Məlum olduğu kimi, Bayıl yamacında sürüşmə aktivləşib. Bu səbəbdən hazırda Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə ərazisinə yaxın məsafədə yerləşən evlərdə yaşayan sakinləri köçürürlər.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib ki, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürüşmənin aktiv olduğu zonaya gedərək sakinlərlə görüşüblər.
“Camaatla söhbət aparılıb və onlara müvəqqəti olaraq qohum və yaxınlarının evinə köçmələri təklif olunub. Kimin köçməyə yeri yoxdursa, xüsusi olaraq bu işlə əlaqədar rayonun idarə və təşkilatlarında yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilib. Təxminən 100-dən çox evin sakini köçürülüb”, – deyə İ.Kərimov bildirib.
Hazırda Minval.İnfo-nun əməkdaşı Fərid Özay hadisə yerindədir. Əməkdaşımızın verdiyi məlumata görə, ailələrin böyük hissəsi qohumların evində məskunlaşıblar. Amma kişilər evlərini tərk etməyiblər. Onlar ərazidə dolaşır, məlumat almağa, işin sonunu öyrənməyə çalışırlar.
Sakinlərin evlərinə gedən kommunal xətlər kəsilib. Rəsmi qurumlar bunu təhlükəsizlik məqsədi ilə etdiklərini desələr də, sakinlər onların evlərindən tez çıxması üçün bunu etdiklərini deyirlər: “Qazı kəsiblər. Qadınları, uşaqları qohumlara aparmışıq, özümüz isə burdayıq. Gecə qəfil gəlib dedilər, küçəyə alt paltarı ilə çıxan var idi”./minval.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?