“SOCAR Turkey Enerji A.Ş.”nin gələcək strateji hədəflərində yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkə almaq niyyəti var, amma bu, yaxın zamanda planlaşdırılmır.
Bunu “Report”a “SOCAR Turkey Enerji”dən şirkətin baş icraçı direktoru Zaur Qəhrəmanova istinadən 600-700 yanacaqdoldurma məntəqəsinə sahib şirkət satın almağı planlaşdırdıqları ilə bağlı bu gün KİV-lərdə yayılan xəbərləri dəqiqləşdirərkən bildirilib. “SOCAR Turkey”dən deyilib ki, şirkətin uzunmüddətli strateji hədəfləri mövcuddur və bu hədəflər çərçivəsində addımlar atılır. Qeyd edilib ki, hazırda əsas strateji hədəfə Türkiyənin neft-kimya sahəsində inkişaf etmək, yeni neft-kimya kompleksinin inşasını həyata keçirmək daxildir: “Sözsüz ki, gələcəkdə Türkiyədə yanacaqdoldurma şəbəkəsinə də malik olmaq niyyətimiz var. Lakin bu, hələlik gündəmdə deyil”. Şirkətdən o da xatırladılıb ki, bu yaxınlarda Almaniyanın EWE şirkətinin Türkiyədəki təbii qaz paylama şirkətlərindəki payı satın alınıb, şirkət İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderin qalibi olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?