeing şirkəti Rusiyaya təyyarələr satmaq istəyir. Rusiya Pepsi Colanın dünyada satıldığı ikinci ən böyük bazardır. Qəzet yazır ki, ABŞ-ın iri şirkətləri çar ambisiyalarına baxmayaraq Putin Rusiyası ilə də işləyər, Leninçi kapitalist Çinlə də, Yaxın Şərqin orta əsrlərdən qalma şahlıqları ilə də. Qəzetin fikrincə, cəmiyyət bilməlidir ki, bazar özü-özlüyündə azadlıq, demokratiya kimi dəyərlərə biganədir. R.Əlicanlı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?