GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Fahişəyə çevrilən ilahə

Fahişəyə çevrilən ilahə

Tarix: 17-10-2015, 22:45 Bölmə :Maraqlı Baxış: 0
Fahişəyə çevrilən ilahə

gundemxeber.az lent.az-a istinadən Səhər Əhmədin "Fahişəyə çevrilən ilahə" hekayəsini təqdim edir.

Universitetin bufetində oturduq. O, siqaret yandırıb paçkanı saymazyana stolun üstünə tulladı və mənim təəccüblü baxışlarıma fikir vermədən çay gətirməyə getdi.

Məndən bir boy hündür və ətli-canlıydı. Əynindəki "tiqrovoy" kostyum mütənasib əndamının cizgilərini qabardırdı. Qapqara, qıvrım saçlarını "babetta" formasında yığmışdı. Üzündə kəşf olunmaq üçün vaxt sərf olunan heç bir ştrix gizlənməmişdi. Bu üz yağlı boyayla çəkilmiş natürmort qədər tünd bir gözəlliyə malik idi; tunc rəngli dəri, ətli dodaqlar, qabarıq almacıq sümükləri və dipdiri gözlər. Adətən, bu cür tünd və dərin baxan gözlər xırda olur, böyük gözlər daha çox sakit və təlatümsüz baxır, amma onun qaynar gözləri həm də iriydi.

Bir sözlə, tanrı onu yaradanda klassik şairlərin təsvirində olduğu kimi ifrata varmışdı,-deyə bilərəm.

Aradan keçən illər ərzində yalnız bir dəfə İlahəyə oxşayan qız görmüşəm. Küçədə, təsadüfən.

Yaşıd olmağımıza baxmayaraq, o, məndən iki kurs yuxarıda oxuyurdu, həyatda isə Allah bilir, məndən "neçə kurs yuxarıdaydı". Loru dillə desək, mənim getdiyim yolları artıq qayıdırdı.

Bununla üçüncü dəfəydi ki, İlahə auditoriyaya girib, qızlarla topalaşıb dayandığımız yerdən rəfiqələrimin tənəli baxışları altında məni "qaçırırdı". Onun hərəkətlərindəki qətilik təkəbbürdən çox özünümüdafiə xarkteri daşıyırdı, odur ki, bu qıza ürəyimin dərinliyində bir az acıyırdım. Həm də onunla aramızdakı söhbət oxucu-müəllif janrında olduğundan qrup qızlarından daha cazibədar gəlirdi.

O, podnosu masaya, fincanlardan birini mənim qabağıma qoyub, yenidən qarşımda oturdu, ikinci siqareti yandırdı:

- Kövrələcəksən, amma qoymayacaqlar səni,
Mənasız bir qar çiçəyindən ötrü ağlamağa,-
sonra da "Nəsimi" filmindəki kimi eyhamla soruşdu:

- Sənindi?

Mən - ədəbiyyat fakültəsinin şair qızı, tələbələrin sevimlisi hələ öz şeirimi heç kəsin dilindən belə ürəkdən səsləndiyini eşitməmişdim. Nəsə anlaşılmaz, sirli bir şeydi, o şeiri yazanda ağlıma da gəlməzdi ki, bu misralar kiməsə bu qədər yaraşacaq. Bu şeiri mən sadəcə yazmışdım, o isə yaşamışdı, oxucuyla müəllif arasındakı gizli bağın, doğmalığın sirri yəqin elə budu.

- Rasim Balayev kimi başımı yelləməliyəm?

Zarafatıma fikir vermədi:

- Rəfiqələrin tənbeh eləmir ki, mənimlə görüşdüyünə görə?

Onun üzündəki ifadə kədər deyildi, təəssüf heç deyildi, daha çox ironiyaya uyğun gəlirdi, amma o, kimə ironiya edirdi, özünə, yoxsa rəfiqələrimə, bunu bilmirdim. Cavab vermədim, nə danmağın, nə təsdiqləməyin mənası yoxdu.

- Bilirsən, nə var, əslində, dostların haqlıdırlar, səni qorumaq istədiklərinə görə hətta xoşuma da gəlirlər, - çənəsini yuxarı qaldırıb siqaretin tüstüsünü havaya üfürdü və üzümə xeyli diqqətlə baxdıqdan sonra sakit səslə, hər iki sözü ayrıca vurğulayaraq dedi:

- Mən fahişəyəm!

Onda mənim iyirmi iki yaşım vardı və ömrümdə ilk dəfəydi ki, özünə belə deyən həmcinsimi, həmyaşıdımı görürdüm. Təbii ki, ona inanmadım, zarafat elədiyini sandım. İndi - üstündən düz iyirmi iki il keçəndən sonra yenə də inanmaq istəmirəm və o vaxt nə düşündüyümü dəqiq xatırlayıram: "Elə şeir deyən adam necə fahişə ola bilər, mənim oxucum, ədəbiyyat fakültəsinin tələbəsi... Ola bilməz axı, ola bilməz!"

- Amma bu, sənin şeirlərini sevməyə mane olmur, eləmi? Ən azından olmamalıdı.

- Mane olacaq heç bir səbəb görmürəm,- dedim və səsimin necə qırıq-qırıq olduğunu nəinki eşitdim, sanki gördüm də.

- Danışdıq, onda de görüm, o şeirləri kimə yazmısan?

İlk dəfəydi bu sual qarşısında hirslənmədim, "nəyinə lazımdır? - deyə çəmkirmədim. Səbəbini bilməsəm də, mənə elə gəlirdi ki, sevgi şeirlərimi müzakirə etməyə onun hansısa haqqı var. Bu imkanı ona vermək üçün sualına sualla cavab verdim:

- Niyə soruşursan?

- Çünki heç bir kişi bu şeirlərə dəymir, çünki bu dünyada fədakarlığa layiq kişi yoxdu,- yenə pauza. Yenə gözləri yol çəkdi,- s...dirəcək hamısı.

İlahə bu sözləri səsinin tonunu azaltmadan, hətta hirsli olduğuyçün bir az da bərkdən dedi, amma ətraf stollarda oturmuş, çoxusu da oğlan olan tələbələrin heç biri çevrilib bizə baxmadı, yəqin onun danışığına alışmışdılar.

Mən oturduğum yerdə qurcalandım:

- Dərsə getməliyəm.

- Kimin dərsidi?

- Validə müəllimənin.

- Hə, Afroditanın dərsinə girmək lazımdı, - əsəbi və inadkar dilçi qadını tələbələr kinayəylə öz aralarında gözəllik ilahəsinin adıyla çağırırdılar.

- Mən nə qədər İlahəyəmsə, o da bir o qədər Afroditadı.- Bu yerdə onun ilk dəfə mənə öz adını deyərkən niyə kinayəylə gülümsədiyini anladım. - Onun dərsinə gecikmə. Yəqin səni çox istəyir, bəlkə hələ əlaçısan da.

İlk dəfə olaraq əlaçı olduğumdan utanan kimi oldum, hətta xəfifcə qızardım:

- Sən cadugər deyilsən ki?

- Cadugərəm, Olesya kimi.

Diksindim. Kuprinin Olesyası mənim yaralı yerimdi, ən çox sevdiyim obrazdı, yəni. Ən böyük sevgi fədakarı, kənd sakinlərinin daş-qalaq edib, lənətləyib qovduğu qız.

Getməklə qalmaq arasında tərəddüd eləməyə başladım. Qarşımda çaşqınlığımdan zövq alırmış kimi oturmuş bu qızın istəyini, həyatıma daxil olmaq inadını anlaya bilmirdim. Fakültədə qızların tənəylə baxdığı, oğlanların ərklə danışdığı, özünü həm fahişə, həm də Kuprinin Olesyası adlandıran, mənim baş aça bilmədiyim, amma bütün həyatını danışmaq üçün bircə sualıma bənd olan bu "qaraçı gözəli"nə nə lazım idi?!

Bəlkə bu qızı qarşıma çıxardığına görə həyatı nahaq qınayırdım, bəlkə o elə həqiqətən də Olesyaydı. Onu "Müasir Azərbaycan dili"nə satmaq olmazdı.

- Getməyəcəm dərsə.

- Əla! İstəyirsən gerçəkdən Olesya olduğuma inanasan?

- Hə.

O, əlimi əlinə alıb ovcuma diqqətlə baxdı.

- Bax ovcun içindəki bu xırda xətlər var ha, görürsən nə çoxdur? Bu çox qarmaqarışıq, keşməkeşli həyat deməkdir. Məndə də belədi, eynən,- o əlini açıb mənim əlimlə havada yanaşı saxladı, amma məndə bu keşməkeşlər keçib artıq, səndə isə hələ qabaqdadı. Sol əl keçmişdi, sağ əl isə gələcək. Bax bu ömür xəttidi, səndə uzundu, məndə isə yarıda qırılır...

***

İndi özümə bağışlamıram və heç cür xatırlamıram, o görüşdən sonra başım nəyə qarışdı, onun yoxluğunu niyə hiss eləmədim. Xəstələndiyini gec eşitdim, eşitdim deyəndə ki, dəhlizdə bir qız - qrup yoldaşlarından biri qabağımı kəsib mənə bir kağız parçası uzatdı:

- Səni görmək istəyir.

Kağızda İlahənin yatdığı xəstəxananın ünvanı yazılmışdı. Şəhərin mərkəzində yerləşən məşhur xəstəxananı tapmaq çətin olmadı, tələsik ikinci mərtəbəyə qalxıb, özümü on yeddinci palatanın qapısına atdım. Otaqda - pəncərənin qarşısındakı çarpayıda kimsə yatmışdı, yatağın yanındakı tumbanın qarşısında bir qadın çömbəlib qurdalanırdı. Bayıra çıxıb qapının nömrəsinə, sonra qayıdıb çarpayıda yatan xəstənin üzünə bir də baxdım, bu an o, gözlərini acıb məni gördü və yalnız baxışlarımız rastlaşandan sonra İlahəni tanıdım.

Zorla gülümsünüb məni anasına təqdim etdi:

- Ana,- dedi, sənə şeirlərini oxuduğum qızdı.

Anası bəstəboy, girdəsifət və ağbənizdi, artıq sizin də anladığınız kimi, qızıyla tərs mütənasib olan gözəlliyi xeyli solğun görünürdü.

Yaxınlaşıb yataqdakı ilahəmin üzündən öpdüm, gətirdiyim gülləri başının bərabərində olan tumbanın üstünə yerləşdirib, anasının çarpayının yanına qoyduğu stulda oturdum və əllərini əlimə aldım.

Cəmi on-on beş gün öncə dünyaya meydan oxuyan gözəllikdən əsər-əlamət qalmamışdı. Göz qapaqları qaralmış, gözləri çuxura düşmüş, dodaqları göyərmişdi. Bu mənzərə ona aldığım rəngbərəng çiçəklərin fonunda çox kədərli görünürdü.

Mənim sual yağan baxışlarımdan gözlərini qaçırırdı, axır ki, inad etdiyimi görüb izahat verdi:

- Qardaşımın yanına gedirəm!

Bir dəfə danışmışdı ki, yeganə qardaşı on üç yaşında iydə ağacından yıxılıb ölüb. İlahə kəndə gedəndə - bacısına iydə yığarkən. Ağacın alçaqlığını əliylə göstərib yana-yana təkrar edirdi: "Bax ağac bu boydaydı, bu boyda".

Ona görə də indi "Qardaşımın yanına gedirəm"lə nə demək istədiyini anladım.

- Boş-boş danışma,- mən, gerçəkdən, yataqda halsız uzanan qıza o sözləri dediyinə və özünü bu hala saldığına görə hirsləndim.

- Elə bilirsən, təəssüflənirəm? Heç vecimə də deyil. Mən yaşayıb doymuşam, əzizim. Bu dünyada məni təəccübləndirəcək heç nə qalmayıb. Bircə arzum var, istəyirəm, məndən yazasan.

Özünə "fahişə" deyəndə olduğu kimi indi də ona inanmadım, bu qədər gənc və gözəl bir qızın sakitcə ölüb gedəcəyi ağlıma sığmadı, onda mənə elə gəlirdi ki, ölümün mütləq ciddi bir səbəbi olmalıdı. Odur ki, öz aləmimdə guya zarafat elədim:

- Ölüb eləmə, yazıb da eləməyəcəm. Başqa vaxt, başqa şəraitdə ölərsən. Vətən uğrunda, heç olmasa sevgi qurbanı.

O, ədəbiyyat müəllimlərimizdən birini yamsıladı:

- Tipik şəraitdə tipik ölüm, eləmi?

Başımı təsdiq əlaməti olaraq yellədim.

- Gördüyün kimi mən sənin şərəfinə çox adi şəkildə ölüb gedirəm. Səbəbini də bilmirəm. Sən də eləcə yazarsan,-gülümsədi, daha doğrusu, buna cəhd elədi,- sən yazmısan da onu, lazımsız bir qar çiçəyi...

İçəri bir neçə həkim girdi, xəstədən aralandım, İlahə baxışlarıyla mənə "get"- dedi, diliylə: "Day gəlmə".

Qapının ağzında bir də çevrilib baxdım, o, güllərin arxasından göz vurdu, əllərini açıb ovcunu göstərdi, gülümsədi, kövrəldi və üzünü divara çevirdi.

O gecə qəribə yuxu gördüm. Gördüm ki, İlahə həmin o "tiqrovıy" paltarda düzbucaqlı şəkildə qazılmış torpaqda uzanıb, üstü açıqdı, özü isə sağ. Səhər yuxumu qızlara danışdım, "xəstəxanaya gedirəm"- dedim. Bu dəfə etiraz eləyən olmadı, əksinə, Xədicə də mənə qoşuldu.

Ondan sonra olanları sanki kimsə beynimdə səhnələşdirib:

...Gözəl bir yaz səhəridi. Xəstəxananın həyətini iydə çiçəyinin ətri başına götürüb. İkinci mərtəbəyə qaça-qaça çıxırıq. On yeddinci palatanın qapıları açıqdı. Ağxalatlı bir qadın dünən İlahənin yatdığı çarpayının döşəkağılarını dəyişir. Heç nə ağlıma gətirmədən yaxınlaşıb İlahəni soruşuram. Qadın işindən ayrılmadan "Onu kəndə apardılar", - deyir. Xədicə qolumdan yapışıb dartır :"Gəl gedək". Onun üzündəki ifadə məni diksindirir. Nədənsə ağxalatlıdan deyil, yanımdakı çarəsiz qızdan soruşuram, sanki məni belə inadla dartdığına və hər şeyi məndən tez anladığına görə o, günahkardı:

- Bu o deməkdi ki, İlahə ölüb?

Xədicə mənim hirslə verdiyim sualın qarşısında müqəssirmiş kimi başını aşağı salır:

- Bilmirəm, yəqin ağırlaşıb.

Sonra biz dəhlizdəki ağxalatlıların, xəstə ziyarətçilərinin yanından, foyedəki bədənnüma güzgünün qarşısından kölgə kimi keçirik. Xədicə məni çəkə-çəkə xəstəxana binasından, həyət qapısından, metro girişindən, avtobus dayanacağından uzaqlaşdırır, adamların, ağacların, maşınların arasından ötüb harasa gedirik. Anlayıram ki, özümə gəlməyim üçün mənim piyada gəzməyimi istəyir.

"Bax bu ömür xəttidi, məndə yarımçıq qırılır". "Mənim haqqımda yazarsan". "Tipik şəraitdə tipik ölüm, eləmi?"

Ola bilməz axı, ola bilməz...

İlahə elə həmin gecə ölübmüş, təxminən onu yuxuda gördüyüm vaxtlarda. Mən orda olanda içəri girən həkimlər onu kəndə aparmağı məsləhət görüblər. O, kənddəki evlərində yarımca gün yaşayıb. Həmin axşam da canını tapşırıb.

Vəssalam. Bu yerdə mənim İlahə haqqımdakı nağılım bitməliydi. Amma mən yenicə tanış olduğum, cəmi bir neçə dəfə görüşdüyüm bu qızla bağlı həyatımda qəribə bir boşluq hiss edirdim. Onun qaranlıq, müəmmalı həyatı ilə bağlı yenə nəsə öyrənmək, parçaları birləşdirmək, təəssüratımın ömrünü uzatmaq istəyirdim. Kəndə - anasının yanına getməyə gücüm çatmadı. Əvəzində axtarıb şəhərin mərkəzində, "1 May" küçəsində kirayə qaldığı evi tapdım.

Ev sahibəsi - İlahəyə qızı kimi alışmış qoca qadın məni yaxşı qarşıladı. Onun yaxın dostlarından, məclis rəfiqələrindən gileyləndi, sağlığında bu evdə çox olmuş qızları vəfasızlıqda günahlandırıb, məni heç tanımasa da, yaxşı dost kimi təriflədi.

Mən İlahənin dostuydummu? Heç özüm də bilmirdim. Amma onu dəqiq bilirdim ki, yeganə adamam ki, o mənə bütün başına gələnləri, həyatını kabusa çevirən o düyün nöqtəsini danışmağa hazır idi. Dinləmək istəmədiyimə görə indi dəhşətli dərəcədə peşman idim.

Qarı öz "qızından" xeyli danışdı.

Sən demə, İlahə ölüm ayağında hər kəsi otaqdan çıxarıb yalnız atasını yanında saxlayıbmış.

- Ata, mənim neçə yaşım var?

- İyirmi iki.

- Düz iyirmi iki ildir ki, mən səni sevirdim.

Yalnız İlahə belə deyə bilərdi, hamıdan çox sevdiyi atasından hamıdan çox qorxan qız! Bəlkə də, düyün nöqtəsi elə burda, bu qorxudaydı. Onun həyatını kabusa çevirən düyün nöqtəsi.

"Babulya"nın yanına bir həftə sonra yenə getdim, İlahədən yazdığım yazı çıxan qəzeti qadının öz xahişi ilə ona apardım.

Biz - bir-birini əvvəllər tanımayan, yeganə ortaq tanışı artıq həyatda olmayan iki yad adam yenə də həmin ikimərtəbəli evin aynabəndində, həmin masanın arxasında oturub dərdləşdik. İlahənin qara lent bağlanmış şəkli hələ də masanın üstündəydi və bir neçə kitab-dəftəri. Qəzetləri həmin kitab-dəftərin üstünə qoyub, qarıyla sağollaşdım. O yenə məni aynabəndin qapısına qədər ötürdü. Hündür pilləkəni enib dördkünc balaca həyətə düşdüm. Cırıldayan köhnə taxta həyət qapısından mərkəzi "1 May" küçəsinə çıxdım. Qapının tinində zibil qabları qoyulmuşdu. Ətrafı şəhərin köhnə məhəllələrinə məxsus spesifik yay qoxusu - çürümüş meyvələrin, qarpız-yemiş qabıqlarının bir-birinə qarışmış ətri bürümüşdü.

Bilirdim ki, sürətlə uzaqlaşdığım bu küçə mənim İlahəylə bağlı son xatirəmdi. O, ölümündən bir az qabaq niyə həyatıma gəlmişdi, gerçəkdənmi ondan yazmağımı ürəklə istəyirdi?! Onun istədiyi universitet qəzetində çap etdirdiyim bu rekviyem ola bilməzdi, mən onun obrazını yarada bilməmişdim. Yaza bilməmişdim ki, o elə ölmək üçün yaranıbmış. Elə adamlar var ki, məhz ölmək üçün yaranır. Çünki bu dünyanın ən çox yaşayan adamı belə öz ölümünün səbəbini və mənasını bilmir. Çünki deyirlər, ölüm adi şeydir. Onun haqqında nəinki yazmağa, heç düşünməyə də dəyməz.

Bəlkə də mən nə vaxtsa onun istədiyi yazını - o həyat hekayəsini yazacaqdım. Həyatını kabusa çevirmiş o düyün nöqtəsi, onu sevgi əvəzinə qorxuyla tərbiyə etmiş atasımı, həddindən artıq gözəl yaratmış tanrımı, sevgisindən istifadə etmiş hansısa namərdmi, günahkar hər kim idisə, onun haqqında uzun-uzadı düşünəcəkdim. O hekayə də eynən İlahənin həyatı kimi müəmmalı olacaqdı. Çünki elə hekayələr var ki, öz qəhrəmanının üzərindən sirli pərdəni götürmək istəmir.

Yəqin ki, bizim bir-birimizin həyatındakı rolumuz da bundan ibarət idi. Həmişəlik mübhəm qalmasına baxmayaraq, o gerçəkdən, mənimçün Kuprinin Olesyası, özümün isə ilahəm idi. Həmin o "lazımsız qar çiçəyi..."
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qadın cazibədarlığının XƏRİTƏSİ

    Qadın cazibədarlığının XƏRİTƏSİ ...

    31-01-2015, 23:00

  • 
  • MERAL AKŞENER:  “FETÖ İLİŞKİSİ GÖZLƏR ÖNÜNƏ SƏRİLDİ”

    MERAL AKŞENER: “FETÖ İLİŞKİSİ GÖZLƏR ÖNÜNƏ ...

    17-08-2016, 22:45

  • 
  • Sərkisyan Putinin təklifini qəbul etdi – Gözlər Əliyevdədir

    Sərkisyan Putinin təklifini qəbul etdi – Gözlər ...

    8-08-2014, 02:10

  • 
  • 21 yaşlı qız itkin düşdü

    21 yaşlı qız itkin düşdü ...

    29-11-2014, 22:06

  • 
  • Fahişəxanaya çevrilən obyektin müdiri kimi təqdim olunan müğənni danışdı - (Yenilənib)

    Fahişəxanaya çevrilən obyektin müdiri kimi təqdim ...

    10-10-2014, 16:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu