Avtomobillər niyə satışa çıxarılmır və ya kimlərəsə verilmir?
Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsindən iki il ötür. Bu tədbir hər halda uzun illər xatırlanacaq. İlk dəfə idi bu müsabiqəyə ev sahibliyi edən Azərbaycan həmin günlər dünyanın diqqətini özünə cəlb etməyi bacarmışdı. Amma möhtəşəmliyi ilə yadda qalan “Eurovision-2012” müsabiqəsinin hələ də hər kəs üçün qaranlıq qalan başqa bir tərəfi də var. Bu da yarışmaya gələn alman turistlərin azərbaycanlı qaçqınlara hədiyyə olaraq gətirdiyi maşınlardır... Belə ki, “Eurovision-2012” mahnı yarışmasını izləmək üçün Bakıya gələn 666 alman turist özləri ilə sürüb gətirdikləri 240 ədəd avtomobili azərbaycanlı qaçqın və məcburi köçkünlərə bağışlayaraq təyyarə ilə geri qayıtmışdılar. Həmin alman turistlər “Allgeau-Orient” avtorallisinin iştirakçıları idilər. Bu ralliyə 20 ölkədən 111 komanda və 355 avtomobil qoşulmuşdu. Onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Bakıya qədər 9000 km məsafəni qət edərək dünyanın ən böyük avtomobil yürüşünü keçirmiş, Oberstaufen şəhərindən aprelin 28-də başladıqları avtorallini Qobustanda başa vurmuşdular. Qayıdanda isə maşınların 240-nı azərbaycanlı qaçqınlara bağışladıqlarını bəyan etmişdilər. Amma həmin maşınların biri də qaçqınlara çatmadı. Səbəb isə maşınların gömrük rüsumu ilə (el arasında buna “rastamojka” deyirlər) bağlı problemin yaranması olmuşdu. Halbuki... Avtomobilləri sənədləşdirmək çətin məsələ olduğundan onlara sahib çıxan da olmadı. Qaçqınlara da heç bir güzəşt edilmədi. Bu maşınların birinin gömrük xərcinin 8 min manata çatdığı deyilir. Əldə etdiyimiz məlumata görə, həmin maşınlar hələ də Binəqədi qəsəbəsindəki avtodayanacaqdadır. Həmin avtodayanacağa getdik. Maşınlar doğrudan da oradadır və iki fərqli yerdə saxlanılır. 240 maşının təxminənən 200-dən çoxu bir avtodayanacaqdadır, qalanları ayrı yerdə. Özümüzü jurnalist deyil, həvəskar fotoqraf kimi təqdim edərək bir neçə dəqiqəliyə maşınların bir hissəsinin saxlanıldığı əraziyə daxil ola bildik. Nəzarətçi rəhbərliyin icazə vermədiyini deyərək orada artıq qalmağımıza icazə vermədi. Amma nəzarətçi bizimlə həmsöhbət oldu. O deyir ki, bu maşınlar 2012-ci ildən buradadır və nə qədər gətiriblərsə, hamısı qalır: “240 maşının hamısı buradadır. Heç birini də heç yerə aparmayıblar”. Avtomobillərin hissələrə ayrılaraq satılması xəbərlərinin yalan olduğunu deyən nəzarətçinin sözlərinə görə, maşınları indi də işə salmaq olar: “Təzə maşınlardır. İndi də istəsən, minib sürə bilərsən”.
Nəzarətçi maşınların taleyinin necə olacağından xəbərsizdir. Onun “bu maşınları bura kim gətirib” sualına cavabı belə oldu: “Bura dövlətin ərazisidir. Mən nəzarətçiyəm. İşimi görürəm. Başqa da nəsə bilmirəm”. “Bəxti qara” maşınların taleyi haqda müxtəlif qurumlardan da məlumat əldə etməyə çalışdıq. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hələ o zaman icmanın bağışlanan bu maşınlardan imtina etdiyini söyləmiş, bunu da avtomobillərin sənədsiz olması ilə izah etmişdi. B.Səfərov indi də bu maşınların taleyindən xəbərsiz olduğunu dedi. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi də maşınların harada olmasından xəbərsizdir. Qurumun mətbuat xidmətindən bildirildi ki, avtomobillərin qaçqın və məcburi köçkünlərə verilməsi ilə bağlı xəbərlər yayılan gündən Dövlət Komitəsi bu maşınlardan imtina edib. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı açıqlamasında maşınlar haqda iki ilə yaxındır nəsə eşitmədiyini dedi: “Hələ “Eurovision-2012” vaxtı və ondan sonra bu maşınların qaçqınlara və məcburi köçkünlərə veriləcəyi deyilirdi. Bu məsələ bir neçə gün müzakirə ediləndən sonra unuduldu. Bildiyim qədər heç kim bu maşınlara sahib çıxmadı. Əslində bu maşınların Bakıda saxlanılması düzgün deyildi. İndi o maşınların harada olduğunu bilmirəm. “Rastamojka”nın baha olmasını əsas gətirərək bu maşınları heç kimə vermədilər. Bəlkə də bununla bağlı qaçqın və məcburi köçkünlərə güzəşt edilə bilərdi. Amma edilmədi. Bu maşınları indi sosial fəaliyyətlə məşğul olan təşkilatların istifadəsinə vermək olar”. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Nailə Məmmədova açıqlamasında bildirdi ki, bu maşınların BŞİH-ə heç bir aidiyyəti yoxdur. N.Məmmədova bununla bağlı maşınların saxlanıldığı ərazinin aid olduğu icra hakimiyyəti ilə əlaqə saxlamağımızı məsləhət gördü. Biz də o məsləhətə əməl etdik. Əldə etdiyimiz məlumata görə, avtomobillər Binəqədi rayon İcra Hakimiyyətinə verilib. Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun 240 maşınla bağlı hansı işlər görəcəyi isə məlum deyil. Məsələ ilə bağlı Binəqədi RİH-ə həftələr uzunu dəfələrlə müraciət etsək də cavab ala bilmədik. RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova öncə sorğumuza müvafiq araşdırma aparandan sonra cavab verəcəklərini dedi. Lakin günlərlə sorğuya cavab ala bilmədik. Davamlı etdiyimiz zənglərə sadəcə cavab verilmədi. Telefon gah qaldırılmadı, gah da söndürüldü.
Qeyd edək ki, 240 maşının taleyinin necə olacağı, daha doğrusu, sonda kimin cibini “oxşayacağı” məlum deyil. Ancaq görünən budur ki, müxtəlif qurumlar arasında yalnız Binəqədi RİH özünü, necə deyərlər, bir qədər “şübhəli və xoflu” aparır. Əgər RİH-in həmin avtomobillərdə iştahı və gözü yoxdursa, heç olmasa deməyə sözü olsun. Yəni digər qurumlar kimi RİH də bu haqda nəsə bir söz deyə bilərdi. Məsələn, “o maşınları biz də istəmirik” deyə bilərdi. Amma demirlər, ümumiyyətlə, danışmırlar...
“Rastamojka”sının 8 min manata yaxın olduğu deyilən bu maşınların ən ucuzunun qiyməti hazırda Bakının avtomobil bazarlarında 3-4 min manatdır. Görünür, qaçqın-köçkünlər üçün Azərbaycana verilən “bəxti qara” maşınların taleyi hələ uzun zaman məlum olmayacaq. Məcmu dəyəri azı yarım milyon manatdan çox edən bu avtomobillər bir qədər də zaman keçəndən, almanların o hədiyyəsi tam unudulandan sonra yəqin ki, “əriyib suya dönəcək”, axıb-axıb kimlərinsə pul kisəsini dolduracaq. Görünən budur... Görünən odur ki, hansısa məmur və ya məmurlar bu məsələdə maraqlıdır... E.Qasımov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?