O, ögey atasına köhnə gəlincikləri təmir etməyə kömək edirdi. Sonra isə özü oyuncaq tikməyə başlayıb. Vivyen Li, Merilin Monro, II Yelizaveta daxil olmaqla, məşhur aktrisaların və hökmdarların 5000-dən çox surətini yaradaraq o, əsl gəlincik imperiyası qura bildi. Beatris Aleksanderi 80-ci illərin əvvəllərində ABŞ-da “gəlincik kraliçası” adlandırırdılar: onun şirkəti ildə bir milyon oyuncaq istehsal edirdi.
"Gəlincik kraliçası” Beatris haqda yazını təqdim edirik:
Beatris öz doğma atasını heç vaxt görməmişdi. Bir versiyaya görə, onu digər böyük uşaqları ilə birlikdə Rusiya imperiyasının qırğınlarında öldürüblər və möcüzə sayəsində salamat qalmış arvadı Xanna qızını bağrına basaraq Ştatlara mühacirət edə bilir. Digər versiyaya görə isə, 1896-ci ilin sonlarında Nyu-Yorkda dünyasını dəyişir və o zaman Beatrisin cəmisi 1 yaşı var idi. Gənc dul qadın Odessadan mühacir olan, oyuncaqlar sənətkarı, istedadlı Moris Aleksanderə ərə gedir. Tezliklə ailədə daha üç qız dünyaya göz açır. Çoxuşaqlı ata, vaxtilə Almaniyada təhsil almış Moris, Bruklində ilk “gəlincik üçün xəstəxana” açır. Zəngin nyu-yorklular bahalı oyuncaqları onun təmiranəsinə gətirir və səxavətlə təşəkkür edirdilər. Amma 4 uşaqlı böyük ailə bununla varlı yaşaya bilməzdi. Beatris 12 yaşında etiraf edir ki, artıq yoxsulluqla zənginliyi ayıra bilir. Straus lələkləri olan şlyapalı xanımlar ona daha cəlbedici görünürdü. O, varlı olmaq istəyirdi. Anası Hannanın qənaətinə görə, yalnız uğurlu evlilik Beatrisin bu istəyinin reallaşmasına kömək edə bilər. Amma qızcığazın xoşbəxtlik üçün başqa reseptləri var idi...
Birinci Dünya Müharibəsi zamanı bahalı alman gəlinciklərinin ABŞ-a idxalı dayandırıldı. Və Aleksanderlərin ailə biznesi iflas həddinə çatdı. Həmin vaxt Beatris mühasibat kurslarını bitirmiş və geyim mağazasında işləməyə macal tapmışdı. Bacarıqlı gənc qadın artıq ailə qurmuşdu və özünə daim gəlir mənbəyi axtarırdı. Beatris bacıları ilə birlikdə gəlincik tikmək üçün emalatxana açır, ilk öncə sadə oyuncaqlar tikərək, onları 2 dollara satmağa başlayır. Fədakarlıqla görülən iş ailəni zənginləşdirməsə də bu çətin dövrdə ayaq üstdə dayanmağa təkan verdi. Sadiq pərəstişkarlar get-gedə artırdı: uşaqlar gözəl paltarlarda olan gəlinciklərdən vəcdə gəlir, böyükləri isə ABŞ istehsalı olan ucuz və keyfiyyətli oyuncaqlar qane edirdi. Müharibə başa çatdıqdan sonra Beatrisin emalatxanasında artıq 16 dərzi çalışırdı. Bir neçə onilliklər sonra onun müəssisəsində 1500 nəfərdən çox adam işləyəcək, 6 fabrik olacaq, ABŞ-ın moda akademiyası 4 qızıl medalla onu təltif edəcəkdi. Amma hər şeyin öz vaxtı var...
Bir dəfə emalatxananın yanında su qülləsi partlayır və yeni seriya gəlincikləri su basır. Vəziyyəti Hanna xilas edir – təcrübəli ana imkan verə bilməzdi ki, bu qədər ağır zəhmət bir anlıq puç olsun. O, səliqə ilə gəlincikləri quruladı, onları aşağı qiymətə təklif edərək satışına nail oldu. Təbii ki, mənfəət götürə bilmədi, lakin gənc şirkəti minusda qalmaqdan da qorudu. Beatris adlı-sanlı ailənin varisi yaxud nüfuzlu bir “mister”in arvadı deyildi və o, Nyu-Yorkun ciddi iş adamları ilə özü danışıqlara getməli idi. Eşqbazlıq etmək lazım olanda, o, eşqbazlıq edir, mərhəmət tələb olunan yerdə göz yaşları tökür, bəzən danışıqlara qızı Mildredi aparırdı ki, mağaza sahiblərinin və ip təchizatçılarının qəlbləri yumşalsın. Öz işində o qədər iddialı idi ki, həyat yoldaşına "İcraçı direktor olmayacaqsansa, səninlə boşanacağam", - deyirdi. Çünki o, başa düşürdü ki, öz biznesində ən etibarlı köməkçi məhz həyat yoldaşı ola bilər. Geyim fabrikində stabil işi olan Filip razılıq verməyə tərəddüd edirdi, bir növ inamı az idi və öz işini atmaq istəmirdi. Lakin bir sıra ultimatumlardan sonra onun başqa çarəsi qalmadı –1966-ci ildə ölənə qədər onun sağ əli oldu.
20-cı illərin sonunda Beatris 5 min dollar kredit götürərək mağaza açır. Amerikanın böyük depressiyaya girdiyi zamanda onun biznesi ayaq üstdə dura bildi. Buna səbəb hansı cür gəlinciklərin satıla biləcəyini möhtəşəm hiss etmə qabiliyyəti idi ki, məsələn, 1936-cı ildə məşhur Skarlet O`Xaranın gəlincik versiyasını müvəffəqiyyətlə ictimaiyyətə təqdim edir. Gəlincik hamının sevimlisi Vivyen Liyə o qədər oxşayırdı ki, çox adam onu öz evində görmək istəyirdi. Həmin illərdə Beatris “Disney”lə müqavilə bağlayaraq multfilm personajlarının obrazında gəlinciklər buraxmağa başlayır. 1953-ci ildə, Britaniyada kral ailəsinin kraliça II Yelizavetaya tacqoyma mərasimi üçün Beatris 36 gəlincik düzəldir. Gəlinciklər zərgər dəqiqliyilə kral ailəsi üzvlərinin və mərasim qonaqlarının əksi idi. Bu unikal seriya səxavətlə dəyərləndirilir və 25 min dollar ödənilir. Sonradan kral ailəsi kolleksiyanı Bruklin Uşaq Muzeyinə bağışlayır. Beatrisin müasir dillə desək, marketinq qabiliyyəti tükənməz idi: BMT-yə daxil olan ölkələrin milli geyimlərində gəlinciklər hazırlayır, Jozefina Beyker, Merilin Monro, Şirli Templ, Kleopatra və bir çox başqa tanınmış qadınların surətini yarada bilir. Çiçəklənmə dövründə “Alexander Doll Company” adlanan şirkət daha 5000 gəlincik istehsal edir.
70-cı illərdə Beatris öz imperiyasının idarəçiliyini kürəkəni və nəvəsinə həvalə edir. 80-cı illərdə “Alexander Doll Company” hər il bir milyon oyuncaq istehsal edir ki, bu da təxminən 20 milyon dollar gəlir əldə etməyə rəvac verirdi. 80-cı illərin sonunda o, şirkətini 3 özəl sahibkara sataraq, şirkətin dizayn üzrə məsləhətçisi qismində qaldı. Beatris Floridada öz evində daha çox vaxt keçirirdi. Populyarlığı Elvis Presli ilə müqayisə olunan Madam Aleksander 3 oktyabr 1990-ci il əbədiyyətə qovuşdu./publika.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?