Bu sahədə köhnə problemlər, korrupsiya və rüşvət hələ də qalmaqdadır
Azərbaycanda neçə illərdir kənd təsərrüfatı sahəsində ciddi problemlər var. Yerli istehsal tələbatın 50 faizini belə ödəmir. Bir çox məhsullar, hətta xiyar-pomidor, kartof, meyvə və onlarla digər kənd təsərrüfatı məhsulları Azərbaycana xaricdən gətirilir. Kənd təsərrüfatı sahəsindəki problemlərə, rüşvət və korrupsiyaya, bu sahəyə ayrılan dövlət vəsaitlərinin talanmasına görə keçmiş nazir İrşad Əliyev uzun müddət tənqid olundu. 2013-cü ildən isə Hesablama Palatasının sədri Heydər Əsədov bu posta təyin olundu. Ancaq bu kadr dəyişikliyindən sonra da kənd təsərrüfatı sahəsində hər hansı inkişafdan əsər-əlamət yoxdur. Əksinə bu sahədə tənəzzül daha da dərinləşib. Bunun elə birinci səbəbi Heydər Əsədovun kənd təsərrüfatı sahəsinə bələd olmamasıdır. Belə ki, Heydər Əsədov birbaşa maliyyə sahəsinin adamıdır, onun əsl işi audit aparmaq, hesablamaqdır. Heydər Əsədovun kənd təsərrüfatı sahəsində heç bir təcrübəsi yoxdur. Əvvəllər müəllim, mühasib, baş mühasib vəzifələrində çalışan Heydər Əsədov 1995-ci ildə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Maliyyə nazirinin müavini vəzifələrində işləyib. 17 aprel 2007-ci ildə Milli Məclisin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilən Heydər Əsədov 22 oktyabr 2013-cü ildən Kənd Təsərrüfatı naziridir.
Qayıdaq kənd təsərrüfatı sahəsindəki problemlərə. Ən ciddi problemlərdən biri odur ki, nazirlik bəzən problemlərin ortaya çıxarılmasında maraqlı deyil. Ona görə ki, Kənd Təsərrüfatı Nazirliyi hökumət qarşısında hesabat verəndə problemin çox olduğunu qabartmağa çalışmır. Lakin bu problem üzə çıxmadan, onu həll etmədən kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Bu sahə hökumətin daim diqqətində olmalıdır ki, problemləri qeyri-hökumət təşkilatlarının, yaxud institutların köməyi ilə ortaya çıxarsın.
Məsələn, maraqlıdır, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən kənt təsərrüfatına ayrılan qrantlar hansı formada verilir, biznes planı olan şəxslərə qrant verilməsi mexanizmi necədir, belə layihələrlə nəyə nail olmaq mümkündür? Axı kənd təsərrüfatının inkişafi həm də belə problemlərdən asılıdır. Qrant məsələsi mühüm əhəmiyyət daşıyır,
maraqlı və xüsusi yanaşma tələb edir. Xarici ölkələrdə biznesə yeni başlayan gəncə, sahibkara qrant verilir ki, müəyyən işlərini həyata keçirsin, araşdırma aparsın, hansısa layihəni reallaşdırsın. Qrant müəyyən layihə çərçivəsində verilir və qaytarılmır. Bu, Rusiyada daha geniş yayılıb.
Azərbaycanda bu mexanizmin şaffaf olmaması təəssüf doğurur. Hökumət bunu Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə verir. Ancaq bunun şəffaf, real olması üçün şərtlər müəyyənləşdirilməlidir ki, kiminsə yeni bizneslə məşğul olmaq fikri varsa, bu istiqamətdə layihə həyata keçirmək istəyirsə ona qrant mütləq ayrılsın. Bu, xüsusi önəm daşıyır. Ona görə ki, qrantların verilməsi kənd təsərrüfatında mövcud problemlərin üzə çıxarılmasına, həllinə, alimlərin, gənclərin bu sahəyə cəlb olunmasına maraq oyadır.
Qrant layihələri qeyri-hökiumət təşkilatına verilməlidir. Məsələn, hansısa fermer kooperativ, nümunəvi təsərrüfat yaratmaq istəyir. O, hökumətə layihə təklif edir ki, mənə qrant verin, imkan yaradın nümunəvi təsərrüfat yaradım. Bu kooperativ həm konkret bir işin görülməsi, yaxud hansısa mövcud olan problemin elmi əsaslarla aradan qaldırılması, həm istehsal, həm loqistika, həm tədarük, həm də satış ilə məşğul olacaq. Ona mütləq qrant ayrılmalıdır və nəzarətə götürülməlidir. Nəticədə sahibkar qrant layihələrinin köməyi ilə mövcud problemin aradan qaldırılması istiqmətində nümunəvi iş görə bilər. Bu da, Azərbaycanın sürətli və hərtərəfli inkişafında, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, rayonların iqtisadi potensialının artmasında rol oynaya bilər.
Ölkədə verilən qrantlarla bağlı şəffaf statistikanın yoxluğu da narahatlıq yaradır. Bu sahəyə ayrılan vəsaitlər bir çox halda problemin həllinə yönəldilmir. Hökumət ayırsa da amma təyinatı üzrə xərclənmir. Kənd Təsərrüfatı Nazirliyi öz saytında göstərməlidir ki, aqrar sahə üzrə nə qədər qrant verilib. Qrantı təkcə hökumət vermir, beynəlxalq təşkilatlar da bu işə cəlb olunub. Yəni, praktiki işlərlə bağlı nə qədər qrant ayrılıb, kimlər hansı şərtlə alıb, hansı işlər həyata keçirilib,- bu barədə dəqiq məlumat yoxdur.
Bir sözlə, Azərbaycanda qrant layihələrini çox böyük ehtiyac var. Yeni biznesə girişənləri, bu sahə ilə ciddi məşğul olmaq istəyənləri - mütəxəssis, alim, kənd təsərrüfatı ilə bağlı iş görə biləcək insanları cəlb etmək üçün mütləq qrantlar ayrılmalıdır və bunun verilməsi şərtləri şəffaf olmalı, bunun kimlərə verilməsi, nə iş görülməsi, hansı nəticənin əldə olunması haqqında müvafiq məlumatlar dövlət strukturlarının saytlarında yerləşdirilməlidir.
Digər ciddi problem torpaqların əkib-becərilməsi, məhsuldarlığın aşağı olması ilə bağlıdır. Aydındır ki, bu cür problemlər kənd təsərrüfatının inkişafını ləngidən amillərdən biridir. Ölkə rəhbərliyi zaman-zaman bu sahəyə nəzarət edilməsini, yardımlar ayrılmasını barədə fərmanlar imzalasa da təəssüf ki, fermerlər bunun nəticələrini hiss edə bilmirlər. Belə ki, Prezidentin «İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» və «Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında» fərmanları, bundan başqa kiçik və orta sahibkarlığa dövlət köməyi proqramları kənd təsərrüfatının inkişafında önəmli yer tutur. Bundan başqa hər il fermerlər üçün ayrılan subsidiyalar, aqrolizinq sahəsində müxtəlif işlər görülür. Lakin qeyd etdiyimiz kimi nə fərman və proqramlar, nə də ayrılan vəsaitlər problemləri həll etmək üçün yetərli deyil. Çünki ayrı-ayrı məmurların özbaşınalığı, yol verilən korrupsiya halları bu sahənin inkişafında başlıca əngəllərdəndir. Belə ki, fermerlərə ayrılan kreditlərin ya verilməməsi, ya da gecikdirilməsi ucbatından ölkədə kənd təsərrüfatına qoyulan investisiyalar azalır. Bu da imkansız fermerlərin torpağı vaxtlı-vaxtında əkib-becərməsinə ciddi maneə yaradır. Eksperlər də kənd təsərrüfatının inkişafına maneə olan başlıca amillərin məhz bu sahədəki korrupsiya halları ilə bağlı olduğunu qeyd etdilər. Milli
Ekspertlər də kənd təsərrüfatında yaranan bəzi problemlərin məhz bu sahədəki korrupsiya halları ilə bağlı olduğunu bildirir. Subsidiyaların ayrılmasında da korrupsiya elementləri var. Çox zaman bu vəsaitlər fermerlərə çatmır və ya bir qisim mənimsənilir. Ona görə də subsidiyaların verilməsində müəyyən dəyişikliklər edilməlidir. Bəziləri təklif edir ki, subsidiyalar pulla yox, gübrələrlə verilsin, həmçinin bunu başqa üsullarla da əvəzləmək olar. Müxtəlif əvəzləmələrlə bu sahədəki korrupsiya hallarını azaltmaq mümkündür. Düzdür, demək olmaz ki,
kənd təsərrüfatının bütün sahələrində korrupsiya halları var, amma ayrı-ayrı sahələrdə bu hiss olunur.
Ümumiyyətlə isə, Kənd Təsərrüfatı Nazirliyin sturukturunda dəyişikliklər etmək lazımdır. Çünki bu sahədə sturuktur, sovet dövründən qalıb, yerlərdə kənd təsərrüfatı ilə məşğul olan heç bir qurum yoxdur, fermerləri gübrə, toxum texnika ilə təmin etsin. Aqrolizinqlər yaradılır, lakin burada da ayrı-ayrı şəxslərin marağı fermerin işinə maneə olur. Həmin texnika elə qiymətə təklif olunur ki, fermerin onu icrayə götürməyə imkanı olmur.
Aqrar sahədə korrupsiya halları özünü müxtəlif formalarda göstərir. Bu hallar əsasən, subsidiyaların ayrılması zamanı özünü göstərir. Adətən də kiçik fermerlər üçün ayrılan subsidiyalarda korrupsiya halları daha çox olur. Yəni dövlət tərəfindən ayrılan pullar sadəcə kağız üzərində qalır, kəndli bundan çox az bir qisim alır və ya heç almır. Bəzən isə, mövcud olmayan təsərrüfatlara subsidiyalar yazılaraq ayrı-ayrı şəxslər tərəfindən mənimsənilir. Korrupsiya hallarının başqa bir forması aqrolizinqlə bağlıdır. Fermerlər kənd təsərrüfatı texnikalarını almaq üçün ciddi problemlərlə üzləşirlər, onlardan böyük həcmdə “şapkalar” tələb olunur. Halbuki, dövlət vəsaitləri hesabına alınan texnika fermerlərə gözəştli kreditlərlə verilməlidir.
Kənd təsərrüfatında yaşanan ciddi problemlərdən biri də satışla bağlıdır. Bu gün fermerlər istehsal etdikləri məhsulu sata bilmirlər. Nəticədə hətta subsidiyalardan yararlanmaq belə mənasız olur. Məhsul satılmır və ya maya dəyərindən belə aşağı satılır ki, bu da fermerin marağına uyğun gəlmir. Çəkdiyi əziyyətin qarşılığı almayan fermer növbəti il məhsul əkməkdə maraqlı olmur və beləliklə yavaş-yavaş ölkə təsərrüfatında tənəzzül yaşanır.
Bu sahənin də ayrı-ayrı monopolislərin əlində cəmləşməsi satış prosesinə maneə olu. Müxtəlif meyvə tərəvəz emal müəsissələri var ki, onlar fermerlərdən məhsulu alır müxtəlif məqsədlər üçün emal edirlər. Həmin müəsissələrin də əksəriyyəti monopolistlərin əlində olduğundan satış üçün alternativ imkanlar yoxdur. Buna görə də, fermerlər məhsullarını daha yüksək qiymətə başqa müəsissələrə sata bilmirlər. Bazar alternativsizliyi səbəbindən monopolistlər fermerlərə çox aşağı
qiymətlər təklif edirlər. Məsələn, maya dəyəri 50 qəpik olan meyvəni 55 qəpiyə alırlar ki, bu zaman da fermer çox cüzi gəlir götürür. Ancaq daha yaxşı olardı ki, bazarda rəqabət mühiti olsun, fermerlər də daha yaxşı qiymət təklif edən müəssisə ilə müqavilə bağlasınlar.
Qeyd edək ki, dövlət məhsulların satışını təmin etmək üçün də müəyyən köməkliklər göstərir, lakin bu zaman yenə də monopolistlərin marağı önə çıxır. İldə bir neçə dəfə təşkil olunan satış yarmarkaları zamanı bəzi fermerlər üçün yaradılan məhdudiyyətlər belə deməyə əsas verir. Yarmarkalarda qeyri-rəsmi olaraq böyük gəlir götürmək istəyən konkret şəxslərin nəzarətindədir. Həmin yarmarkalarda açıq qapı siyasəti yoxdur ki, istənilən bir kəndli məhsulu çıxarıb realizə etsin. Burada müəyyən məhdudiyyətlər var ki, bunlar da müəyyən maliyyə qruplarının nəzarəti altındadır.
Ən ciddi problemlərdən biri məhz meyvə, tərəvəz, ən önəmli problem isə sitrus meyvələrinin satışı ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının ixrac olunması da müəyyən monopilistlərin marağındadır. Onlar həm də bir sıra xarici ölkələrdən məhsul idxal edirlər ki, bu da öz məhsullarımızın yerli bazarda da satılmasına müəyyən maneələr yaradır. Məsələn, Quba, Xaçmaz zonasında insanlar istehsal etdikləri məhsulları bazara çıxara bilmir, hətta maya dəyərindən daha aşağı qiymətə satmaq məcburiyyətində qalırlar. Eyni problemlər Gədəbəy zonasınada kartof, soğan satışı zamanı da yaşanır.
Qeyd edək ki, artıq dünyanın qarşısında duran ən ciddi problemlərdən biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır. Belə ki, günü-gündən artan əhalinin ərzağa olan tələbatını təmin etmək üçün bəzi ölkələr bu sahənin inkişafını təmin etmək üçün bəzi güzəştlər tətbiq edirlər. Korrupsiya halları kənd təsərrüfatında problemlər yaradır, bu eyni zamanda ölkənin ərzaq təhlükəsizliyinə də ciddi təhlükələr yaradır. Ölkəmizin kifayət qədər taxılçılıq potensialı olmasına baxmayaraq, yerli istehsal taxıla olan tələbatı ödəyə bilmir, idxal taxıla ehtiyac yaranır. Bu da kifayət qədər ciddi problemdir və bu daha çox ölkənin kənd təsərrüfatı bazarının inkişaf etməməsi ilə bağlıdır.
Aqrar sahədə yaranmış ağır, kritik vəziyyət hökuməti situasiyaya uyğun, adekvat hərəkət etməyə, yaranmış problemlərin həlli istiqamətində yollar axtarmağa vadar etməlidir. Lakin görünən budur ki, bu sahədə bir sıra kadr dəyişikliyi baş versə də, vəziyyət zərrə qədər də olsa, dəyişməyib. Kənd təsərrüfatında ciddi islahatlara ehtiyac olduğu halda, bu sahəyə nazir gətirilmiş kadrın mövcud vəziyyəti dəyişmək üçün hazırlıqlı olmadığı ortaya çıxıb. Ümumiyyətlə, indiki hökumət iqtisadi islahatlar aparmaq qabiliyyətində deyil. Ona görə ki, məmurların bir hissəsi primitiv, digərləri isə standart, düşüncəyə malikdir. Islahat aparmaq üçün gərək real vəziyyəti dərk edən, sahəni dərindən bilən, universal qabiliyyətə malik, geniş və qeyri-standart düşüncə sahibi olan peşəkar kadr olsun.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?