İranda qəsdən adam öldürməkdə günahlandırılan 20 yaşlı gənc edam edilib.
İrandakı hüquq müdafiəçilərinin edam edilən gəncin ailəsinə istinadən yaydığı xəbərə əsasən, müttəhim Hüseyn İsmayılpur 14 yaşında ikən dini təhsil almaq üçün Rudsər mədrəsəsinə qəbul edilib.
O, az sonra, vaxtilə “Sepah”ın keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun hazırkı katibi Möhsün Rzayinin Gilandakı müşaviri olmuş Fəxri Ləngərudi adlı bir axundla tanış olaraq, dəfələrlə onun tərəfindən zorlanıb.
Bildirilir ki, 2014-cü ildə 20 yaşı ərəfəsində olan Hüseyn İsmayılpur onu zorlamış axunddan intiqam almaq qərarına gəlib. Beləliklə, o, iki dostunun yardımı ilə axund Fəxri Ləngərudini qətlə yetirib.
Qətl hadisəsindən sonra iki dostu ilə birlikdə həbs edilən H.İsmayılpur məhkəmədə başına gələnləri danışıb, yeniyetməlik dövründə dəfələrlə axund tərəfindən zorlandığını açıqlasa da, məhkəmə edam cəzasını geri götürməyib.
Hüseyn İsmayılpur 4 il həbsdə saxlandıqdan sonra bu il dekabrın 1-də İranın Rəşt şəhərinin Lakan zindanında dara çəkilib.
Gənc müttəhim edam edildikdən sonra onun atası jurnalistlərə açıqlamasında ədalətsizliyə etiraz bildirib:
“Oğlumum öldürdüyü şəxs nüfuzlu bir axund olduğu üçün biz zorlama faktı ilə bağlı məhkəmədə heç nəyi sübut edə bilmədik. Hər şey onların xeyrinə cərəyan etdi. Bizim sözümüzə qulaq asan olmadı. Hər şey elə tənzimlənmişdi ki, biz məhkum, onlar isə haqlı görünürdülər.
Bütün qapılar üzümüzə bağlanmışdı və işi 3-4 ay içində tələm-tələsik bağladılar və oğluma çıxarılan ölüm hökmünü təsdiqlənməsi üçün Ali Məhkəməyə göndərdilər. Ali Məhkəmə də hökmü qüvvədə saxladıqdan sonra onu icra etdilər. Bizim hökmün icrasını dayandırmaq üçün əlimizdən heç bir iş gəlmədi”.
Bildirilir ki, axundun qətlində iştirak edən digər iki müttəhimdən biri ömürlük həbsə məhkum edilib. Üçüncü müttəhim isə əvvəlcə 11 il həbsə məhkum edilsə də, sonradan bəraət alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?