İndiki halda, erməni-türk yaxınlaşması Qafqaza “sülh əvəzinə risk gətirərdi”
“Qafqazdakı münaqişə ocaqlarında hökm sürən sükunət risklidir”. Bunu Vaşinqtonda mənzillənən John Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz institutunun mütəxəssisi Svante Cornell deyir. Xüsusilə Azərbaycanla Ermənistan arasında xeyli yol qət etmiş sülh prosesi bu yaxınlarda Bakıda Ramil Səfərovun azad edilməsi və Xankəndidə hava limanı açmaq təşəbbüslərilə “az qala tufanqabağı sükuta” qərq olub. Danışıqlar masasının “toz saldığı” bir vaxtda Azərbaycanda ictimai hədəf məsələn, bu yaxınlarda yenidən Ermənistan prezidenti seçilmiş Serj Sarkisyanı təbrik edən Türkiyə prezidentinə qarşı yönəlib. “Bütün bunlar başa düşüləndir, amma yaxşı heç nədən xəbər vermir”, təhlilçi Vaşinqtonda BBC Azərbaycancaya müsahibəsində deyib. Onun fikrincə, danışıqların dalana dirəndiyi məqamda liderlər və xalqlar əsəbləri cilovlamağa, vasitəçilər isə nüfuzlarını gücləndirməyə can atmalıdırlar.
Diplomatik protokol…
Cənab Cornellin təbirincə, Azərbaycan rəhbərliyi və Parlament üzvləri Prezident Gülün Yerevana göndərdiyi məktubundan narahat olmamalıdırlar, hər halda, ortada diplomatik protokol anlayışı var… “Başa düşürəm ki Azərbaycanda prezident Gül Ermənistan-Türkiyə sərhədinin açılması təşəbbüsü ilə tanınır. Reaksiyalar anlaşılan olsa da, şəxsən mən cənab Gülün məktubundan böyük məsələ düzəltməzdim. Bu, Türkiyə rəhbərliyinin İran prezidenti Mahmud Əhməinejada təbrik göndərməsinə bənzəyir, hansı ki, ona da adi diplomatik protokol qaydası kimi baxmaq olar”, deyib təhlilçi. Əslində, onun fikrincə, Ermənistanla Türkiyə arasında tarixi ədavətin kökləri o qədər dərindir ki, bu ölkələrə münasibətləri normallaşdırmaq üçün xeyli vaxt lazım olacaq. Düzdür, iki ölkə 2008-2009-cu illərdə gərgin danışıqlardan sonra yaxınlaşmaya dair yol xəritəsi barədə razılığa gəlmişdilər. Amma az sonra tərəflər eləcə də bu təşəbbüsün müəllifi olan Ağ Ev Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan yaxınlaşmasının mümkünsüzlüyü fikri ilə üzləşməli olub. Riskli barışıq? Cənab Cornellə görə, indiki halda, erməni-türk yaxınlaşması Qafqaza “sülh əvəzinə risk gətirərdi”. “Məncə hazırkı məqamda Azərbaycan, eləcə də Türkiyə sərhədlərin açılmasının Qarabağ münasişəsi çözülmədən mümkünsüzlüyünə dair qənaətlərini möhkəmlətməlidirlər”, deyə o vurğulayıb. “Cənab Sarkisyanın ikinci dəfə prezident seçilməsindən sonra Obama Administrasiyasının prosesi yenidən canlandırmağa təkid göstərəcəyini gözləmək olar. Amma hələlik bunun şahidi olmamışıq…” təhlilçi əlavə edib. Eyni zamanda, Ermənistanla prtokolların imzalanması Türkiyədə keçmişin mühakiməsi məsələsində radikal yanaşma ənənəsini ortadan qaldırıb, belə ki, dialoqlar özü-özlüyündə türklərə tarixi araşdırmağın mümkünlüyü ideyasını təlqin edib. Bununla yanaşı, təhlilçi Türk-erməni yaxınlaşmasının Qarabağ nizamlamasına müsbət təsiri barədə ehtimalları istisna edib.
Təxribata meyl
İş burasındadır ki, deyib cənab Svante, Azərbaycan-Ermənistan münasibətləri “açıq aşkar təxribata meyllənib”. Xocalıda hava limanıı açmaq təşəbbüsü “buna ən son nümunələrdəndir”. Bu, həmçinin münaqişəyə belnəlxalq diqqətin biganəliyinin nəticəsidir, deyib təhlilçi. Onun təbirincə, mümkün yeni təxribatların və münaqişənin alovlanmasının qarşısını almaq məqsədilə qarşıda ciddi dialoqa və onu təşkil edən vasitəçilərin özlərinin də nüfuzlu liderlərlə əvəzlənməsinə ehtiyac var. “Düşünmürəm ki, danışıqların indiki formatda davamının mənası var. Hər halda, illərlə aparılan dialoqlar nəticə verməyib… Məncə daha effektiv dialoq naminə Misnk Qrupunun fəaliyyət göstərdiyi səviyyədə əhəmiyyətli dəyişiklik baş verməlidir”, deyib cənab Cornell.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?