AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya (ETP) dünya standartlarına cavab verən yeni nəsil insansız uçan aparatların (pilotsuz) istehsalı işini təkmilləşdirib.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, ilk modeller və uçuş aparatları artıq hazırdır. Dronların istehsalı ilə məşğul olan şirkətin 5 növdə uçuş aparatı mövcuddur.
Multirotor tipli pilotsuz uçan aparatların idarəedilməsi və müxtəlif tapşırıqların, funksiyaların yerinə yetirilməsi məqsədilə AMEA Yüksək Texnologiyalar Parkında təlim dərslərinin keçirilməsinə başlanılıb.
ETP-nin istehsal etdiyi dronların sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərə ilk növbədə AMEA institutlarının əməkdaşları qatılıblar. ETP-nin istehsal etdiyi dronlar akademiyanın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə ediləcək.
Dronlar yüksəklikdən video-foto çəkilişlərin edilməsi (aerofoto), kənd təsərrüfatında ərazinin spektral analizinin aparılması, ərazinin dərmanlanması, xəritəçəkmə (3D xəritələrin yaradılması), yükdaşıma (analiz üçün elmi tədqiqat avadanlıqları) və müşahidə - (Zoologiya institutunda heyvanların uzaqdan müşahidə edilməsi) və bir çox məqsədlərlə istifadə oluna bilər.
Gələcəkdə uçuş aparatlarının təkmilləşdirilərək çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.
2016-cı ildən fəaliyyətə başlayan AMEA Elm və Texnologiya Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?