İndiki tarixlər silinən mürəkkəblə yazılır. Hər sonra gələn özündən əvvəlkini pozub yerinə öz tarixini həkk edir. Və beləcə - qeyri-müəyyən gələcəyə qədər.
Corc Oruell vaxtilə yazırdı: “Hər bir millətçidə belə bir inam var ki, dünəni dəyişmək olar və vacibdir”.
Hitler qədim alman əsatirlərini XX əsrə gətirirdi. Çeşidli millətçilər qədimlərin qaranlığında öz böyük və şanlı keçmişlərini uydurub sitayiş edirlər.
Bir ildən çoxdur siyasi qızdırmaların içində can verən Ukrayna millətçiləri də tarixi yenidən yazmaq yarışında heç də arxada deyillər.
Aprelin 9-da Ukrayna parlamenti (Rada) növbəti qanun qəbul etdi: kommunizm və nasizm eyniləşdirildi, kommunizmin simvolları qadağan olundu, kommunist təbliğatına görə cinayət məsuliyyəti müəyyən edildi, OUN və UPA kimi Hitler müttəfiqləri isə rəsmən, təntənəli şəkildə bəraət aldı. Bundan sonra Ukrayna faşistləri sosial güzəştlər əldə edəcəklər.
Qalır qanunu Poroşenkonun öz imzası ilə təsdiqləməsi. Sonra o, dərha qüvvəyə minəcək. Və güman ki, bütün bunlar artıq mayın 9-a qədər gerçəkləşəcək.
Ukraynada solçular onsuz da azdır, həqiqi kommunistləri isə yalnız mikroskop altında tapmaq olar (Pyotr Simonenkonun kommunist partiyasında əsl komunistləri tapmaq üçün Diogen sayaq günün günortasında əldə çıraq lazımdır). Üstəlik, bu solçuların da əksəriyyəti vaxtilə “Maydan”ı müdafiə və orada iştirak edib (indi “inqilab”ın barını görürlər).
Uzun illərdir parlamentdə oturan Simonenko isə nə Maydan hərəkatına qarşı çıxıb, nə “Antimaydan” aksiyalarında iştirak edib, nə də Donetsk və Luqanskdakı müharibəyə səlis mövqe sərgiləyib.
Ancaq bu, Kiyevdəki millətçilərə nasizmin gözünə qatıb kommunistləri qanundan kənar elan etməyə mane olmadı. Yəni qorxurlar? Qorxurlarsa, düz edirlər. Çünki siyasi və sinfi mübarizə hələ bundan sonra kəskinləşəcək. Necə ki, artıq sosial şəbəkələrdə “Bu gündən biz hamımız kommunistik!” statusları geniş repost olunmaqdadır.
Habelə Rada kommunistlər üçün elə güclü reklam reallaşdırdı ki, bunu onlardan heç gözləmək olmazdı. Bu cəhətdən onları lap “Leninin casusları” da adlandırmaq olar.
Nəyə lazımdır bu əhəmiyyətsiz və kökündə saxtakarlıq dayanan əməl? Rusiyanın kefinə soğan doğramaq istəyirlər? Axı “kommunizm” kəlməsini söyləyəndə ilk ağla gələn SSRİ olur, Rusiyaya isə onun hüquqi varisi kimi baxırlar...
Belə düşünürlərsə, növbəti absurd alınır: Ukraynada da, Rusiyada da hakimiyyətdə qatı antikommunistlərdir. Hər iki ölkədə oliqarxik kapitalizmdir. Və bu cəhətdən istər sinfi mahiyyətinə, istərsə də hakim zümrəsinə və idarəçilik metodlarına görə Rusiya və Ukrayna qoşa qardaşlardır.
Əgər bundan sonra kommunistləri təqib etməklə Kiyev aşağılar arasında xal qazanmaq istəyirsə, yenə də millətçiləri acı peşmançılıq gözləyir: plebs siyasətdən uzaqdır, onun az-çox siyasətə biganə qalmayan hissəsi isə son bir ilin vakxanaliyasının sayəsində məhz spektrdə sol tərəfə meyl etməyindədir.
Ən absurd tərəflərdən biri isə ondan ibarətdir ki, bugünkü Ukrayna öz mövcud qanuni sərhədlərinə görə məhz kommunistlərə borcludur. Əvvəlcə bolşeviklər indiki Şərqi Ukraynanı Kiyevə bağışladı, ardınca isə Molotov-Ribbentrop paktının hesabına Qərbi Ukrayna onlara qismət oldu. Olmayaydı SSRİ, indi Ukrayna vur-tut ərazisinin üçdə birindən ibarət olacaqdı. Harada qaldı məntiq?
Nasizmlə kommunizmin qətiyyən bənzər olmadığını bir daha sübut etməyə cəhdlər isə aksiomanı sübut etmək cəhdlərinə bənzəyir. Bəllidir ki, aksiomanın sübuta ehtiyacı olmur.
Nəticədə Ukraynada oraq-çəkic simvollarından tutmuş Marksdan və Lenindən gətirilən sitatlara qədər hamısı qadağan olunacaq. Kim bu qanunu pozarsa, onu həbs gözləyəcək.
Görəsən, demokratik Ukrayna Kuba və Çin ilə diplomatik əlaqələri də kəsməyəcək ki?! Əgər indiki paradoksal məntiqə riayət etsələr, məhz bu cür də olmalıdır.
Baş verənlərə ən lakonik izahlardan birini Çilidə yaşayan Ukrayna solçusu Oleq Yasinski verdi: “Kommunizmlə nasizmi eyniləşdirmək xristianlıqla satanizmi eyniləşdirməyin eynidir. Mən nə kommunistəm, nə də xristian, ancaq bu prinsipial fərqləri görməmək üçün həqiqətən də başında unitaz gəzdirmək lazımdır”.
Elə o da qeyd edir ki, Pinoçetin 16 il ərzində “marksizmi kökündən məhv etdiyi” Çilidə oraq-çəkicli bayraqlar hər küncdə satılır, ancaq Pinoçetin portreti olan köynəklər heç yerdə satılmır, çünki bundan ötrü satıcını kötəkləyə bilərlər.
Əlbəttə, bir neçə ildən sonra Ukraynada da eyni mənzərə yaranacaq. Sadəcə qadağalarla kommunist ideologiyasına qalib gələcəyinə inanan personajların Ukraynanın taleyinin ağalarına çevrilməsi kədərli və utancvericidir.
Və daha bir absurd - əllərini yüz minlərlə ukraynalı, rus, polyak və yəhudinin qanına batırmış OUN və UPA cəlladlarının qandan yuyulub təmizlənərək milli qəhrəman kimi təqdim olunmasının mənəvi aspektlərini unutmadan sırf məntiqi ziddiyyətə fikir verək.
Əgər nasist təbliğatı qadağandırsa, OUN və UPA isə özlərini nasistlərin müttəfiqi sayırsa, onda necə olur ki, nasistlər pisdir, onlara xidmət edənlər isə qəhrəman?
Çətin ki, bu aşkar məntiq qüsuruna Ukrayna parlamentində diqqət etmək istəsinlər. Nə olsun ki, bu, absurddur, əsas odur ki, bu, “milli absurd”dur. Deməli, normal, hətta yaxşıdır.
Nasist simvollarını qadağan edən parlamentdə o da diqqətdən kənarda qaldı ki, Ukraynadakı millətçi və ultrasağçı qruplaşmaların bir çoxundan başlamış “Azov” batalyonuna qədər hamısının bayrağında svastika özünə yer alıb. Ancaq bir keçmiş prezidentin sözü ilə desək, onlar “qanunu pozmurlar, sadəcə qanunun yanından keçib gedirlər...”
Sorğu
Yeni dizaynımız necədir?