Ramiz Mehdiyevin məlum açıqlaması və öncə Rusiya prezidentinin azərbaycanlı həmkarıyla telefonda danışığının pərdəarxası
gundemxeber.az Bir neçə gün öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkə ictimaiyyətini xeyli müddətdir ki, maraqlandıran bir məsələyə aydınlıq gətirdi. İndiyə qədər çox adam dünyada gedən prosesləri və beynəlxalq təşkilatların Azərbaycan iqtidarına qarşı təpkilərini nəzərə alıb ölkə başçısının namizədliyini hələ də açıqlanmamasını hakim komandanın 2013 prezident seçkilərində başqa birinin üzərində dayanacağına ümid edirdi. Ramiz Mehdiyev isə məlum açıqlaması ilə bütün bu ümidlərin üstündən xətt çəkdi. Məlum oldu ki, mövcud hakimiyyət nəinki 2013-ci il, hətta daha sonrakı dövrlərdə belə indiki ölkə başçının komandası altında fəaliyyət göstərməyə hazırlaşıb. Hətta onların uzun müddət ərzində həyata keçirmək istədikləri konsepsiyaları belə var. Ramiz Mehdiyevin məlum açıqlamasının Prezident Administrasiyasına son təyinatlardan sonra gəlməsi və onlardan öncə Rusiya prezidentinin öz azərbaycanlı həmkarıyla telefonda danışması qəribə bir ehtimaldan xəbər verir. Əgər bütün bu baş verənlər arasında determinist əlaqələr mövcuddursa, belə çıxır ki, Rusiya Azərbaycanda səssiz dövlət çevrilişinə nail oldu. Həm də əlavə heç bir qüvvədən istifadə etmədən, sadəcə hakimiyyətdəki öz adamlarının mövqeyini möhkəmlədərək həyata keçirilən bu çevrilişdən sonra prezidentin ikinci plana atılmasını da təxmin etmək mümkündür. Bir çoxlarının təsəvvürünün əksinə olaraq məlum təyinatların Ramiz Mehdiyevin mövqelərinin zəifləməsi kimi qələmə verilməsini əsaslandırmaq olmur. Təkcə ona görə yox ki, yeni vəzifələrə təyin olunanlardan ikisi elə əslində əvvəl də eyni funksiyanı yetrinə yetirirdi və Ramiz Mehdiyevin əmrinə tabe idilər. Dəyişilən sadəcə tutduqları vəzifənin adıdır. Əvvəlin şöbə müdirləri indi Administrasiya rəhbərinin müavinləri olublar, icra edəcəkləri vəzifə isə yenə eyni olaraq qalacaq. Təyinatları həm də ona görə Ramiz Mehdiyevin əleyhinə qiymətləndirmək mümkün deyil ki, onun yeni müavinlərindən ikisi bu vaxta qədər prezidentin şəxsən özünə tabe idilər. Bundan sonra isə Administrasiya rəhbərinə tabe olacaqlar. Belə çıxır ki, prezidentin öz dəsti-xətti ilə imzaladığı məlum fərmanlar əslində onun öz imkanlarından Ramiz Mehdiyevin xeyrinə imtina etməsindən başqa bir şey deyil. Rusiya amilinin bu təyinatlarda ön plana çıxmasının səbəbi təyinatlardan və Ramiz Mehdiyevin məlum çıxışından əvvəl Putinlə İlham Əliyev arasında reallaşan telefon danışıqları ilə də məhdudlaşmır. Yalnız belə olsaydı, bu hadisələr arasındakı əlqaləri sadəcə zaman etibarilə üst-üstə düşən təsadüf kimi də qiymətləndirmək olardı. Məsələ burasındadır ki, indiyə qədər Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı siyasət yürütdüyü, ölkə daxilində etnik separatizmi alovlandırmağa cəhd etdiyi bilinən gerçəkliklərdi. Moskvada yeni yaradılan RATİ-nin ortaya çıxmasında “rus barmağı”nın olduğunu hətta Azərbaycan hakimiyyətindəkilər də etiraf edir və bunu sərt bir üslubla qınayırdılar. Əslində bizimkilərin də rəsmi Moskvaya əvvəlki kimi simpatiya ilə baxmadığını Qəbələ RLS-nin kirayə haqlarının indiyə qədərkindən xeyli yüksək göstərilməsi də sübut edirdi. Odur ki, Rusiya ilə kəskinləşən münasibətlər müstəvisində hər kəs Ramiz Mehdiyevin“kitabının bağlanacağını” düşünürdü. Bu ehtimal yaşı 75-i adlayan bu kişinin Rusiyanın ən etibarlı adamı olduğu ehtimalından qaynaqlanırdı. Məntiqlə, Kremlin qəzəbinə tuş gələn İlham Əliyev üçün bu adamdan yaxa qurtarmağa kifayət qədər bəhanə və səbəb var idi. Hər halda Ramiz müəllimin hələ də sağ qalan yaşıdlarının demək olar ki, hamısı çoxdan pensiyaya ayrılıb. Bu yaşda olan ixtiyarın öz nəvələrinin əllərindən tutub bulvarda gəzişməsi iqtidar mətbuatı üçün İlham Əliyevin humanist addımı kimi qiymətləndiriləcək hadisə idi və uzun müddət ictimai-rəyi bu sözlərlə riqqətə də gətirmək olardı. İlham Əliyev isə onsuz da dövlət işləriylə həddindən artıq məşğul olan Ramiz Mehdiyevin qocalığına “acımayaraq” hələ öz işlərinin də böyük hissəsini “Boz kardinal”a həvalə etdi. Təbii, onun bu hərəkəti nə öz vəzifəsindən boyun qaçırmaq istəməsindən, nə də “Boz kardinal” a edilmiş səxavətindən irəli gəlirdi. Bəzilərimizə “səxavət”, bəzilərimizə “anti-hümanist” addım kimi görünən bu əməlin arxasında çox yəqin ki, Putinlə telefon danışığının böyük payı olmuşdur. Görünür, Rusiyanın təzyiqlərinə tab gətirməyən Azərbaycan hakimiyyəti sonda təslim olmaq məcburiyyətində qalmış və öz səlahiyyətlərini Ramiz Mehdiyevə həvalə etməyə qərar vermişdir. Məsələyə bu kontekstdən baxanda Ramiz Mehdiyevin məlum çıxışı bütün dünyaya və xüsusilə hakimiyyət daxilindəki rəqiblərinə öz təntənəli qələbəsini bəyan etmək təsiri bağışlayır. Azərbaycan iqtidarının bir telefon zəngi kimi olduqca kiçik həmlə qarşısında duruş gətirə bilməməsinin səbəbi yox deyil. Bu iqtidarsızlıq ilk növbədə onun öz legitimliyini ümumxalq istəyindən almamasından irəli gəlirdi. İkinci səbəbi Qərb dövlətləri tərəfindən kifayət qədər dəstək görməməsiylə bağlıdır. Qərb ölkələri də ona görə bu rejimi kifayət qədər dəstəkləyə bilmir ki, bizim iqtidarın siyasi xarakteri onun dəyərlərindən xeyli fərqlidir və bütün səylərə baxmayaraq İlham Əliyev hakimiyyətini öz ənənəvi siyasətindən imtina etməyə həvəsləndirmək mümkün deyil. Belə vəziyyətdə öz əhalisinin demokratik dəyərlərə həssasiyyətindən çəkinən qərbli diplomatların açıq şəkildə avtoritar rejimi dəstəkləmək şansları da yoxdur. Bununla belə, geopolitik mübarizədə iddialı olduqları coğrafiyanın tamamilə Rusiyanın nəzarəti altına düşməsinə Qərb siyasi və iqtisadi güc mərkəzləri seyrci də qala bilməzlər. Onların ölkə başçısı vasitəsilə həyata keçirmək istədikləri Qərb dəyərlərinə yumşaq keçid siyasətləri iflasa uğradığından yeni mərhələdə Orta Şərq ölkələrində baş verən inqilabi dəyişikliklər artıq yeganə çıxış yolu olaraq qalır. Bunu hakimiyyətin gerçək sahibinə çevrilən iri məmurlar da dərk etdiklərindən bundan sonra onların daha dəhşətli talançılıq siyasətinə başlayacaqlarını gözləmək olar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?