Xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və Pərviz Abbasovun barələrində olan hökmdən ilkin apellyasiya şikayəti verilib.
Bu barədə R.Orucovun vəkili Kamandar Nəsibov bildirib.
O, müdafiə tərəfi olaraq məhkəmə iclas protokolu ilə tanış olmadıqlarını deyib: "On dörd gün əvvəl Binəqədi Rayon Məhkəməsinə müraciət etdik ki, bizə protokollarla tanış olmaq üçün şəraət yaradılsın. Məhkəmə katibi bizə söylədi ki ki, hakim Rəşad Əliyev məzuniyyətdədir, protokol da hazır deyil. Hətta bu gün də yenidən məhkəməyə ilə əlaqə saxladıq, lakin katib hakimin işə çıxmadığını və protokolun bizə verə bilməyəcəyini qeyd etdi. Məhkəmə iclas protokolu ilə tanış olandan sonra apellyasiya şikayətində əlavələr edilib yenidən məhkəməyə müraciət edəcəyik".
Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.
Bu il yanvarın 17-də Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay, P.Abbasovla K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. P.Abbasov və K.Vəliyev məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, R.Orucov Novruzəli Orucovun oğludur. General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?