Sərdar Cəlaloğlu: “Mən liderəm, qabağa düşürəm, sən dalımca getmirsən”; Araz Əlizadə: “Aktivləşmənin mənası yoxdur, küçəyə çıxmaqla problem həll olunmur”
Azərbaycan siyasətçiləri tez-tez cəmiyyətdən gileylənir, onları proseslərə biganə yanaşmaqda suçlayırlar. Bir çox müxalifətçilərin və hüquq-müdafiə təşkilatlarının üzvlərinin fikrincə, cəmiyyət passivdir, öz haqqı üçün mübarizə aparmır. Sadə vətəndaşlar, apolitik zümrə isə günahı siyasi təşkilatlarda, onların liderlərində görür.
İnsanlar düşünürlər ki, cəmiyyətin hətta lokal sosial problemə reaksiyasının olmaması illərlə müxalifətin yanlışları, mübarizə əzminin qırılması, cəmiyyətin onlara inamının dəfn edilməsi oldu. Seçkilərdə də xalq aktivlik göstərmir.
Bu durum qarşıdan bələdiyyə seçkiləri gəldiyi üçün daha tez-tez xatırladılır. Ehtimal var ki, parlament seçkiləri də ola bilər. Ölkə gündəmində müxtəlif hadisələr var. Ancaq bunların heç birinə nə müxalifətin, nə cəmiyyətin marağı, iştirakçılığı hiss olunur.
Məsələ ondadır ki, qonşu Gürcüstanda, qardaş Türkiyədə ictimai-siyasi proseslərdə, xüsusilə seçkilərdə cəmiyyət aktivlik göstərir. Belə bir tendensiyanın Azərbaycanda müşahidə olunmaması suallar yaradır.
SÉrdar CÉlaloÄlu h ile ilgili görsel sonucu
Bunun səbəblərindən danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, cəmiyyətdə süstlüyün yaranması ilk növbədə idarəetmə ilə bağlıdır: “Azərbaycanda ciddi bir nəzarət var. Sizin dediyiniz demokratik cəmiyyətlərdə olur, aktivlik müşahidə edilir. Azərbaycanda vətəndaş fəallığına imkan verilmir. Yenilənmələr yoxdur, ona görə də dinamizm yoxdur. Bir insanın istedadı ola bilər, əgər hökumət ona fəaliyyət azadlığı vermirsə, həmin vətəndaş cəmiyyətə, dövlətə fayda verə bilməz. Məsələn, biz siyasi partiyayıq, təşkilatlanırıq. Siyasi partiya dövlətə kadr hazırlayır. İqtidar bundan istifadə etməlidir.
Hakimiyyət deyir ki, siyasətçi institutu yarat, amma onu fəaliyyət imkanlarından məhrum edirsən, sonra müəllim, həkim tapa bilmirsən".
ADP sədrinin fikrincə, müxalifət efirə buraxılmır, xalqla görüşlərə imkan verilmirsə, hansı dinamizmdən danışmaq olar: “Söz sahibi xalqdır. Bu gün müxalifətdən gileylənən xalqın 99 faizi heç vaxt müxalifətə maddi, mənəvi dəstək verməyib, bir siyasi dustaq qapısı açmayıb. Sən məndən azadlıq istəyirsən, amma efirdə məni görən kimi deyirsən ki, əşi, bunlar nə ediblər. Mən liderəm, qabağa düşürəm, sən dalımca getmirsən. Hər bir xalq azadlıqda iştirak edəcəyi qədər pay ala bilər.
Xalq deyir ki, müxalifət döyülsün, başı yarılsın, tutulsun, ancaq mənim evim, işim, ayda 2000 manat maaşım, maşınım olsun. Belə mübarizə olmur.
Mən 4 dəfə həbsdə olmuşam. Sən də gəl bir dəfə həbs həyatı yaşa. Amma işini, maaşını, uşağının oxumağını fikirləşib qorxursan. Qorxaq adamın azadlıq haqqı var?"
Deputat, Azərbaycan Sosial Demokrat Partiyasının (ADP) sədri Araz Əlizadə S.Cəlaloğlundan fərqli olaraq hesab edir ki, aktivləşmənin mənası yoxdur: “Küçəyə çıxmaqla, ”rədd olsun" deməklə problemlər həll olunmur. Bu gün Azərbaycanda sosial-iqtisadi problemlər həllini tapmaqdadır. Siyasi partiyaların işi isə öz proqramlarını ortaya qoymaq və ona uyğun mübarizə aparmaqdır.
Ayrı-ayrı vətəndaşların pozulmuş hüquqları ilə qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri məşğul olurlar.
Bu gün sağ müxalifət adlanan “şurik”lər ora toplaşıb, onların partiyalarının heç vaxt proqramı olmayıb. Bizim partiyanın proqramı var.
Qoyduğumuz məsələlər iqtidar tərəfindən həyata keçir. Sağ müxalifətə o vaxt deyirdik ki, proqramınızı təqdim edin. Deyirdilər ki, gələrik görərsiniz. Gəldilər, gördük. Onların proqramının olması üçün savadı olmalıdır. Bir dəfə Cəmil Həsənli bildirdi ki, təhsilə ayrılan pulu iki dəfə artıracağam, müəllimlərin maaşını 3 dəfə artıracağam. Necə olur ki, büdcədən təhsilə maliyyə 2 dəfə, işçinin maaşı 3 dəfə artır?
Digər tərəfdən, keçmiş formadakı partiyaların vaxtı bitib. Siyasətə oxumuş, karyerası olan gənclər gələcək".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?