Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd addım atmağa hazırlaşır. Belə ki, insan alveri qurbanı olan Filippin vətəndaşı Llanto Fe Diazın iradəsinə zidd olaraq zorla ölkədən çıxarılması təhlükəsi var. Llanto Fe Diaz Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2014-cü il tarixli hökmü ilə insan alverinin qurbanı kimi tanınsa da, onu bir ildən artıq müddətdə istismara və zorakılığıa məruz qoyan Aynur Mehdiyeva 8 il 6 ay həbs qarşılığında bir il sınaq müddəti olmaqla şərti cəza almışdır. Zərərçəkənin apelyasiya şikayəti də təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlamışdır. Hökmdə Filippin vətəndaşına məruz qaldığı mənəvi və maddi ziyana görə kompensasiya nəzərdə tutulmamış, lakin zərərçəkənin mülki iddia qaldırmaq hüququ ona izah edilmişdir. Hal-hazırda Llanto Fe Diaz hökmdən kassasiya şikayəti verib və Ali Məhkəməyə çağırış gözləyir. Eyni zamanda o, cavabdehin yaşayış ünvanı üzrə Nərimanov rayon məhkəməsinə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia ərizəsi verməyə hazırlaşır. Belə bir mərhələdə insan alverinin qurbanının iradəsinə zidd olaraq ölkədən çıxarılması həm İnsan Alverinə qarşı Mübarizə haqqında Azərbaycan Respublikası Qanununun, həm də ölkəmizin bu sahədə tərəfdar çıxdığı beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.
2014-cü ilin noyabr ayında Llanto Fe Diazı işə götürmək istəyən şəxslər Miqrasiya İdarəsinə işçi vizası üçün müraciət etmiş və rədd cavabı almışlar. Miqrasiya İdarəsinin rəhbərliyi bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin Llanto Fe Diazın "problemli adam" olduğu üçün, məhkəməyə müraciət etdiyi üçün, "ölkənin imicinə zərbə vurduğu üçün" ona işçi vizası verməkdən imtina etməsi ilə izah etmişlər. Halbuki, ona qarşı insan alveri və əməyin istismarı cinayətləri törətməklə, onu insan alverinin qurbanına çevirməklə ölkənin imicinə ağır zərbə vuran məhkum Aynur Mehdiyeva bu gün azadlıqdadır. Llanto Fe Diazı öz hüquqlarını məhkəmələrdə müdafiə etmək hüququndan məhrum etmək isə ölkənin imicinə növbəti daha böyük zərbədir və beynəlxalq səviyyədə səs-küyə səbəb olacağı şəksizdir. Llanto Fe Diaz 26 dekabr 2014-cü il tarixində Miqrasiya İdarəsinə immiqrant statusu almaq məqsədilə rəsmi ərizə ilə şəxsən müraciət etmişdir. İdarədə ona immiqrant ststusu verməklə bağlı heç bir problem olmadığı, lakin bunun üçün DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinin razılığının tələb olunduğu bildirilmişdir. Llanto Fe Diaz hətta ölkədən qanunsuz olaraq çıxarılacağı halda belə hüquqları uğrunda sonadək mübarizə edəcəyini, kassasiya şikayəti və mülki ididası təmin olunmayacağı halda Avropa Məhkəməsinə müraciət edəcəyini bildirir: "Aynur mənə bir il işgəncə verib, zülm edib. Mən mütləq onun cəzalandırılmasına nail olmalıyam".
Xatırladaq ki, Aynur Mehdiyeva Milli Şura üzvü Gültəkin Hacıbəylinin keçmiş baldızıdır. Onun məsuliyyətdən yayındırılması da məhz G.Hacıbəyliyə qarşı hakimiyyətin apardığı siyasi təqib kampaniyasında iştirakı ilə bağlıdır. Nəticə də isə, Filippinli qadın nəinki insan alverinin, eyni zamanda Azərbaycan hakimiyyətinin siyasi intriqalarının qurbanına çevrilir.
İnanmaq istəyirik ki, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, DİN-in müavini Vilayət Eyvazov bu məsələyə təcili müdaxilə edəcək və insan alverinin qurbanına qarşı bu qanunsuzluğun qarşısı alınacaqdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?