“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında ölkə başçısı korrupsiyaya qarşı mübarizənin səviyyəsindən razı qalmadığını bildirib. İ.Əliyevin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə daha da gücləndirilməli, bu yöndə daha effektiv addımlar atılmalıdır. Dünən prezidentin məlum toplantısından sonra ölkədəki əlaqədar hüquq-mühafizə orqanlarının hərəkətə keçdiyini bildirən mənbə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin də bu yöndə ciddi qərarlar verdiyini bildirib.
Anti-korrupsiya idarəsinə tam yetki
Mənbənin sözlərinə görə, ölkə başçısı məlum çıxışdan sonra anti-korrupsiya idarəsinə əlavə yetki verib ki, bu yetki də rütbə və siyasi çəkisindən asılı olamayaraq ölkə qanunlarını pozan hər kəsin məsuliyyətə cəlb edilməsinə imkan verir: “Məlum olduğu kimi, Baş Prokurorluq yanında anti-korrupsiya idarəsi bugünə qədər korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər ortaya qoysa da, mübarizə hədəfi çox zaman xırda və orta məmurlarla məhdudlaşırdı. Buna səbəb daha iri ranqlı məmurların həbsi üçün “yuxarılar”ın xüsusi yetkisinə ehtiyac duyulması idi ki, artıq bu yetki məlum quruma verilib. Belə ki, bundan sonra anti-korrupsiya idarəsi barəsində qanun pozuntusu ilə bağlı lazımi fakt olan istənilən məmuru kimsədən hər hansı bir yetki almadan məsuliyyətə cəlb edə biləcək. Məhz bu baxımdan prezidentin çıxışından sonra anti-korrupsiya idarəsinin fəaliyyətində yeni bir mərhələnin başlanacağını iddia etmək olar. Çox güman ki, yaxın gələcəkdə sözügedən idarə ictimai-siyasi çevrədə ciddi rezonansa səbəb olan səs-küylü həbslər həyata keçirərək bir çox korrupsionerin ifşasını təmin edəcəkdir ki, bunun da cəmiyyətdə qanunun aliliyi ideyasını möhkəmləndirəcəyi şəksizdir ”.
İcra başçısı və generallar təhlükə qarşısında
Bundan sonra Baş Prokurorluq yanında anti-korrupsiya idarəsinin diqqəti daha çox iri ranqlı məmurlar üzərində cəmləşdirəcəyini bildirən mənbə, icra başçıları və generalların xüsusilə hədəfdə olacağını vurğuladı: “Anti-korrupsiya idarəsinə verilən yetki onların sadəcə orta və aşağı ranqlı məmualrın deyil, artıq həm də icra başçıları və generalların həbsini də həyata keçirməyə imkan verir ki, adıçəkilən qurumun yaxın vaxtlarda bu yöndə ciddi addımlar atacağı gözlənilir. Bəzi icra başçıları və güc orqanlarında yer tutan müəyyən generallar var ki, anti-korrupsiya idarəsi məlum şəxslərlə bağlı onlara daxil olan informasiyanı dəyərləndirərək bu barədə “yuxarıları” məlumatlandırmış, lakin məlum şəxslərin həbsi ilə bağlı lazımi yetkinin yoxluğu səbəbilə konkret addım atmamışdır. Lakin ölkə başçısının korrupsiyaya qarşı savaş elan etməsi bütün bu bilgilərin yenidən gündəmə gəlməsi və anti-korrupsiya idarəsinin bu yöndə həbs qəti-imkan tədbirləri həyata keçirməsinə səbəb olacaq”.
Adı “qara siyahı”da olan icra başçıları
Mənbənin məlumatına görə, anti-korrupsiya kampaniyasının növbəti dalğasının bir ssıra icra başçılarını əhatə edəcək ki, bunların arasında uzaq əyalət rayonlarının başçıları ilə yanaşı, nəhəng şəhərlərin yetkililəri də var: “İcra başçılarına qarşı anti-korrupsiya tədbirləri ilk növbədə o icra başçılarını əhatə edəcək ki, həmin icra başçıları ilə bağlı ictimai narazılıq kifayət qədər böyükdür. Ölkə başçısının son çıxışından da bəlli oldu ki, ali siyasi hakimiyyət yerlərdəki xalq etirazlarından ciddi şəkildə narahatdır və bu baxımdan xalqın narazı olduğu icra başçılarını hədəfə almaqla xalq etirazlarını da önləməyə çalışır. Bu baxımdan adı ölkə mətbuatında daim mənfi mənada hallanan Sumqayıt, Laçın və s. şəhərlərin icra başçılarının hədəfə götürüləcəyi ehtimal ediləndir. Siyasi hakmiyyət haqlı olaraq belə hesab edir ki, ictimai rəydə mənfi obraza malik olan icra başçılarının tutduqları vəzifədən azad edilməsi yerlərdə ictimai qəzəbi azaltmaqla yanaşı, 2013-cü ilin oktyabr seçkilərində də ictimai rəydə hakimiyyətin xeyrinə müsbət dəyişikliyə səbəb ola bilər. Bu baxımdan yaxın gələcəkdə anti-korrupsiya idarəsinin keçirdiyi məmur həbsləri ilə yenidən ölkə mətbuatına yeni mövzular verəcəyi şübhəsizdir. Anti-korrupsiya idarəsinin zavalına gələn iri məmurlar arasında yüksək çinli zabitlərin – bəzi generalların da olacağı güman edilir ki, bu da güc orqanlarında “təmizləmə əməliyyatı”nın növbəti tərkib hissəsi kimi də dəyərləndirilməlidirr”.
İcra başçıları kölgəyə çəkilir
Bilgili qaynağın sözlərinə görə, prezidentin məlum çıxışı və bunun ardınca anti-korrupsiya idarəsinin yeni bir güclə işə başlayacağı gerçəyi icra başçılarını ehtiyatlı olmağa sövq edib. Gözlənilən təhlükə ilə bağlı tədbir almağa çalışan icra başçıları “çirkli işləri” tamamilə icra hakimiyyətindəki ikinci, üçüncü, bəzən isə beşinci, altıncı dərəcəli şəxslərə həvalə edib: “İcra başçıları yəqin bilir ki, qısa müddətdə yeni kampaniyaya start veriləcək ki, bu kampaniyanın da qurbanları məhz onlar olacaq. Ona görə də, icra başçıları məsuliyyətdən kənarda qalmaq üçün korrupsiya ilə bağlı bütün alış-verişləri icra hakimiyyətindəki “öz adamlarına” həvalə edir, birbaşa hansısa prosesdə iştirakdan kənarda qalmağa çalışırlar. Onların fikrincə, belə bir addım tabeçiliyindəki şəxs həbs ediləcəyi təqdirdə belə onların məsuliyyətdən kənarda qalmasına syardım edə bilər. Bu baxımdan da hətta bəzi icra başçılarının çirkli işlərdə vasitəçi rolunda çıxış edən şəxsləri məlumatlandırdığı, onlardan baş verəcək hər hansı arzuedilməz olay nəticəsində ələ keçəcəyi təqdirdə məsuliyyəti təkbaşına öz üzərlərinə götürəcəyi ilə bağlı təminat aldığı söylənilir. Əslində belə bir sövdələşmə vasitəçi məmurlara da sərf edir. Onlar hesab edir ki, icra başçısının azadlıqda qalması onların da həbsxana həyatının qısa müddətdə başa çatmasına yardım edə bilər. Bir sözlə, bu gün qaçan da, qovan da ehtiyatı əldən verməməyə çalışır. Kimin daha ehtiyatlı olduğunu isə zaman göstərəcəkdir”. İlqar Rəsulov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?