75 yaşlı qoca 8 aylıq hamilə gəlinini polisin vurduğunu və onun bu zərbədən uşağını itirdiyini deyir
Abşeron rayonu Qobu qəsəbəsi, Səməd Vurğun küçəsindəki 100 saylı evdə yaşayan Qəniyev Gülhüseyn Xələf oğlunun adından redaksiyamıza şikayət ərizəsi ünvanlanıb. FaktXəbər-in məlumatına görə, şikayətdə bildirir ki, ötən ilin noyabr ayında Qobu qəsəbəsinin bələdiyyə sədri 6 nəfər polis işçisi ilə onun evinə basqın edib və ailə üzvlərinə təzyiq göstərib. Və bu təzyiqlərdən 8 aylıq hamilə gəlini uşağını itirib. Məktubda deyilir: ”75 yaşım var, 3 ali təhsil almışam, hazırda gözlərim tamamilə görmür və 16 nəfərlik ailəni oğlum Qəniyev Vüqar dolandırır. 18 iyul 2012-ci ildə 5 otaqlı evim elektrik qısa qapanmasından tamamilə yandı və nəinki ev əşyalarımızı, heç paltarlarımızı da götürə bilmədik. Məcburiyyət qarşısında qapısız-pəncərəsiz yarımçıq tikiliyə sığınmalı olduq. Mən 23 iyul və 15 oktyabr 2012-ci il tarixlərində Abşeron rayonu icra hakimiyyəti başçısının, 28 iyul və 30 avqust 2012-ci il tarixlərində isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qəbulunda oldum. Abşeron rayonu icra hakimiyyəti başçısı rayonun rəhbər işçilərinin iştirakı ilə keçirdiyi iclasa məni də dəvət etdi və mənim yanımda Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanova dedi ki, ”onun evinin bərpası üçün lazım olan köməkliyi et”. Ənvər Əmiraslanov da söz verdi ki, ”baş üstə edərəm”. 17 oktyabr 2012-ci ildə Qobu bələdiyyəsinə gedib Ənvərdən kömək istəyəndə o dedi ki, ”indi pul yoxdur. Sən get qapı-pəncərəni sifariş ver, salsınlar. Mən pulunu verərəm”. Mən sifariş verdim, qapı-pəncərəni saldılar. Lakin Ənvər Əmiraslanov pulu vermədi və mən məcbur olub kənd camaatından borc alıb qapı-pəncərənin pulunu verdim. 2012-ci il noyabrın 7-də saat 16 radələrində mən Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanova zəng edib dedim ki, ”camaatdan borc almışam, qapı-pəncərənin pulunu ödəmək lazımdır.” Ənvər Əmiraslanov mən dedi ki, ”bir az gözlə, heç yerə getmə, pulu gətirəcəm.” O, telefonda bu sözləri oğlum Vüqara da dedi. Saat 17-də Ənvər Əmiraslanov polis maşını ilə gəldi və polislərə göstəriş verdi ki, “Vüqar yuxarıdadır, tutun onu”. 6 nəfər polis əllərində dəyənək yüyürə-yüyürə, qız-gəlini tapdalaya- tapdalaya evə daxil oldular. Əvvəlcə məni, hər iki gözü görməyən 75 yaşlı ziyalını dəyənəklə kürəyimdən, 70 yaşlı həyat yoldaşımı isə dəyənəklə çiynindən vurdular. Sonra Vüqarı qolundan, qıçından tutub sürüyə- sürüyə, döyə-döyə polis maşınına apardılar. Gözü qabağında 6 nəfər polisin həyat yoldaşı ilə vəhşicəsinə rəftarını görən Vüqarın 8 aylıq hamilə olan yoldaşı Təhminə ərinə tərəf getmək istəyəndə, ortaboylu, dolu bədənli, qarabuğdayı, üzündə nazik çapıq olan polis dəyənəklə onun çiynindən vurdu. Qobu qəsəbəsinə təhkim olunmuş Rauf adlı hündürboylu, enlikürək polis işçisi isə Təhminənin yaxasından tutub yerə çırpdı. Zərbənin təsirindən 8 aylıq hamilə olan gəlin möhkəm şəkildə yerə dəydi və huşunu itirdi. Həkim süni tənəffüs verəndən və naşatır spirti iylətdirəndən sonra 10 dəqiqə huşsuz qalmış Təhminə ayıldı. Bütün bu mənzərəni seyr edən bələdiyyə sədri Ənvər Əmiraslanov komanda verdi ki: ”Kifayətdir, bəsdir. Vüqarı buraxın. Qoy bunlar da bilsinlər ki, buranın ağası mənəm. Bir də pul istəməzlər. Bir də şikayət etməzlər.” Ertəsi gün gəlinim Təhminə 8 aylıq oğlan uşağını itirdi. Həkimin rəyinə görə, ana huşunu itirdiyi vaxt uşaq ana bətnində havası çatmadığına görə boğulmuşdu. Mən bilmək istəyirəm, polislər hansı səbəb və qanunla mənim evimə daxil oldular? Qanunvericiliyə görə, ana bətnindəki 3 aya çatmış uşaq artıq tam hüquqlu insan sayılır. Bəs onda aidiyyəti orqanların mənim nəvəmin qatillərini cinayət məsuliyyətindən qaçırtmaqda maraqları nədir? Xahiş edirəm, mənim ailəmə evimdə basqın edərək nəvəmi qətlə yetirən, hər iki gözü kor olan 75 yaşlı ziyalını, 70 yaşlı ağbirçək qadını, 8 aylıq hamilə qadını və heç bir günahı olmayan oğlum Vüqarı vəhşicəsinə döyən 6 polis işçisinin və Qobu bələdiyyəsinin sədri Ənvər Əmiraslanovun cəzalandırılmasına yardım edəsiniz.” Əziz Sahiboğlu
Sorğu
Yeni dizaynımız necədir?