Cəzasızlıq mühiti davam etdikcə, əsgər ölümləri, “ Gülərqeyt” olayları silsilə xarakterli olacaq
Axırıncı əsgər ölümü ilə bağlı Orduda heç zaman baş verməyən hadisələri müşahidə edirik. Əgər əvvəllər bu tip hadisələrdə hərbi hissələrin komandir heyəti susqunluq nümayiş etdirirdisə, indi bu ənənə Şəmkir korpusunun komandiri general Rövşən Əkbərov tərəfindən pozulub. Rövşən Əkbərov tutduğu vəzifənin gərəyi olaraq susmaq əvəzinə, mətbuatın manşetlərinə çevrilən palaz-palaz açıqlamalar verir. Bir yandan nazirlik tərəfindən cəzalandırmalar, həbslərə rəvac verilmə davam edərkən, o biri yandan Rövşən Əkbərov özünü təmizə çıxarmağa uğursuz cəhd edir, nazirlik rəsmilərinin verməli olduqları açıqlamaları özünə rəva bilir. Əsgərin ürək çatışmazlığından öldüyünə israr edir və burada öz günahsızlığını sübut etməyə çalışır. Daha demir ki, ürək çatışmazlığı olan bir gəncin əsgəri xidmətdə nə işi var? Xüsusilə də bu cür ciddi çatışmazlığı olan insan necə olur ki, 3000 metrlik yüksəklikdə olan bir pozisiyaya göndərilir? Niyə cavab vermir ki, bu yüksəkliyə 3 mərhələdə fasilələrlə qaldırılmalı olan əsgərlər bir nəfəsə qaldırılır? Təbii ki, bu xoşluqla baş verməyib. Çünki hansı əsgər vərdiş etmədiyi və oksigenin getdikcə daha az olduğu yüksəkliyə bir nəfəsə, özü də fasilə etmədən çıxmaq istər ki?! Əgər mərhələli qaldırılma həm fizioloji, həm də hərbi nizam olaraq varsa, bu əmrin yerinə yetirilməməsi üçün cəza gərəkməzmi? Və əgər bu cür proseslər mütəmadi Şəmkir korpusunda baş verir və əmrlər kobud surətdə pozulursa, bu komandirin yerində olmadığını göstərmirmi? Üstəlik, oğlu Ukrayanada Rövşən Əkbərov tərəfindən öldürüldüyünü on illərdir iddia edən Səmayə Əliyeva kimi anaların fəryadı varkən generalın bu cür məsuliyyətsiz açıqlaması nə qədər insanidir və əsəbləri gərməkdən başqa nəyə yaraya bilir ki? Bunu dürüst birisinin söyləməsi haradasa bəlkə də anlaşıla bilərdi. Amma bu gün cəmiyyət arasında generalın narkoman, qadın düşkünü, ayağında bir neçə insan ölümü olması ilə əlaqədar fikirlər dolaşırkən bu cür boğazdan yuxarı açıqlama verməsi də bir daha göstərir ki, Rövşən Əkbərov özbaşına danışmır və onu Prezident Aparatından danışdırırlar. Bu gün general bütün bunlara rəğmən yenə danışa bilirsə, bu, onun toxunulmazlar sırasına aid olduğunu göstərir. Və bu cür toxunulmaz generallar var olduqca və cəzasızlıq mühiti davam etdikcə, əsgər ölümləri, “Gülərqeyt” olayları silsilə xarakterli olacaq. Redaksiyamıza Daşkəsəndə «N» saylı hərbi hissədə yaşanan əsgər ölümü faktı ilə bağlı ilginc məlumatlar daxil olub. Xatırladaq ki, cəsədinin üzərində zorakılıq əlamətləri olan Ceyhun Zaman oğlu Qubadov Şəmkir korpusunun əsgəri olub və bu hadisə ilə əlaqədar hərbi prokurorluq tərəfindən cinayət işi açılıb. Bu barədə danışan qaynaq iddia edir ki, açılmış cinayət işi ilə əlaqədar müstəntiqlər tərəfindən hərbi hissənin komandiri və daha bir neçə rütbəlisi artıq dindirilib.Mənbəmiz bildirdi ki, hərbi prokuroruluğun müstəntiqləri eyni zamanda işlə əlaqədar Şəmkir hərbi birləşməsinin komandanı general Rövşən Əkbərovu da dindirməyə hazırlaşırlar. Mənbəmizin söylədikləri: «Rövşən Əkbərovun general rütbəsi daşıması bu addımın atılması üçün xüsusi icazənin verildiyini də təsdiqləyir. Yəni bu o deməkdir ki, artıq «yuxarılar» da məhz iqtidardaxili qruplaşmalar arasında gedən oyunlar nəticəsində bu vəzifəyə gətirilmiş Rövşən Əkbərovun qələmini qırıblar». Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Gəray
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?