Ziya Qasımov: “Güman etmirəm ki, uşaqlar belə bir səhvə yol verib qar uçqununun altına getsinlər”
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxan və itkin düşən üç alpinistimiz-Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədən hələ də xəbər yoxdur. Qəzetimiz çapa gedərkən də alpinistlərin axtarışları barədə yekun məlumat yox idi.
Qeyd edək ki, axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in üzvlərindən ibarət komanda həyata keçirir.
Dekabrın 28-də səhər saatlarında axtarışlara yenidən start verilib. Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və alpinistlər cəlb olunub.
Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.
Qərargaha FHN-in Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.
Dünən axtarışlarla bağlı Əməliyyat Qərargahı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, “Gilavar” - hava və ekstrim idman klubunun üzvlərinin axtarışları davam edir.
Nazirliyin Aviasiya dəstəsinin “Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi Tufandağda itkin düşənlərin axtarışına hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli sayır.
Qurumun yaratdığı Əməliyyat Qərargahı yaydığı məlumatda bildirir ki, itkin düşən gənclərin axtarışı mürəkkəb relyefi olan yüksək dağ massivində aparılır.
“Eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edirik ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir”.
Qeyd edək ki, çərşənbə günü sosial şəbəkələrdə alpinistlərin axtarışı üçün könüllü dəstələrin yaradılması üçün müraciətlər yayılıb.
Amma bununla belə, xüsusi hazırlığı olan və axtarışlara könüllü şəkildə qoşulan alpinistlər də var.
“Hazırda itən dağçıları 3 qrup axtarır”.
Oxu.az xəbər verir ki, bu barədə məlumatı hazırda könüllü şəkildə Şahyaylaqda olan alpinist Toğrul Cəfərov sosial şəbəkədə yayıb.
O bildirib ki, axtarış tədbirləri ilə əlaqədar olaraq Şahyaylaqda qərargah qurulub: “Axtarışa FHN-in xüsusi xilasetmə qrupu da qoşulub. 3 qrup - alpinistlər, FHN-in xüsusi xilasetmə dəstəsi və Xınalıqlı bir qrup onları axtarır. Bundan başqa, köməkçi dəstə ilə qərargah məntəqəsində axtarışların gedişatı izlənilir. Hava şəraiti yaxşıdır. Yüngül külək var”.
Tufandağda itkin düşən alpinistlərin axtarışına könüllülər də qoşulub. Xəbəri “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi yayıb.
Təşkilat bildirir ki, çağırışa 150-dən artıq şəxs cavab verərək gənclərin axtarışına qoşula biləcəyini deyib, ancaq onlardan 10 uyğun şəxs seçilib.
“İtkin düşən gənclərin axtarışı davam edir, müstəqil alpinistlər də, Xınalıq kəndinin sakinləri də axtarışa qoşulub”, bunu “Gilavar” - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, havadan axtarış Qusar, Qəbələ istiqamətlərinə qədər əhatə eləyir.
“Helikopterlərlə də böyük bir ərazidə axtarış aparılır”.
Ziya Qasımov əlavə edir ki, gənclər təcrübəli alpinistlərdir:
“Qar uçqunları ola biləcək yerlərə də baxırıq, hərçənd onlar qış alpinizmini bilənlərdir. Qış marşrutları ilə dağa qalxanlar harda qar uçqunu ola bilər, bundan xəbərdardırlar. Güman etmirəm ki, uşaqlar belə bir səhvə yol verib qar uçqunun altına getsinlər”.
Ziya Qasımov sürüşmə ehtimalını istisna edir:
“Onların ayaqlarında dişli, xüsusi ayaqqabı olub, buz baltaları, digər lazımi avadanlıqlar olub. Amma bununla belə, buz çatlaqları da yoxlanır”.
Klub rəhbəri deyir ki, gənclərlə əlaqə dekabrın 24-ü saat 5-dən sonra kəsilib./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?