“Yalnız avtoritar cəmiyyətlərdə, təşkilatlarda belə bir vəziyyət ola bilər”
Bu günlərdə ölkədə baş verən qiymət artımı vətəndaşların ciddi narazılığına səbəb olsa da, etirazlar aktiv müstəviyə keçmədi. Bahalaşmaya etiraz əlaməti olaraq, müxalifətin aksiya təyin etməsi də, böyük ehtimalla ciddi prosesin başlanğıcı olmayacaq. Aydınlar Partiyasının sədri, Milli Şuranın üzvü Qulamhüseyn Əlibəyli "Reytinq"ə deyib ki, insanlar narazılıqlarını daha çox passiv şəkildə ifadə edirlər və ölkədə daha geniş kütləvi etirazlara meyl azdır. Partiya sədrinin fikrincə, buna səbəb aktiv şəkildə etiraz bildirənlərin təzyiqlərə məruz qalmasıdır:
- Çox təəssüf ki, cəmiyyətin reaksiyası ölkədəki mövcud vəziyyətə, baş verən hadisələrə adekvat deyil. Hazırda vəziyyət olduqca ağırdır. Son dövrlər hakimiyyət tərəfindən cəmiyyətin vəziyyətini daha da ağırlaşdıran süni problemlər yaradılır. Seçkilərin saxtalaşdırılması, addımbaşı insan hü-quqlarının pozulması, heç bir əsası olmadan qiymətlərin bu şəkildə qaldırılması da buna əyani sü-butdur. Amma hələlik cəmiyyət dözür.
Düzdür, ayrı-ayrı müstəvilərdə narazılıqlar bildirilir, etirazlar olur. Böyük əksəriyyətin narazılığı isə daxili auditoriyadan kənara çıxmır. İndiki situasiyaya nəzər yetirdikdə, böyük etirazlar da gözlənilmir.
Hakimiyyət dəfələrlə bu cür addımlar atmaqla əslində, cəmiyyətin nəbzini öyrənib. Ona görə də hakimiyyət vaxtaşırı cəmiyyəti sıxmaqda davam edir. Cəmiyyətin bütün bu təzyiqlərə dözümlülük nümayiş etdirməsinin də müxtəlif səbəbləri var. Bu, bir tərəfdən siyasi vəziyyətin gərginliyi, ölkədə hüquqi mühitin olmaması, digər tərəfdən isə polis və bir sıra dövlət qurumlarının özbaşınalıqları ilə bağlıdır.
İnsanlar narazılıqlarını daha çox passiv şəkildə, yalnız öz əhatə dairəsində ifadə edir. Yəni, kütləvi etirazlara meyl azdır. Bu da, aktiv şəkildə etirazını bildirənlərin təzyiqlərə məruz qalmaları, şərlənərək həbs olunmaları və s. bağlıdır. Görünür, bütün bunlar cəmiyyətə təsir edir, cəmiyyət bir növ xof içərisindədir.
- Sizcə, cəmiyyətin reaksiya verməməsi vəziyyətin dözülməz həddə çatmaması ilə bağlıdır, yoxsa xofu sındırmaqdan qorxur?
- Mənə elə gəlir ki, cəmiyyət xofu sındırmaqdan qorxur. Çünki Azərbaycanda yürüdülən avtoritar siyasət nəticəsində kollektiv rəy formalaşdırmaq çətinləşib. Cəmiyyət üzvləri görürlər ki, ayrı-ayrı fəallar, hansı ki, hər hansı bir məsələ ilə bağlı haqqı tələb edirlər, hakimiyyətin siyasətinə qarşı çı-xırlar, onlar müxtəlif variantlarla susdurulurlar, cəmiyyət isə onları bu həbsdən xilas edə bilmir. Bu mənada, cəmiyyət bütövlükdə hərəkət etməyə çəkinir.
- Bəs, bu prosesi nə qədər davam edə bilər? İnsanlar hakimiyyətin təzyiqləri qarşısında boyun əyməkdə davam edəcəkmi?
- Xeyr. Mən elə deməzdim ki, insanlar təzyiqlərə boyun əyərək sona qədər dözəcək. Təbii ki, müxtəlif amillərin olduğunu istisna eləmək olmaz. Amma hər bir halda, Azərbaycan xalqı dəfələrlə öz sözünü demək iradəsini ortaya qoyub və sübut edib ki, lazım gələndə öz sözünü deyən xalqdır. Hazırda Azərbaycan xalqı xof içində olsa da, passivlik nümayiş etdirsə də, gec-tez öz sözünü deyəcək.
- Narazılığı ifadə etmək formaları müxtəlif olur. Onlardan ən zərərlisi inqilabi, qarşıdurmalı etiraz-lardır. Azərbaycanda bu variantın reallaşma imkanları varmı?
- Mənə elə gəlir ki, inqilabi situasiya, qanlı qarşıdurmalara getmək əhval-ruhiyyəsi Azərbaycanda yoxdur. Cəmiyyətin xof içində olması da göstərir ki, insanlar belə qarşıdurmaya meyl etmək iqtidarında deyil, yaxud da bunu istəmir.
İnqilabi situasiya əsasən cəmiyyətin bütövlükdə aktiv olduğu yerlərdə ortaya çıxır. Hazırda isə Azərbaycanda ümumi bir süstlük hökm sürür. Amma hesab edirəm ki, müxtəlif etirazların olacağı qaçılmazdır. Çünki insanlar mövcud vəziyyətdən kifayət qədər narazıdır və bundan cana doyublar. Bu o demək deyil ki, insanlar sabahdan küçəyə çıxacaqlar, böyük mitinqlər olacaq. Amma cəmiyyət hakimiyyətin bu cür rəftarına uzun müddət dözməyəcək.
- Qulamhüseyn bəy, bu cür situasiyalarda cəmiyyəti yönləndirmək funksiyasını boynuna götürən müxalifət öz missiyasını yerinə yetirə bilirmi?
- Hesab edirəm ki, sosial narazalıqları istiqamətləndirməkdə müxalifətin fəaliyyəti bir qədər zəifdir. Sosial narazılıqlar daha çox kortəbii xarakter daşıyır. Zaman-zaman ayrı-ayrı regionlarda baş verən etirazlar göstərib ki, müxalifət bu kimi hallarda ön sırada dayanmır. Baxmayaraq ki, bu və ya digər hadisələri müxalifətdən olan partiya sədrlərinin, fəalların adı ilə bağlayırlar, amma hesab edirəm ki, müxalifət bu kimi narazılıqları istiqamətləndirə bilmir. Güman eləmək olar ki, müxlifətin sosial narazılıqları istiqamətləndirmək yönündə cəmiyyətə təsir imkanları azdır. Düşünürəm ki, seçki və digər məsələlərlə bağlı müxalifətin təsir imkanlarının daha çox olduğu son prezident seç-kilərində aşkara çıxdı.
- Axı, seçki və digər siyasi proseslərlə bağlı da müxalifətin çağırışana cəmiyyətdən kütləvi cavab verilmədi?
- Əgər kütləvi aksiyalardan söhbət gedirsə, aksiyalar cəmiyyətin barometri rolunu oynaya bilməz. Çünki nə hakimiyyətin, nə də müxalifətin keçirdiyi kütləvi aksiyalarda cəmiyyətin çox az qismi iştirak edir. Bu mənada, hesab edirəm ki, kütləvi aksiyalarda iştirak edənlərin sayını əsas götürmək doğru deyil. Seçkidə iştirak edib müxalifətə səs verənlərin sayını əsas kimi götürmək lazımdır. Bu sahədə müəyyən müsbət irəliləyişlər var.
- Amma rəsmi nəticələrə görə, müxalifətin səs almaq imkanları da aşağıdır...
- Azərbaycanın siyasi vəziyyəti elədir ki, burda normal bir seçki olmayıb. İndiki hakimiyyətin dövründə ədalətli seçki keçirilməyib ki, real gücü biləsən. Xalq xof içindədir, etiraz eləməyə gücü yoxdur, ona görə də onun səsini düzgün saymırlar.
Azərbaycan xalqı bu gün passiv mövqedən çıxış edir. Amma bu o demək deyil ki, həmişə bu cür rəftara dözəcək. İnanıram ki, cəmiyyət özünü toparlayıb bütün haqsızlıqlara, qanunsuzluqlara, saxtakarlıqlara etirazını bildirəcək.
- Qulamhüseyn bəy, Milli Şura daxilində baş verənlərə də toxunmaq istərdim. Hazırda konfliktlərdən kənarda dayanan şəxs kimi baş verənləri necə qiymətləndirirsiniz?
- Çox düzgün qeyd etdiniz ki, mən müəyyən konfliktlərdən kənarda dayanıram. Ona görə də kimin haqlı, kimin haqsız olması barədə hər hansı fikir bildirmək istəmirəm.
Bir də ki, üzvü olduğum Milli Şura daxilində gedən prosesləri mətbuatda müzakirə etmək istəməzdim. Yanlış da olsa, bu, mənim mövqeyimdir.
- Danışmaq istəməsəniz də, fikir ayrılıqları var və bu da cəmiyyət tərəfindən müsbət qarşılanmır.
- Sonuncu prezident seçkiləri göstərdi ki, Milli Şuranın daxilindəki narazlıqlar elə də ciddi səviyyədə deyil. İndi ortaya çıxan problemələri də müzakirə yolu ilə həll eləmək mükündür.
- Axı, fikir ayrılıqları qarşılıqlı ittihamlar müstəvisinə keçib. Cəmiyyət deməyəcəkmi ki, bir-birini qıran siyasilərdən müxalifət olmaz?
- Düzü, hər hansı bir qurum daxilində mütləq fikirin olmasını, hamının eyni cür düşünməsini qəbul eləmirəm. Yalnız avtoritar cəmiyyətlərdə, təşkilatlarda belə bir vəziyyət ola bilər.
Milli Şura daxilində fərqli fikirlərin olması normaldır. Düzdür, mən onunla da razıyam ki, bəzən fikir ayrılıqları sərt formada, bir-birini təhqir şəklində ifadə olunur. Bu, Milli Şuranın fəaliyyətinə təsir göstərsə də, bütövlükdə qurumun gələcək planlarını əngəlləyə bilməyəcək.
- Əsasən də Milli Şura rəhbərliyinin formalaşması məsələsi qalmaqala səbəb oldu. Bu məsələdə ni-yə bu qədər problem yaranıb?
- Artıq bu məsələ bitdi, hər hansı qalmaqala da ehtiyac yoxdur. Milli Şuranın yeni rəhbərliyi for-malaşdı, bundan sonra növbəti qalmaqallara rəvac vermək lazım deyil.
- Müsavat Partiyası buna görə Milli Şuranı tərk edə bilər. Bu barədə nə düşünürsünüz?
- Milli Şurada partiya üzvlüyü yoxdur, fərdlərin bir araya gəldiyi təşkilatdır. Amma sözsüz ki, partiyaların siyahısı əsasında formalaşıb. İstənilən partiya, istənilən şəxs Milli Şuranı tərk edə bi-lər. Bu da Milli Şuranın demokratik bir təşkilat olduğunu göstərən amillərdən biridir.
- Sizcə, Müsavatın getməsi Milli Şura üçün itki deyil?
- Kimsə Milli Şuranı tərk etmək istəyirsə, onun qarşısını almaq mümkün deyil. Azərbaycanda ki-minsə, hansısa partiyanın birlikdən getməsi parçalanma kimi qələmə verilir. Amma zaman göstərir ki, kiminsə, hardansa getməsi həmin təşkilatın parçalanması, dağılması demək deyil.
- Artıq yeni dönəm başlayır. Perspektiv üçün müxalifət nələr etməli, fəaliyyətini, hədəflərini hansı istiqamətdə qurmalıdır?
- Bu gün müxalifəti düşündürən və narahat edən əsas məsələlərdən biri elə budur. Burada hər bir təşkilatın təklif elədiyi variantlar ola bilər. Hesab edirəm ki, bu barədə geniş diskussiya açılandan sonra ümumi razılığa gəlmək olar. Hər halda, Milli Şura hamını birləşdirməsə də, müxalifətin müəyyən bir qismini birləşdirib. Düşünürəm ki, Milli Şura ən azı indiki vəziyyətini qoruyub saxlama-ğı bacarmalıdır. Düzdür, zaman göstərdi ki, təkcə birləşmək ölkədə vəziyyəti dəyişmək üçün yetərli olmur. Görünür, bütövlükdə cəmiyyətin prosesə qoşulması üçün indi edilənlər kifayət deyil. Ona görə də yeni variantlar axtarmaq lazımdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?