Sadə insanların baxışlarında zaman-zaman formalaşmış, bəlli bir polis obrazı var. Bununla yanaşı, ictimai təhlükəsizliyin və sabitliyin qorunmasında müstəsna xidməti olan gərgin bir polis əməyi də var.
Polis nədir? Polis necə olmalıdır? Polis adı gələndə niyə çoxumuz dodaq büzürük və polis görəndə niyə bəzilərimizin qaşqabağı yerlə gedir? Hər birimizin demək olar ki, hər gün rastlaşdığı polislə vətəndaş arasında münasibət necə olmalıdır?
Aşağıdakı yazıda bu suallara cavab tapmağa çalışacağıq.
Ölkəmizdə hər sahədə olduğu kimi hüquq mühafizə orqanlarında da şəxsi heyətin inkişafı, onların bilik və bacarıqlarının artırılması, şəxsi və peşə keyfiyyətlərinin yüksəldilməsi və onların dünyanın ən qabaqcıl tələblərinə uyğunlaşdırılması prosesinin uğurla davam etdirilməsindən danışılır. Etiraf etməliyik ki, bu istiqamətdə az işlər görülmür. Amma təəssüflər olsun ki, hüquq mühafizə orqanlarında, daxili işlər orqanları əməkdaşları arasında öz vəzifə borclarını və öhdəliklərini hələ də lazımınca anlamayan, üzərlərinə düşən məsuliyyəti dərk etməyən təsadüfi işçilər də fəaliyyət göstərir.
“Gündəm xəbər” bu dəfəki sayında daxili işlər orqanları əməkdaşları üçün etik davranış qaydaları barədə yazır.
Vətəndaş inamı qazanmaq
Dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaş¬la¬rının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insan¬larla ünsiyyət yaratmaq, onların inam və etibarını qazan¬maq bacarığından bilavasitə asılıdır. Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hör¬mətə və nüfuza malik, dövlətə, xalqa və xidməti bor¬ca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları in¬sanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər.
Polisin etik davranış kodeksi
Daxili İşlər Nazirliyinin 08.04.2005-ci il tarixli 130 №-li Əmri ilə təsdiq edilmiş daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi (bundan sonra Davranış kodeksi) – əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanun¬çuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. Daxili işlər orqanlarında xidmətə qəbula namizədin yoxlanılması prosesində, Davranış kodeksində müəyyən olunmuş prinsip və qaydalara zidd hərəkətləri barədə təs¬diqləyici məlumatların daxil olması, onun xidmətə qəbu¬lunun rədd edilməsi üçün əsas sayıla bilər.
Polis vətəndaşa nümunə olmalıdır Daxili işlər orqanı əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. O, həmçinin anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıq¬larının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. O, eləcə də daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.
Səlahiyyət həddini bilmək...
Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoy¬ma¬ma¬lıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxa¬lanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquq¬pozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir. Xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən, hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul etməməli, bu barədə dərhal yuxarı rəisinə məlumat verməlidir. Yalnız yüksək peşəkarlığa və şəxsi keyfiyyətlərə malik əməkdaşın insanlara və cəmiyyətə fayda verə biləcəyini nəzərə alaraq, peşəkarlığının, təhsilinin və ümumi intellektual səviyyəsinin artırılması üçün mütəmadi olaraq öz üzərində çalışmalı, bilik və təcrübəsini, xidməti ənənələri gənc əməkdaşlara aşılamalıdır.
Öz həmkarına da nəzarət etməlidir
Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
*** Yuxarıdakı yazını oxuduqdan sonra xəyalınızda canlandırdığınız polis obrazı ilə beyninizdə çoxdan formalaşmış ənənəvi polis obrazı arasında hansı fərqləri gördünüz?
Maraqlı sualdır, eləmi? Yəqin ki çoxlarınız bu suala mənfi cavab verəcək. Sizcə niyə?
Bəli, ona görə ki, realllıqla “olmalı” arasında “dağla dərə qədər” fərq var. Təbii ki, bu fərqin yaşı çox uzundur. Bəs gəlin görək, bu fərqin ortaya çıxmasında hansı amillər əsas rol oynayıb? Təəssüf ki, yenə də yanlış düşüncə tərzi faktoru ortaya çıxır.
Niyə yanlış düşüncə?
Çox adam görmüşük ki, polisi, məsələn, rüşvət almaqda ittiham edir. Heç şübhəsiz ki, rüşvət almaq qanunsuz əməldir, insanlığa yaraşmayan əməldir. Bu yerdə görkəmli ziyalı, rəssam Vaqif Ucatayın sözləri yadıma düşür. Hər dəfə rüşvətdn söhbət düşəndə Vaqif müəllim deyərdi ki, “rüşvət it qanıdır”. Vaqif müəllimin sözü olmasın, bu “it qanı” məsələsinin qanunusuz bir şey olduğunu hamı bilir. Amma çoxları öz işini “düzüb qoşmaq” üçün rüşvət verməkdən çəkinib-eləmir. Məgər “düzüb-qoşmağın” özü qanunsuz deyil? Niyə çoxlarımız öz probleminin qeyri-qanuni yollarla həll olunmasına meyillidir? Çünki ortada şəxsi maraq deyilən bir şey var. Bəli, şəxsi maraq ucbatından qanuna “bir təpik” vurmağı yaxşı bacarırıq; məsuliyyətdən yayınmaq üçün məmura rüşvət təklif edirik, sonra da onları rüşvət almaqda ittiham edirik. Əgər biz öz işimizi qanuni yolla həll etsək, rüşvət verməyə ehtiyac qalarmı?
Düşüncə tərzi o qədər vacib məsələdir ki, birbaşa həyat tərzimizin istiqamətini müəyyən edir. Cəmiyyətdə baş verən bütün proseslərin nizamlanması düşüncə tərzindən asılıdır. Baş verən cinayətlər, yol qəzaları, arzuolunmaz tendensiyalar, bəzən yoluxucu xəstəliklər, boşanmalar, intiharlar və s. kimi kütləvi bəlaların əsasında dayanan yeganə faktor – düşüncə tərzidir.
Gəlin, düşüncə tərzimizə yenidən baxaq. Gəlin övladlarımıza normal düşünməyi öyrədək. Gəlin bizi qoruyanların peşələrinə hörmət edək.
Haçansa yazılarımın birində polislə hərbçini müqayisə etmişdim. Əlbəttə, onların hər ikisi böyük ictimai diqqətə və hörmətə layiqdir, sözüm bunda deyil. İnsafən, maraqlı müqayisə idi. O yazıda hərbçilərə nisbətən polisin işinin daha çətin və məsuliyyətli olduğunu vurğulamışdım.
Göstərmişdim ki, hərbçilər bizi yalnız qarşı tərəfdə, bəlli bir istiqamətdən gözlənilən düşmən hücumundan qoruyur. Özünə səngər qazır, qabaqlayıcı tədbir görür, mövqe tutur və düşmənin hücumunu gözləyir. Hərbçi arxa tərəfdən heç bir zərbə gözləmir. Çünki arxasında onun silahdaşları, vətəni və milləti dayanır. Polisin işi isə hərbçilərdən tam fərqlidir. Polis bizi görünməyən, bəlli bir istiqaməti olmayan düşməndən qoruyur. Polis düşmənlə mübarizə aparmaq üçün səngər qurmur, bizi səngərsiz qoruyur...
Bütün bunları nəzərə aldıqda, görürük ki, polis-vətəndaş münasibətlərinə yenidən baxmağa böyük ehtiyac var.
Şəxsən mən şübhə etmirəm ki, vətəndaş-polis münasibətlərinin hansı səviyyədə olmasını müəyyən edən əsas tərəf – vətəndaşdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?