İnsan alverinin digər sahəsi olan orqan alveri də inkişaf etməkdədir, vətəndaşların aldadılaraq həm ölkə ərazisində, həm də sərhəddən kənarda orqanları çıxarılır və satılır
2012-ci il geridə qaldı. Lakin ötən ilin hesabatı qarşıdakı ilə hər zaman təsir göstərir. Odur ki, geridə qalan ilə nəzər salmalı olduq. Bu dəfə mövzumuz insan alveri ilə bağlıdır. 2012-ci ildə alınanlar, satılanlar və pulsuz işlədilənlər haqqında ümumi məlumatı bizə Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova verdi. Əlövsət Əliyevin xəbəri kifayət qədər sevindiricidir. Sən demə, 2012-ci il bu sahədə ən uğurlu ilimiz olub: "İnsan alverinə qarşı mübarizə sahəsində 2012-ci il Azərbaycanın ən uğurlu illərindən biri kimi yadda qaldı. Bu ilə qədər dövlət məmurları, hətta milli koordinatorlar çıxışları zamanı deyirdilər ki, əməyin istismarı faktı Azərbaycan üçün real deyil. Amma 2012-ci il əməyin istismarı faktına görə bir neçə cinayət işi başladı. Bu, Azərbaycan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi, insan alverinə qarşı mübarizə aparan ən yüksək dövlət məmurları tərəfindən etiraf edildi. Eyni işlərə görə 2011-ci ildə bizim çoxsaylı məhkəmə proseslərimiz keçmişdi, amma 2012-ci ilin sonlarında Daxili işlər nazirinin müavini Vilayət Eyvazov QHT-lərlə keçirdiyi görüşlərin birində bildirdi ki, biz imkan verə bilmərik ayrı-ayrı ölkələrin firmaları gəlib Azərbaycanda insanları məcburi əməyin qurbanına çevirsinlər”. Miqrasiya Mərkəzinin rəhbəri daha sonra bildirdi ki, 2011-ci ildə Ali Məhkəmədə və aşağı məhkəmələrdə icra edilməyən işlərə 2012-ci ildə yenidən baxılıb və bütün işlər öz uğurlu həllini tapıb: "İşlərdən biri də Bosniya və Hersoqovina vətəndaşlarının Azərbaycanda məcburi əməyin qurbanı olması ilə bağlı idi. Ali Məhkəmə nümayəndəsi olduğumuz şəxslərin işlərini təmin elədi. Məhz 2012-ci ildə biz ilk dəfə Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin dəstəyi ilə Azərbaycanda 6 milyondan çox verilməmiş əmək haqqının ödənməsinə nail olduq. Bu onun göstəricisidir ki, Azərbaycan ötən illərdən fərqli olaraq məcburi əməyə qarşı müəyyən sərt mövqe ortaya qoydu. Bu bütün hallarda gələcək uğurlardan xəbər verir”. Azərbaycanda insan alverinin digər sahəsi olan orqan alveri də inkişaf etməkdədir. Vətəndaşların aldadılaraq həm ölkə ərazisində, həm də sərhəddən kənarda orqanları çıxarılır və satılır. Bu hər zaman könüllü olmasa da, bütün hallarda hər iki tərəfdən zərbə alan kasıb, zavallı insanlardır. Ə.Əliyev bu qurbanların hüquqlarının kobud şəkildə pozulmasından danışdı: "Bizi narahat edən orqanların transplantasiyası ilə bağlı məsələlərdə qanunvericilik problemidir. Çünki həm cinayət Məcəlləsində orqanların qanunsuz transplantasiyası maddəsi var, həm də insan alveri maddəsi. Azərbaycanda orqanların transplantasiyası ilə bağlı cinayətlərdə insan alveri maddəsi ilə yox, orqanların transplantasiyası maddəsi ilə cinayət işi başlayır. Bu da hədsiz cəzalardır. Bununla bağlı bir neçə məhkəmə prosesi oldu. Ümid edirəm ki, bununla bağlı 2013-cü ilin ilk 6 ayı ərzində ölkədə yeni qərar qəbul edəcək. Azərbaycanda insan orqanlarının transplantasiyası faktları ölkəmizdə mövcuddur. Vətəndaşlarımızın xarici ölkələrə aparıb orqanlarını çıxarıb satma faktı mövcuddur. Bu müxtəlif yollarla həyata keçirilir. Üstəlik, bu cinayət faktlarının prokurorluq tərəfindən aparılması doğru deyil. Çünki qanuna əsasən bu kimi cinayət faktları Daxili İşlər Nazirliyi tərəfindən aparılmalıdır. Odur ki, heç bir uğurlu nəticə əldə etməyiblər”. İndiyə qədər Azərbaycan vətəndaşları Rusiya və digər qonşu ölkələrdə əmək qurbanlarına çevrilirdilər. Aldadılaraq sənədləri əllərindən alınan həmyerlilərimiz illərlə əmək haqqı almadan işləyirdilər. İndi vəziyyət dəyişib. Azərbaycanda da əməkçi miqrantları tələyə salıb, köləyə çevriənlər artıb: "2012-ci ildə bizə müraciət edən məcburi əməyin qurbanlarının sayı daha çox olub. Bunlar əsasən Türkmənistan, Rumıniya, Əfqanıstan, İran vətəndaşlarıdır”. Qeyd edək ki, son aylar Azərbaycana ən çox miqrant axını Rumıniyadandır. İnsan alverinin digər sahəsi isə fahişəliyə cəlb etmədir. Ölkəmizdə fahişəliyə cəlb etmə və günbəgün artan əxlaqsızlıq yuvaları barədə tez-tez Daxili İşlər Nazirliyinin mətbuata verdiyi xəbərlərdən agah oluruq. "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, qadın alverinin qurbanlarının sayı 2012-ci ildə 30-dan çox olub. Mehriban Zeynalova azərbaycanlı qadınların daha çox yenə də Türkiyədə istismara məruz qaldığını bildirdi: "Adətən, qadınlarımızı Türkiyədə istismara məruz qoyurlar. Bu yəqin ki, ölkələrimizin həm ərazi, həm də dil baxımından yaxınlığından irəli gəlir. Bundan başqa, azərbaycanlı qadınların Ərəb Əmirliyi, İran, Rusiya kimi ölkələrdə də məcburi şəkildə fahişəliyə cəlb edilməsi faktları ortadadır”. Qeyd edək ki, qanunvericilikdə olan son dəyişiklik ölkə ərazisində sui-istifadə edilən qadınları insan alveri qurbanı kimi təqdim edilməsinin qarşısını aldı. Yeni qanunvericiliyə əsasən, insan alverinin qurbanı ancaq ölkə sərhədlərindən çıxarılanlara şamil edilir. Bu isə ölkə daxilində qurbana çevrilənlərin sonradan təzminat almaq və digər bu kimi hüquqlarının üstündən qara xətt çəkir. Şəhla
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?