Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb. Sərəncama görə, Hesablama Palatasının sədri postunu tumuş Heydər Əsədov İsmət Abbasovun yerinə kənd təsərrüfatı naziri gətirilib. İsmət Abbasov isə baş nazirin müavini təyin edilib. Yeni nazir Heydər Əsədov barədə məlumatları diqqətinizə təqdim edirik:
Heydər Xanış oğlu Əsədov — iqtisadçı, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninin kavaleri (2011). 1959-cu il oktyabr ayının 24-də anadan olmuşdur. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilmiş, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində işləmişdir. 17 aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinə təyin edilmişdir. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Ailəlidir. Üç övladı var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?