Çimərlik mövsümü başlayandan xeyli sayda suda boğulma hadisəsi qeydə alınıb. Dənizdə batanları xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən tədbirlər görülsə də, çimərlik mövsümü insan itkisi olmadan ötüşmür.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə müdiri Elsəvər Həsənov movqe.az-a açıqlamasında çimərliklərdə boğulma hallarına dənizə üz tutanların üzə bilməməsinin səbəb olduğunu söyləyib.
E. Həsənov qurumun tabeliyində 41 dövlət və özəl çimərliyin mühafizə olunduğunu deyib: "Zuğulba, Mərdəkan, Bigəh, Pirşağı kimi çimərliklərdə hər gün kimlərsə xilas еdilir. Xüsusilə küləkli havada boğulmaqdan xilas edilənlərin sayı daha çox olur. Sözügedən çiməkliklərdə boğulma təhlükəsi ilə üzləşənlərin sayının çox olmasının səbəbi isə bu çimərliklərə insan axının çox olması ilə bağlıdır”.
Şöbə müdiri deyir ki, bu mövsüm Xidmətin nəzarətində olan, xilasetmə avadanlıqları ilə təhciz olunmuş çimərliklərdə 39 nəfər xilas edilib. Onlardan 31-i dənizdə, 7-si su anbarında, 1-i isə çayda batarkən xilas edilib.
Xilas edilənlərdən 4 nəfərinin qeyri-çimərlik ərazilərdə çimənlər olduğu açıqlanıb: "Xəzər rayonu Şüvəlan qəsəbəsində Minqaya və Mayak sahillərində bu kimi hallara çox rast gəlinir. Qeyri-çimərlik ərazilərində sualtı axın, küləkli hava şəraitində suyun axınında dəyişikliklərin olması boğulma təhlükəsi yaradır. Həmin ərazilər qeyri-çimərlik ərazisi olduğundan, o yerlərdə boğulma təhlükəsi ilə üzləşənlərin də xilas edilməsi çətin olur. Bəzən vətəndaşlar yeri düzgün istiqamət vermədiklərindən gecikmə halları olur. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə bizim xidmətin ən yaxın məntəqəsindən xilasetmə üçün əməkdaşlarımız göndərilir. Amma qeyd edim ki, boğulan insanın hansı səmtdə batması, hansı çimərliyə yaxın olduğu barədə məlumatlarda yanlışlıq olur. Bu səhv məlumatlar da xilasetməni ləngidir. Qeyri-çimərlik ərazilərində qayalıqlar da xilasetməyə mane olur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?