Həmin ərəfədə Mərkəzi Komitənin katibi olan Yuri Andropov baş vermiş hadisə ilə bağlı Leonid İliç Brejnevi məlumatlandıranda, artıq özünü güclə idarə edən baş katib öz işini bir cümləlik göstəriş verməklə bitmiş hesab edib:
“Ölənlər dəfn edilsin, mətbuat sussun...”
Bəli, SSRİ-də minlərlə insanın gözü qarşısında baş verən hadisəni gizlətmək mümkün olub, mətbuat susdurulub, hadisə şahidlərinə xabərdarlıq olunub. 1982-ci ilin 20 oktyabrında olduğu kimi.
Həmin tarixdə Moskvanın Lenin adına mərkəzi stadionunda (Lujniki) UEFA kubokunun 1/16 mərhələsində yerli “Spartak” və Hollandiyanın “Haarlem” klubları arasında görüş keçirilib.
Oyuna hələ bir neçə gün qalmış Moskvaya güclü qar yağıb. Elə bu səbəbdən də 82 min biletdən cəmisi 16 mini satılıb. Oyun keçirilən gün qar daha da güclənib, stadionun içərisindəki pillə və keçidlərin hamısını təmizləmək mümkün olmayıb. Matç saat 19-da başlanıb. 16-cı dəqiqədə “Spartak”ın hücumçusu Edqar Qess topu rəqib komandanın qapısından keçirib.
90-cı dəqiqəyədək oyun 1-0 “Spartak”ın xeyrinə davam edib. Son dəqiqələrdə azarkeşlər stadionu tərk etməyə başlayıblar. Sürüşkən pillə və keçidlərdən stadionun çıxışına doğru üz tutan azarkeşləri oyunun 90 dəqiqəsində Sergey Şvetsovun vurduğu qol yenidən geri dönməyə məcbur edib. Bu məqamda azarkeşlər arasında basabas düşüb. Sürüşkən keçidlərdə və pillələrdə yıxılan azarkeşlər digərləri tərəfindən ayaqlar altında qalıblar. İdarə olunmayan kütlə heç nəyin fərqinə varmadan yıxılan insanların üstündən keçiblər.
10 dəqiqədən sonra təcili yardım maşınları yaralıları Skilifosovski adına Təcili Yardım İnstitutuna çatdırıblar. Həmin instututa 114 nəfər yerləşdirilib. Ayaq altda qalıb ölənlərin meyitlərini isə əvvəlcə stadionun həyətindəki Leninin abidəsinin önünə yığıblar. Sonra 66 meyit Moskvanın ayrı-ayrı rayonlarının morquna göndərilib.
Gecədən xeyli keçmiş Yuri Andropov yaralıların müalicə olunduğu instututda həkimlər və yaralılarla görüşüb. İnstitut rəhbərliyinə tapşırılıb ki, yaralıların sayı və səhhəti ilə bağlı bütün məlumatlar məxfi qalmalıdır.
Leonid İliç Brejnevin tapşırığı ilə mətbuat hadisə ilə bağlı açıqlama verməyib. Yalnız “Pravda” və “Veçernyaya Moskva” qəzetləri baş vermiş hadisə ilə bağlı bir çümlə yazıblar: “Oyundan sonra azerkeşlər stadionu tərk edərkən sıxlıq yaranıb. Sıxlıq nəticəsində zədələnənlər olub. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır...”
Həmin dövrün ən populyar idman qəzeti olan “Futbol, xokkey” isə öz səhifələrində hadisə ilə bağlı heç nə yazmayıb. Amma sırf oyun haqqında verdikləri məqalənin başlığını çox maraqlı seçiblər: “Soyuq hava, isti oyun”.
Sovet mətbuatı hadisəni gizlətsə də, elə həmin günün gecəsi “Qolos Amerika” baş verənlər haqqında ən incə detalları belə açıqlayıb.
Baş vermiş hadisə ilə bağlı Moskva şəhər prokurorluğu cinayət içi açıb. İş yekunlaşdıqdan sonra Moskva şəhər məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə iki nəfər cəzalandırılıb. Stadionun direktoru Kokrışev və komendant Pançixin 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.
Sovet mətbuatında Lujnikidə baş vermiş hadisə ilə bağlı ilk yazılar 1989-cu ildə dərc olunmağa başyaıb.
Rəsmi məlumatda ölənlərin sayı 66 göstərilsə də, digər versiyaya görə bu rəqəm 220-ni keçib.
Bir fakt bunu sübut edir ki, 66 ilkin rəqəmdir. Belə ki, hadisədən dərhal sonra Moskvanın 1-ci katibi stadiona gəlib. Onun stadionda olan yerli milis bölməsinin rəisinə ilk sualı bu olub:
- Ölənlərin sayı nə qədərdir?
Bölmə rəisi tərəddüdlə cavab verib:
- Hazırda 66 nəfər, amma bu son deyil
Qrişin yüksək tonla mətləbi rəisə anladıb:
- Bəli, 66 nəfər, bundan artıq ola bilməz və olmamalıdır.
Qeyd edək ki, Lujnikidə baş vermiş hadisə zamanı ölənlərdən biri 15 yaşlı azərbaycanlı Eldar Abdullayev olub.
10 ildən sonra 1992-ci ilin oktybrında Lujnikidə faciəli hadisə ilə bağlı xatirə abidəsi ucaldılıb./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?